Yaşamağı bacarmayan şair... - Fuad Biləsuvarlı yazır

20/08/2024 - 10:06

Gəlimli-gedimli dünyadan kimlər gəlib keçmədi ki. Neçə-neçə şairlər,  yazıçılar, bəstəkarlar, elm xadimləri və sairə, və ilaxıra.
  
   

Elə böyük şəxsiyyətlərdən də biri, söz incilərindən də biri XX əsrdə  yaşayıb-yaratmış Adil Qafar oğlu Babayev olmuşdur. Şeirləri ilə həmişə oxucularını həmişə düşünməyə vadar edən şair idi. Yazdıqları şeirlərini oxuduqda kövrəlməmək mümkün deyildi. 
Çünki onun yazdığı şeirlərində bir ata nisgili, bir atanın üzünü görməməkdən doğulan kədərin cizgiləri var idi. Atası amansız represiyya qurbanlarından idi. Düz 31 il "xalq düşmən"in oğlu kimi yaşadı. Bu ağır yükü çiyinlərində, ürəyində ən ağır yük kimi daşıdı. Yaşadıqlarını dilə gətirə bilməsə də susdu. Özü  sussa da amma qələmi, qəlbi sözlə döyünən ürəyi susmadı. Rəssam fırçası ilə şəkilləri çəkdiyi kimi Adil müəllim də şair qələmi ilə sözün şəkilini çəkirdi. Minbir çətinliklər görən şair həm də xoşbəxt şair idi. Adil müəllimə ona görə xoşbəxt şair demək olardı ki, hələ 20 yaşında şairə ilk xeyir-duanı böyük şairimiz Səməd Vurğun vermişdir. Şairin " Çinar" adlı şeirindən Səməd Vurğun çox təsirlənmişdir.

 

Şair!  Nə incədir rübabın sənin!
Uçurdu qəlbimi çaldığın o saz!
Vətən torpağında bitən gülşənin
Yarpağı saralıb, çiçəyi solmaz

Şeir bir neçə bənddən ibarətdir. Mən cəmi bir bəndin yazdım. Şairin təbiriycə desək, həqiqətən də şairin yazdıqlarında incəlik var idi. Səməd Vurğun gənc qələm dostunun qəlbini rübaba bənzədirdi. Onun gələcəyini parlaq görürdü. Səməd Vurğunun  Adil Babayev haqda şeir yazmağı ədəbi mühitdə onun yollarını açdı. Bir növ bu şeir şairin yaradıcılıq üçün vizit kartına çevrildi. 20 yaşında o vaxt Azərbaycan Yazıçılar İttifaqqı olan Azərbaycan Yazıçılar İttifaqına üzv oldu. 

Şair Azərbaycan ədəbiyyatında sonetlərlə yadda qalsa da amma o təkcə sonetlər yazmayıb. Onun dramları, pyesləri, hekayələri, gözəl lirik şeirləri ədəbiyyatımızı daha zənginləşdirib. O dövrün acıların, ağrıların şairin şeirindən görə bilirik.
Ömrünü-gününü, həyatını heç də toy-bayram kimi yaşamadı. Sevinci biranlıq oldu, kədəri ömrü boyu onu izlədi. Odlara, alovlara girə-girə daha möhkəmləndi, daha bərkidi. Çətin vaxtlarında da, sevincli vaxtlarında da Yaşadıqlarını sözə çevirdi, qələmə sarıldı. Ədəbi mühitdən dostları çox olsa da amma ən sadiq dostu,  sirdaşı qələmi oldu. Heç kimə deyə bilmədiyini, danışa bilmədiyini qəlbinin, könülünün pıçıltısıyla qələmə dedi. Sözləri muncuq kimi kağıza düzdü. Al sabahları görmək üçün zülmətləri yardı. Sözüylə çox işıqlı sabahlar gördü. Yazdı, yaratdı. Bənzərsiz əsərləriylə vətəndə böyük söz gülşəni yaratdı. 

