Sevdiyim mahnıların müəllifi

14/02/2024 - 12:02

         Az-çox yaşadığım ömür payından mən musiqiyə biganə qalan adam görməmişəm. Axı, musiqi ruhun qidasıdır. Ürəklərə təsir edən, ruhumuzu oxşayan musiqiyə zaman-zaman ciddi ehtiyac duyulub, bu gün də belədir, sabah da belə olacaq. 

         Uşaqlıq illərindən sevdiyim bir mahnı var.  " Gəl gedək yarımgilə". Sevimli Xalq artistimiz Brilliant Dadaşovanın ifasında səslənən bu mahnının həmişə sorağında olmuşam. Televiziya ekranlarında, radio dalğalarında Brilliant xanımın ifasında səslənən bu həzin, lirik mahnını çox dinləmişəm, elə bu gün də həvəslə dinləyirəm. Nə yaxşı ki, sosial şəbəkələr var. 

            Mən bu mahnının bəstəsini hörmətli " Əməkdar İncəsənət Xadimi" Cavanşir Quliyev olduğunu sonralar, daha doğrusu tələbəlik illərində öyrənmişdim. Və elə o vaxtdan Cavanşir Quliyev mənim üçün çox doğmalaşdı. 

             Bu gün Cavanşir Quliyev ömrünün 74- cü baharını yaşasa da, yenə də sevilən-seçilən bəstəkarlar sırasındadır. 

              1950- ci ildə qədim Şəki torpağından başlanan ömür yolu bu illər ərzində hədər getməyib. Cavanşir müəllim ürəyinin hökmü ilə musiqi təhsili alıb. Milli Konservatoriyamızda Cövdət Hacıyevin sinfində oxuyub, musiqi sənətinin sirlərinə yiyələnib. Şübhəsiz ki, gənc bəstəkar Cavanşir Quliyevin gələcək böyük uğurlarının təməli məhz, bu illərdə qoyulub.

             Bəstəkar Cavanşir Quliyevin ötən əsrin 80-ci illərində nota aldığı " saz və violin üçün Sonata"sı Azərbaycanın musiqi tarixində qədim milli alətimiz saz üçün yazılmış ilk sonatadır. Və həmişə sevə-sevə dinlənilir. 

             Cavanşir müəllimin bir musiqiçi kimi sənət dünyası çox geniş və rəngarəngdir. O təkcə mahnı janrında deyil. Digər musiqi janrlarında da uğurlu sənət əsərləri yaradıb. İki hərbi marşın, 4 simfoniyanın, neçə-neçə operattaların, oratoriyaların müəllifidir Cavanşir müəllim. 

             "Hərənin öz ulduzu", " Sevgililərin cəhənnəmdə vüsalı", " Özümüzü kəsən qılınc", " Dar ağacı", " İydə ağacı" kimi teatr tamaşalarının tərtibatını da Cavanşir Quliyev vermişdir. Bu səhnə əsərlərinin hər birində Cavanşir müəllimin bir bəstəkar kimi öz dəsti-xətti duyulur.

            Cavanşir müəllimin həm də çox zəngin pedaqoji diqqətçəkəndir. Taleyin hökmü ilə ömrünün son 20 ilinə yaxın müddətin Şimali Kipr Türk Respublikasında yaşayıb və çalışıb. Həmin ölkənin məşhur Yaxın Şərq Universitetinin professoru adına layiq görülüb.

            Bəstəkar Cavanşir Quliyev 1997- ci ildə Avropa - Türk İslam birliyinin qızıl medalına layiq görülmüş ilk sənətkarımızdır. 

               Cavanşir müəllimin musiqi sənəti sahəsində uğurlu təlltifləri yetərincədir. 1982-ci ildə Respublika Lenin Komsomulu mükafatı laureatı, 1992- ci ildə " Azərbaycanın Əməkdar İncəsənət Xadimi" , 2001- ci ildə " Qızıl dərviş" mükafatın, 2015-ci ildə " Sülhün səfiri" filminin musiqisinə görə " Ən yaxşı orijinal musiqi"  nominasiyasında " Qızıl pəri" mükafatı...

             Hazırda Cavanşir müəllim Vətənə qayıtmışdır. Onu sevən, bəstələrini dinləməkdən yorulmayan pərəstişkarları arasındadır.

             Son vaxtlar sosial şəbəkələrdə sevimli bəstəkarımızın səhhətində problem olması barədə məlumatlar yer alır. Bu mənim kimi Cavanşir sənətini sevənlərini çox təsirləndirir. İnanırıq ki, sənətinin kamillik zirvəsini yaşayan sevimli bəstəkarımız hələ bizi çox yeni-yeni əsərləri ilə sevindirəcəkdir.

 

Fuad BİLƏSUVARLI, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident mükafatçısı

Qafqaz.Media

https://youtube.com/@cavanshir?si=OsnexpjEScdagrB9

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Adsız oğlan
09/09/2024 - 07:33
Nanənin yerinə o gələcək
26/08/2024 - 10:49