Azərbaycanın Ukraynaya generatorlar verməsi Rusiyanı qəzəbləndirib – “BAKININ BELƏ BİR ADDIM ATMASI…”

15/12/2022 - 15:45

“Azərbaycanın Ukraynaya humanitar yardım kimi transformator və generatorlar verməsi Moskvanı qəzəbləndirib”.

Qafqaz.media xəbər verir ki, bu barədə Rusiya mətbuatına ölkənin Xarici İşlər Nazirliyindəki mənbə bildirib.

“Bakının belə bir addım atması çaşdırıcıdır. Xüsusi hərbi əməliyyat çərçivəsində Rusiya Federasiyası Silahlı Qüvvələri Ukraynanın Kiyev rejiminin hərbi ehtiyaclar üçün istifadə etdiyi kritik infrastrukturunu məhv edir. Azərbaycanın isə bu vəziyyətdə Ukraynaya tədarük etdiyi məhsullar heç də humanitar yardıma bərabər deyil”, - mənbə bildirib.

Xatırladaq ki, Ukrayna tərəfinin müraciətinə cavab olaraq, Rusiyanın hücumları nəticəsində zərər görən ərazilərdə elektrik enerjisinin dayanıqlı təchizatını bərpa etmək məqsədilə Azərbaycan tərəfi humanitar yardım göndərib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən dekabrın 10-da bildirilib ki, əsasən elektrik avadanlıqlarından ibarət olan yardım Ukrayna xalqına dəstək məqsədi daşıyır. XİN-in məlumatına görə, humanitar yükə 45 transformator və 50 generator daxildir.

Azərbaycan Nazirliyindən bildirilib ki, yükün ümumi dəyəri 1,4 milyon manatdan (800 min dollardan çox) çoxdur.

Qafqaz.media