Necə ki, şair şeirlərinin  birində deyir: 

Ömründə heç bir kəsin
Kölgəsində yatmadım,
Vicdanımı, mənliyimi
Məsləyimi, satmadım.
 

Bu bəndlik şeirində şairin necə də qürurlu, vüqarlı olduğunu açıq- aydın görə bilirik. 

Adil Babayev  şeirlərində təkcə özünü yazmırdı. O gördüklərini, müşahidə etdiklərini qələmə alırdı. Yəni onun özünəməxsus əsərlərində hamı, mən, sən, o, başqası öz yaşadıqlarını görə bilir.
Şair başqa şeirində  bu cür deyir: 

Şərəfdən tökülmüş bir  heykəlimsən,
Yoxsa təbəssümdən yaranmış çiçək?
Ay gözəl, dünyaya nə vaxt gəlmisən,
Söylə ki, o günə deyim mübarək! 

Adil müəllim bu şeiri başqasına yazsa da ancaq bu şeirdə özünü özündən sonra yaşayan sözlərini, qiymətli söz xəzinəsini yazmış olub. 
Düzlüylə hələ sağlığında çox sevdiyi Azərbaycan xalqının ürəyində heykəlini ucaldan, səmada bərq vuran günəş təbəssümü ilə Adil Babayevin varlığı bizim mübarək günümüz, yoxluğu isə həddən ziyadə kədərimizdir. 

Oğlu, dəyərli ziyalımız, Əməkdar jurnalist Etibar Babayev atası haqda xatirələrində bu cür yazır: 

"Adil Babayevin hələ 1970-ci ildə yazdığı “Yaşamağı bacarmıram” adlı şeiri isə ləyaqətlə yaşamağı bacaranların rüşvət, riya, mənəvi eybəcərlik dünyasına kəskin ittihamı kimi səslənirdi:" 

...Qəh-qəh çəkib gülsün mənə,
Neçə yaltaq, neçə harın.
Yaşamağı bacarmıram
qoltuğunda
sözü meyxoş, ürəyi boş,
Ərin haram pullarından,
fikri sərxoş xanımların.
Bəzən benzin, bəzən beton,
bəzən pambıq hesabına
villaları,maşınları qoşalayan,
Ürəklərə, şüurlara
zəhər tökən, şübhə yayan zəlilərin,
Qəlbi, fikri zəlillərin
düşməniyəm! Tüpürürəm o həyata.
Çörəyinə neçə haram,
dediyinə neçə yalan qata-qata,
yaşayanlar bəyənməsin məni, nə qəm?
Mən şairəm!
Ürəyimi günlərimə yedirirəm 

Şairə həsr etdiym yazımın da adını "Yaşamağı bacarmıram" adlı şeirə istinadən Yaşamağı bacarmayan şair qoymuşam. 

Könlüm Aya, Günə.sirdaş,
Ağarır saç, çoxalır yaş,
Bircə  kəlməm, bir sözüm
Ürəklərdə qalaydı kaş -
Mən dünyada olmayanda...

47 il aramızda olmasanız da, narahat olmayın şair!!! Siz həmişə bizim qəlbimizdə, ürəyimizdə möhtəşəm əsərlərinizlə, lirik şeirlərinizə bəstələnmiş nəğmələrlə yaşayacaqsınız. Övladlarınız Etibar Babayev, Məlahət Adilqızı çox sağ olsunlar ki, sizin ədəbi irsinizi göz bəbəyi kimi qoruyub saxlayırlar. Ruhunuz şad olsun!!!

 

 

Müəllif: Fuad BİLƏSUVARLI, AYB üzvü, AJB üzvü, Prezident mükafatçısı.

Qafqaz.Media

 

 

 

 

 

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Mif prosesdir - Azər TURAN
23/10/2024 - 15:28