Səhiyyənin təşkilinin əsas aspektləri vətəndaş məmnunluğu...-Mehman Qədirov yazır
![](/sites/default/files/styles/slide/public/2025-02/0.jpg?itok=Bakqo57X)
Ölkəmizin yüksək iqtisadi-sosial inkişafı səhiyyə sektoruna da öz müsbət təsirini göstərir. Hər il respublikanın paytaxt və regionlarında yeni səhiyyə ocaqlarının açılması və ən müasir tibbi avadanlıqlarla təhciz olunması bunu aydın göstərir. Ölkəmizin Ümumdünya Səhiyyə Təşkilatı ilə əlaqələrinin daha da sıx aparılması beynəlxalq əlaqələrimizi getdikcə artırır.
COVID-19 pandemiyası Azərbaycanın səhiyyə sistemi üçün də əsl sınaq oldu. Biz bu işdə inkişaf etmiş Avropa ölkələrinə nümunə göstərdik. Bir sıra Avropa ölkələrində 60 yaşdan yuxarı COVID-ə tutulan vətəndaşlara xidmət göstərilməməsinin şahidi olduq. Ancaq Azərbaycanda hər bir vətəndaşın dövlətin tibbi xidmətindən pulsuz istifadə etmək imkanı vardı. Prezident İlham Əliyevin göstərişi ilə bütün tibb personalı bu işə cəlb edildi. Xəstəxanalarda pandemiya ilə mübarizə aparan həkim və digər tibbi personala əlavə əməkhaqqı ödənildi. Burada həkimlərimiz maddi maraq göstərmədən gecə-gündüz fədakarlıqla çalışdı. Həmin dövrdə mən də başqa həkimlər kimi böyük risk altında olmağıma baxmayaraq, insanlarımıza xidmət göstərdim və bunu özümə peşə və vətəndaş borcu bildim.
Beynəlxalq müstəvidə ön sıralarda mövqe tutan səhiyyə sistemimizin xidməti keyfiyyətinin yüksəlməsi, kadr potensialının artırılması, Ümumdünya Səhiyyə Təşkilatı ilə bilgi mübadilələrindavamlı olaraq aparılması dövlətimizin diqqət və qaygısının bariz nümunəsidir.
Səhiyyə xidmətinin inkişaf tempinin hər il yüksəlməsi nəinki paytaxtda, o cümlədən ölkəmizin bütün şəhər və rayonlarında öz bəhrəsini verir. Eyni zamanda, dövlət səhiyyə sektoru ilə yanaşı özəl səhiyyə sektorunun da xidmətinin beynəlxalq standartlara cavab verən şəkildə təmin olunması ölkəmizin səhiyyə sektorunun böyük nailiyyətlər qazanmasının bir göstəricisidir. Bu gün səhiyyəmizin inkişaf etmiş dövlətlər arasında irəliləməsi qürurverici bir hadisədir.
Müstəqilliyimizi yenidən qazandığımız dönəmlərdə səhiyyə sistemində ciddi problemlər yaranmışdı. Belə ki, mövcud tibbi avadanlıqlar köhnəlmişdi, yeniləri isə alınmamışdı. Bu üzdən həkimlər və xəstələr çətin vəziyyətə düşmüşdülər. Dərman və tibbi ləvazimatlar da çatışmırdı. Həmin çətin dövrdə Ulu Öndər Heydər Əliyev səhiyyənin maddi-texniki bazasının yüksəldilməsi və səhiyyə işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün bir sıra islahatlar keçirdi. Bunun sayəsində xəstələrə daha yüksək tibbi xidmət göstərmək mümkün oldu.
