Rusiya vətəndaşının Estoniyada saxlanılması Moskvanı qəzəbləndirib – “CAVAB TƏDBİRLƏRİ GÖRƏCƏYİK”

15/12/2022 - 01:09

Rusiya xarici işlər nazirinin müavini Yevgeni İvanov ABŞ-ın tələbi ilə Rusiya vətəndaşı Vadim Konoşenkonun Estoniyada saxlanmasını qəbuledilməz adlandırıb.

Qafqaz.media xəbər verir ki, İvanov Rusiyanın cavab tədbirləri görəcəyinə söz verib.

Xatırladaq ki, bir gün əvvəl ABŞ Ədliyyə Nazirliyi ABŞ sanksiyalarından yayınaraq hərbi və ikili təyinatlı məhsullar almaqda ittiham olunan dörd Rusiya vətəndaşına qarşı ittiham aktını dərc edib.

Sənəddə deyilirdi ki, Konoşenko noyabrın sonunda Estoniyada 20 yeşik Amerika snayper tüfəngi patronunu qaçaqmalçılıq yolu ilə Rusiyaya keçirməyə cəhd edərkən saxlanılıb. Ədliyyə Nazirliyi qeyd edib ki, Konoşenok sanksiyalardan yayınaraq sistemli şəkildə silah qaçaqmalçılığı ilə məşğul olub.

Estoniya məhkəməsi iki ay ərzində onun ABŞ-a ekstradisiyası ilə bağlı qərar verəcək.

“Biz buna dözməyəcəyik. Bu, birinci dəfə deyil. Bu, vətəndaşlarımızın xaricdə saxlanması ilə bağlı qəbuledilməz təcrübədir və biz buna cavab verəcəyik”, - Rusiya XİN rəhbərinin müavini bildirib.

Qafqaz.media