Baxmut Priqojin üçün niyə bu qədər cəzbedici idi? – ABŞ BUNUN SƏBƏBLƏRİNİ AÇIQLADI

06/01/2023 - 15:03

“Vladimir Putinə yaxın olan biznesmen və “Vaqner” muzdlu ordusunun başçısı Yevgeni Priqojin Rusiya qüvvələrinin uğrunda qızğın döyüş apardığı Baxmut bölgəsindəki duz və gips yataqlarına nəzarəti ələ keçirməkdə maraqlıdır”.

Qafqaz.media “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Ağ Ev sözçüsü bildirib. Onun sözlərinə görə, Vaşinqtonun “Baxmutla bağlılığın maddi motivlərlə əlaqəli olduğunu” düşünməyə əsasları var.

Baxmut bölgəsində sahəsi 179 kv.km olan Avropanın ən böyük duz yatağı (Artemovskoye) var.

ABŞ daha əvvəl rus muzdlularını Ukraynadakı müharibəni maliyyələşdirmək üçün Afrikadakı təbii sərvətlərdən istifadə etməkdə ittiham edib. Rusiya hakimiyyəti bu ittihamları rədd edib.

Vaşinqtonun məlumatına görə, müharibədə iştirak edən təxminən 50.000 muzdlu döyüşçüdən 4.000-dən çoxu ölüb, 10.000-i yaralanıb. Ağ Ev sözçüsü bildirib ki, təkcə ötən il noyabrın sonundan dekabrın əvvəlinə kimi Baxmut uğrunda gedən döyüşlərdə mindən çox muzdlu ölüb.

Bundan başqa, dünən Ukrayna ilə müharibədə iştirak etmək üçün "Vaqner"ə cəlb edilmiş ilk rus məhbus qrupu 6 aylıq müqaviləni başa vurub və şəxsən Priqojinin özü tərəfindən yola salınıb. Bu barədə kadrlar KİV-lərdə yayıldı. Söhbət iki yüz nəfərdən gedir. Priqojin deyib ki, onların hamısı əfv olunub.

Dekabrın sonunda isə ABŞ bildirmişdi ki, “Vaqner” qrupu Ukraynadakı Rusiya qüvvələrini dəstəkləmək üçün Şimali Koreyadan silah alıb ki, bu da muzdluların münaqişədə rolunun genişlənməsini göstərir.

Qafqaz.media