Şoyqunun keçmiş xanımı ilə evləndi, milyonçu oldu, amma… - RUSİYA PASPORTU AŞKARLANAN KAMİNSKAS LİTVA VƏTƏNDAŞLIĞINDAN MƏHRUM EDİLDİ

14/12/2022 - 10:02

Sirr deyil ki, Baltikyanı ölkələrin Rusiyaya xüsusi münasibəti var. Qərbin ümumi sanksiyaları fonunda belə, Litva, Latviya və Estoniya hökumətləri mümkün olan ən sərt mövqe nümayiş etdirirlər.

Beləliklə, Litva hələ 2022-ci ilin mayında Rusiya Federasiyasını terrorizmin sponsoru kimi tanıyan ilk ölkə oldu. Avqustda Latviya parlamenti də eyni qərarı qəbul etdi. Estoniya isə bu qərara oktyabrda qoşuldu. Onlardan sonra Avropa Parlamentinin müvafiq məzmunlu qətnaməsi nisbətən rahatlıqla qəbul edildi.

Baltikyanı ölkələrin Rusiya ilə barışmazlıq siyasəti indi də davam edir. Məsələn, Latviya rəsmilərinin Rusiyanın “qaçqın olan” “Dojd” telekanalına qarşı sərt mövqe tutması çoxlarını təəccübləndirdi. Üstəlik, Latviyanın kanalı yayım lisenziyasından məhrum etmək qərarını Estoniya və Litva da dəstəklədi.

Bununla yanaşı, Estoniya dekabrın 13-də elan etdi ki, 2023-cü il yanvarın 1-dən etibarən dövlət dəmir yolu şirkəti “Operail”-ə Rusiya və Belarus mallarının daşınması qadağan edilib.

Bu günlərdə Litvada verilən qərar isə xüsusilə diqqəti cəlb etdi. Söhbət iş adamı Adolfas Kaminskasın Litva vətəndaşlığından məhrum edilməsindən gedir. Bu diqqətəlayiq şəxslə bağlı ən maraqlı cəhət odur ki, o, Rusiya Federasiyasının hazırkı müdafiə naziri Sergey Şoyqudan iki övladı olan qadınla evlidir. Hansı ki, Rusiyanın “The Insider” və Litvanın “Siena” media resursları bu evliliklə bağlı maraqlı araşdırma ortaya çıxarıblar.

Məlumata əsasən, Yelena Şebunova Fövqəladə Hallar Nazirliyinə (FHN) məxsus təyyarələrin birində stüardessa işləyirmiş. O, məhz bu zaman Şoyqu ilə münasibət qurub, 2001-ci ildə onların Danila adlı oğlu, 2008-ci ildə isə Daria adlı qızı dünyaya gəlib. Ata hər iki övladına öz soyadını verib. Lakin cütlüyün münasibəti 2017-ci ilə qədər davam edib və bu müddət ərzində təvazökar stüardessa dəbdəbəli daşınmaz əmlaka, eləcə də Fövqəladə Hallar Nazirliyi və Müdafiə Nazirliyi ilə bağlanılan dövlət müqavilələri hesabına milyonlarla dolların sahibi olan biznes adamına çevrilib.

Adolfas Kaminskas və Yelena Şebunova

Adolfas Kaminskas Şoyqunun keçmiş xanımı ilə görüşməzdən əvvəl kiçik biznesmen olub. Belə ki, o, Vilnüsdə mopedlər və onlar üçün ehtiyat hissələri satan kiçik bir mağazanın sahibi olub. Ancaq bir neçə ildən sonra Yelena Şebunovaya olan sevgisi onun üçün bir möcüzə yaradıb: Kaminskas Rusiya və Litvada çoxsaylı firmaları olan zəngin bir insana çevrilib. Düzdür, Ukraynada böyük bir müharibənin başlaması ilə o, Litvada öz mallarını satmağa tələsib, görünür, qarşıda onu çətinliklər gözlədiyini hiss edib…

Adolfas Kaminskasın həyatının hansı mərhələsində Rusiya pasportu aldığı, arvadının əmlakına nə vaxt sahib çıxdığı bəlli deyil. Bununla belə, reyestrlərdən birində onun Rusiya vətəndaşı olduğunu aşkar edən Litva hakimiyyəti Kaminskası Litva Respublikasının vətəndaşlığından məhrum etmək üçün rəsmi səbəb tapıb.

Bəllidir ki, indiki Rusiya hakimiyyəti ilə bu və ya digər şəkildə əlaqəsi olan insanlar bütün dünyada təqiblərə məruz qalırlar. Evliliyi hesabına milyonlar qazanan Litvalı Adolfas Kaminskasın yaşadıqları da bunu bariz nümunəsidir…

Hazırladı: Qafqaz.media