Uşaq kimi xasiyyəti vardı şairin... - Reyhan Mirzəzadə yazır

18/04/2024 - 11:50

 

      Yaş baxımından yox, saflıq, paklıq baxımından. Dünyası təmiz idi uşaq şairinin. Uşaqlardan yaza-yaza ahıl, müdrik yaşına çatsa da, onu yenə uşaq kimi görürdüm. Qəribədir, bu insanın yaşı böyüyürdü, içi uşaq kimi məsum qalırdı. Sanki qələmi onu uşaq dünyasından ayırmağa qoymurdu. Bu qələm haqq yolunda-doğru , dürüst yolda idi. Çünki uşaq böyüyəndən sonra taleyin hansı oyunlarına düşəcəyi bəlli deyildi; dahi də ola bilərdi, qəhrəman da, cərrah da, memar da, qatil də, pilot da, dələduz da... Lakin insan məhz uşaqlıq aləmində, ülvi, munis vaxtlarında daha çox İNSAN ola bilir, bütün uşaqlar hamılıqla "böyük insan" olur uşaqlığında.Odur ki, taleyi Simax şairi uşaqların dünyasından ayırmırdı.
      Şair olduqca qədirbilən idi.Lakin uzun illər yaşadığı Almaniyanın rahatlığı ona yad idi. Rahat Almaniyada şair daim narahat idi. Odur ki, yad ölkənin "qədrini bilmək" barədə düşünmürdü və düşünmək belə istəmirdi. Çünki... Çünki içində, qəlbində, ruhunda, təfəkküründə daim Azərbaycan adlı bir həsrət alovlanırdı.Bakıya gələn andaca birinci dostlarını arayar, kim xəstə idisə, baş çəkməyə, haqq dünyasına qovuşanların isə məzarını ziyarətə tələsərdi. 
      Fərhad müəllim adlı ümumi ailəvi dostumuz vardı.Simax Şeyda onu çox sevirdi.Fərhad müəllim canından artıq sevdiyi həyat yoldaşı Ellada xanımın vəfatından sonra xəstəlik tapmış, daha sonra yatağa düşmüşdü. Arıqlayıb, çöpə dönmüşdü. Simax Şeyda hələ Bakıda hava limanında ikən Fərhadı soruşdu, onu dostunun yanına yetirməyini xahiş etdi. Ailə üzvləri ilə danışdım, ertəsi gün gözəl şair Musa Ələkbər (Allah ona cansağlığı versin!) və qərib şairimizlə bərabər həyatdan əlini üzməkdə olan Fərhad müəllimin ziyarətinə getdik.
Ağlaşma səhnəsi... Dostlar lal sükut içində bir - birinə baxıb kəlmə kəsmədən göz yaşlarına qərq olmuşdular. Yalnız hıçqırıqların səsi eşidilirdi... Daha sonra nələr olduğundan bəhs etmək istəmirəm.
Fərhadın ölüm xəbəri Almaniyada həkimlərin nəzarətində olan xəstə şairdən bir müddət gizli saxlanıldı. Çünki bu, dost üçün ağır zərbə olardı. Qısa zaman ötdü. Yenə Münhendən Bakıya uçan təyyarə sanki bircə sərnişini - dost məzarını ziyarətə, onun ruhunu salamlayıb sevindirməyə tələsən qoca şairi gətirirdi, özü də... Əlil arabasında gətirirdi...
Simax Şeyda Fərhadı ziyarət etdikdə xeyli kövrəlmişdi, sanki həyatdan küsmüşdu.Elə hey dalğın görünürdü. Amma içində bir rahatlıq da vardı.
Simax Şeydanın xidmətləri böyük idi, həm yaradıcılıq baxımından dövlətimiz qarşısında, həm də insanpərvərlik baxımından Tanrının qarşısında. Şair indi uzaq alman torpağında uyusa da, onun ruhu burada, Azərbaycanda, Bakıda, Oğuzda, Gəncədədir, onu qəlbən sevən səmimi dostlarının yanındadır. 
Rahat yat, gözəl insan, dəyərli şair, bütün dost - tanışların olduqca çətin bir vəziyyətə düşüb məzarını heç olmasa bircə dəfə ziyarət etmək arzusuna həsrət qalsa da, ürəklər hər zaman yanındadır. Dualar hər zaman səninlədir və səninlə də olacaqdır.
Bilirik, narahatsan, ta ki, Bakıdan, Oğuzdan, Gəncədən bir ovuc torpaq gətirilib məzarına qovusdurulanacan. Sədaqətli övladların və əzizlərin bunu mütləq edəcəklər. Məkanın cənnət, ruhun həmişə şad olsun, şair!

Müəllif: Reyhan Mirzəzadə, politoloq -publisist

 

Qafqaz.Media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Rasim Abdullayev vəfat etdi
26/11/2024 - 11:37
Cücə şorbası - Hekayə
19/11/2024 - 22:18