Rusiyanın İrandan aldığı daha 13 PUA məhv edildi - SON SUTKADA / RƏSMİ

29/12/2022 - 09:38

“Rusiya Silahlı Qüvvələri son sutka ərzində İran istehsalı olan 13 “Şahed-136” pilotsuz uçuş aparatları (PUA) vasitəsilə Xarkov şəhərinin enerji infrastrukturuna zərbə endirib. Həmin PUA-lardan 11-i məhv edilib”.

Bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Donetsk vilayəti və Xarkov şəhərinin mülki infrastrukturuna 30 aviazərbə və 7 raket zərbəsi endirilib: “Düşmən Baxmut və Avdiivka istiqamətlərində hücum əməliyyatlarını davam etdirir. Baxmut istiqamətində düşmən tank, minaatan, lüləli və raket artilleriyasından 25-dən çox yaşayış məntəqəsini atəşə tutub. Zaporojye və Xerson rayonlarında 25-dən çox yaşayış məntəqəsi atəşə tutulub. Dinc sakinlər arasında itkilər var”.

Məlumata görə, son sutkada Rusiya ordusunun təxminən 230 hərbçisi yaralanıb: “Ölənlərin sayı isə dəqiqləşdirilir. Ötən sutka ərzində aviasiyamız düşmənin cəmləşdiyi ərazilərə 17, zenit-raket komplekslərinin mövqelərinə isə 4 zərbə endirib. Ukrayna Müdafiə Qüvvələrinin raket qoşunları və artilleriya bölmələri 5 idarəetmə məntəqəsini, canlı qüvvənin cəmləşdiyi 3 ərazini və işğalçıların silah-sursat anbarını vurub”.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında savaş bu il fevralın 24-də başlayıb.