Avropadakı çeçen diasporu Saakaşvili ilə həmrəylik aksiyalarını dəstəkləyib 

04/01/2023 - 21:11

Avropada tanınmamış Çeçenistan İçkeriya Respublikasının tərəfdarları Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixail Saakaşvilinin müdafiəsi üçün keçirilən aksiyalarda iştirak ediblər.

Qafqaz.media “Kavkaz.Realii” saytına istinadən xəbər verir ki, fəallar İsveçrə, Avstriya, Almaniya və Fransada gürcü diasporunun mitinq və piketlərində iştirak ediblər.

Saakaşviliyə dəstək aksiyalarını Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyası elan edib. Eks-prezidentin tərəfdarları liderlərinin müalicə üçün xarici klinikaya köçürülməsini tələb edirlər.

Gürcüstanın Strasburqdakı Konsulluğu qarşısında keçirilən piketlərin iştirakçıları əllərində Gürcüstan, Ukrayna və İçkeriya bayraqları, habelə Saakaşvilinin azad edilməsi tələbi qeyd olunan plakat tutublar. Aksiyaya İçkeriyanın Fransadakı fəxri konsulu, çeçen ictimai xadimi Şamil Albakov da qatılıb.

“Bir ildən artıqdır ki, Gürcüstanda həbsdə olan Mixail Saakaşvilinin ətrafında yaranmış vəziyyətdən hədsiz narahatlığımızı bildiririk. Onun tezliklə və sağ-salamat azadlığa çıxmasını arzulayırıq. Biz bu gün Saakaşvilinin BMT-dəki çıxışını xatırlayırıq, hansı ki, çeçen xalqının öz azadlığı uğrunda mübarizəsini qürurla qeyd edir və qəhrəmanımız Baysanqur Benoyevskini xatırladırdı”, - Albakov mitinqdə deyib.

Qafqaz.media