Prezident İlham Əliyev dövlət başçısı seçildikdən sonra ölkəmizin səhiyyə sistemində yeni dövr başlandı. Dövlətin maddi imkanlarından istifadə edilərək ölkənin iri şəhərləri ilə yanaşı, regionlarda da diaqnostika mərkəzləri və müasir dünya standartlarına uyğun xəstəxanalar tikilməyə başlandı. Bunun sayəsində bölgələrdən müalicə almaq üçün paytaxta gedənlərin sayı əhəmiyyətli dərəcədə azaldı. İndi xəstələrin çoxu özlərininyaşadıqları rayonda yüksək şəkildə tibbi xidmətdən yararlana bilirlər. Əvvəllər xarici ölkələrdə yüksək tibbi xidmətdən istifadə etmək istəyən vətəndaşlarımız ölkəmizdə belə bir xidmətdən rahatlıqla istifadə edə bilirlər ki, bu da səhiyyəmizin yüksək imkanlarının bir göstəricisidir. Prezident İlham Əliyev səhiyyə sahəsində görülən işlər barədə demişdir: “Atılan bu addım Azərbaycanda səhiyyə sahəsində görülən işlərin bir nümunəsidir. Belə işlər çoxdur və bildiyiniz kimi, son illərdə həm Bakıda, həm də ölkəmizin müxtəlif yerlərində yeni, müasir tibb mərkəzləri yaradılıbdır. Hər bir bölgədə həm müalicə-diaqnostika mərkəzləri, rayon, şəhər xəstəxanaları tikilir və təmir olunur. Yəni, biz bu sahəyə çox böyük diqqət göstəririk. Çünki insanların sağlamlığı bizim üçün əsas məsələdir. Azərbaycanda keyfiyyətli, səviyyəli tibbi xidmətin göstərilməsi üçün bütün imkanlar vardır və dövlət öz tərəfindən bu sahəyə böyük investisiyalar qoymaqla bu vacib missiyanı yerinə yetirir. Əlbəttə, öz növbəsində, həkimlər də elə etməlidirlər ki, xəstələrə lazımi səviyyədə xidmət göstərilsin. Azərbaycanda ən qabaqcıl təcrübə tətbiq olunmalıdır. Həkimlər öz biliklərini, peşəkarlığını daim artırmalıdırlar ki, dünyanın aparıcı ölkələrində mövcud olan bütün texnoloji proseslər Azərbaycanda da tətbiq edilsin. Yəni, təkcə gözəl klinikaların tikilməsi ilə işimiz bitmir. Əsas odur ki, bu gözəl şəraitdən səmərəli istifadə olunsun və xəstələrə lazımi səviyyədə tibbi xidmət göstərilsin”.
Regionlarda vətəndaş məmnunluğunun daha da artırılması üçünbir sıra işlərin görülməsi lazımdır. Bunun üçün ilk növbədə orada ixtisaslı və peşəkar iş təcrübəsi olan həkim kadr potensialının işə cəlb edilməsinin əsaslarının hazırlanması vacibdir. Bununla yanaşı, alqoritmik proseslərin səhiyyədə tətbiqinin sürətləndirilməsi və tibbi protokollarla uzlaşdırılması günün tələbi olması nəzərə alınmalıdır. Regionlarda yerləşən tibb məntəqələrinin fəaliyyətlərinin keyfiyyətinin artırılması vətəndaşların sağlamlıq uçotunun alqoritmik qaydalarla aparılması diqqət mərkəzində saxlanılmalıdır. Tibb məntəqələrində sakinlərin qaydaya uyğun uçotunun aparılmasında ilkin olaraq xəstəlik agırlaşmalarının qarşısının alınması məqsədilə risk qrupuna aid xəstələrin davamlı müayinə və müalicəsi üçün müşahidə cədvəlləri tərtib edilməlidir. Vətəndaş müraciətlərinin mobil rabitə vasitəsi ilə onlayn qaydada təşkil edilməsi ilə səhiyyə xidmətinin təşkilinin keyfiyyətinin artırılmasıgünün tələbinə çevrilmişdir. Regionlarda mərkəzi xəstəxanalarda intensiv terapiya şöbələrinin fəaliyyətinin təşkil olunması, region xəstəxanalarına Bakıdan müxtəlif sahələr üzrə ixtisaslı həkim briqadalarının dəvət olunması qaydalarının hazırlanması təmin edilməlidir. Xəstələrin müalicəsinin sürətləndirilməsi üçün regionlarda fizioterapiya xidmətinin genişləndirilməsi, həmçininambulator və stasionar otaqlar olmaqla avadanlıqların artırılması ilə keyfiyyətin yüksəldilməsi vacibdir. Eləcə də kurort sanatoriya işinin fəaliyyət mexanizmlərini yüksəltmək qaydalarının tətbiqi də gün zəruridir.
Mehman QƏDİROV,
İsmayıllı RMX-nın PHŞ-in terapiya şöbəsinin
həkim-terapevti, ehtiyatda olan ədliyyə tibb xidməti mayoru
Qafqaz.media