“Yeni qanuna uyğunlaşmaq məcburiyyətindəyik...” - Qubad İbadoğlu partiyasını buraxdı

12/01/2023 - 15:09

Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) rəhbər strukturları buraxılıb, habelə sədrin müavinləri, müşavirləri və digər şəxslər vəzifələrindən azad edilib.

Bu barədə ADR sədri Qubad İbadoğlu sosial şəbəkədəki hesabında məlumat paylaşıb.

“Prezidentin 11 yanvar 2023-cü ildə təqdiqlədiyi “Siyasi partiyalar haqqında” Qanunun 4.7.-ci maddəsinə görə, "Siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə yol verilmir”. Odur ki, ADR Partiyası olaraq fəaliyyətimizi Qanunun tələblərinə uyğunlaşdırmaq məcburiyyətindəyik. Bununla əlaqədar olaraq Partiyanın mərkəzi icra strukturlarının buraxılması və təyinatlı rəhbər şəxslərin fəaliyyətlərinə xitam verilməsinə dair sərəncam imzalamışam. Partiyanın seçkili orqanlarının fəaliyyətinə dair yekun qərarı növbəti Ali Məclis verəcək”, - o bildirib.

Q.İbadoğlu əlavə edib ki, Ədliyyə nazirliyi 4 dəfə ADR-i dövlət qeydiyyatına almaqdan imtina edib.

Böyük ehtimalla fəaliyyətimizi bundan sonra ADR Hərəkatı olaraq davam etdirəcəyik” – deyə, İbadoğlu vurğulayıb.