Ərəb şahzadənin toxunulmazlığı məhkəməni bu qərarı çıxarmağa məcbur etdi... - AMERİKADA "QAŞIQCI İŞİ" HAQDA QƏRAR

07/12/2022 - 09:02

Kolumbiya Dairə Apellyasiya Məhkəməsi jurnalist Camal Qaşıqçının qətlinə görə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səuda qarşı iddianı rədd edib.

Bu barədə “Bloomberg” məlumat yayıb.

Nəşr bildirib ki, hakim Con Beyts baş nazir postunu tutduğu üçün vəliəhd şahzadənin mülki iddiada qanuni toxunulmazlığına görə şikayəti rədd etmək məcburiyyətində qalıb. Beytsin sözlərinə görə, qərar bin Salmanın Qaşıqçı sui-qəsdində əli olduğuna dair etibarlı iddialara baxmayaraq, verilib.

Qeyd edək ki, ölkənin Ədliyyə Nazirliyi və Dövlət Departamenti daha öncə ABŞ məhkəməsinə məlumat vermişdi ki, Məhəmməd bin Salman Əl Səud Kaşıkçının nişanlısı Xədicə Çingiz və jurnalistin ölümündən öncə təsisçisi olduğu “Ərəb Dünyası üçün Demokratiya” təşkilatının ona qarşı qaldırdığı mülki iddia çərçivəsində vəzifəsindən dolayı toxunulmazlığa malikdir.

KİV: "ABŞ məhkəməsi Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsinə qarşı iddianı rədd edib" | Report.az

Xatırladaq ki, Ər-Riyadın siyasəti ilə bağlı tənqidi məqalələri ilə tanınan Camal Qaşıqçı 2017-ci ildən ABŞ-da yaşayır və burada “The Washington Post” qəzeti ilə əməkdaşlıq edirdi. O, 2018-ci il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna getdikdən sonra yoxa çıxıb. Həmin il oktyabrın 20-də Səudiyyə Ərəbistanının hakimiyyət orqanları jurnalistin münaqişə sonucunda diplomatik nümayəndəliyin binasında öldürüldüyü barədə məlumat yayıb.

2021-ci ilin fevralında ABŞ-ın Milli kəşfiyyat direktorunun aparatı Qaşıqçının qətli ilə bağlı hesabat dərc edib. Amerika tərəfinin bildirdiyinə görə, Səudiyyə vəliəhdi jurnalisti təhdid kimi gördüyü üçün əməliyyatı şəxsən icazə verib. ABŞ administrasiyası xaricdəki müxalifləri təhdid etdiyi və Qaşıqçı qətli işində iştirak etdiyi güman edilən krallığın 76 təbəəsinə qarşı viza sanksiyaları elan edib. Ər-Riyadda Vaşinqtonun gəldiyi nəticələr qəti şəkildə rədd edilib.

Qeyd edək ki, Qaşıqçılar türkkökənli məşhur Səudiyyə nəslidir./report