BRAZİLİYADA DÖVLƏT BİNALARINA BASQIN... - Çevriliş cəhdi... / YENİLƏNİB

09/01/2023 - 09:12

Meksika Prezidenti Andres Manuel Lopes Obrador hesab edir ki, Braziliyada çevriliş cəhdinin arxasında oliqarxlar dayanır.

Bu barədə o, tviterdəki hesabında yazıb.

“Braziliyada mühafizəkarlar tərəfindən oliqarxiyanın zirvəsi, onların nümayəndələri və fanatiklər tərəfindən təşviq edilən qınaq obyekti və antidemokratik çevriliş cəhdi”, - Meksika Prezidenti sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, Braziliya Prezidenti Luiz İnasiu Lula da Silva tək deyil, o, ölkənin, Meksikanın, Amerika qitəsinin və bütün dünyanın mütərəqqi qüvvələrinin dəstəyinə malikdir.

Prezident seçkilərində uduzan Braziliyanın eks-prezidenti Jair Bolsonaronun tərəfdarları yanvarın 8-də səsvermənin nəticələrinə etiraz edərək paytaxtdakı Milli Konqres binasını ələ keçirib, Prezident Sarayına, həmçinin Ali Məhkəmənin binasına soxularaq orada talanlar törədiblər, mebelləri sındırıblar, tonqal qalayıblar. İğtişaşlarda iştirak etdiyinə görə azı 400 nəfər saxlanılıb.

Braziliya Prezidenti iğtişaşlarla əlaqədar yanvarın 31-dək paytaxtda fövqəladə vəziyyət elan edib.

***

Braziliya polisi paytaxtda iğtişaşlarda iştirak etdiyinə görə 400-dən çox adamı saxlayıb. Onları 12 ilə qədər həbs gözləyir.

Bu barədə Braziliya Federal Dairəsinin qubernatoru İbaneys Roşa tviterdəki səhifəsində məlumat yayıb.

Hüquq-mühafizə orqanları hesab edir ki, Braziliyada dövlət orqanlarının binalarına basqın planlaşdırılıb.

"Gəldim sizə məlumat verim ki, artıq 400-dən çox insan saxlanılıb və onlar törətdikləri cinayətlərə görə cavab verəcəklər. Biz Federal Dairədə bu gün günortadan sonra terror aktlarında iştirak edən bütün şəxslərin müəyyən olunması üçün işi davam etdiririk. Biz asayişin bərpa olunmasına çalışırıq”, - o sosial şəbəkə hesabında yazıb.

Xatırladaq ki, Braziliya hüquq-mühafizə orqanları parlamenti daha əvvəl binaya soxulmuş etirazçılardan azad ediblər.

***

Bazar günü Braziliyanın paytaxtında iğtişaşlarda iştirak edən 170 nəfər saxlanılıb.

Bu barədə “Globo” telekanalı məlumat yayıb.

Söhbət ölkənin Milli Konqresinin (parlament -red) binasına soxulan və orada talan törədən vandallardan gedir. Parlament binasından olan kadrlarda çoxsaylı dağıntılar, sınmış və mebellər, hətta tonqallar da görünür.

Bundan əlavə, telekanal Prezident Sarayının binasından əlləri qandallı çıxarılan nümayiş iştirakçılarını da nümayiş etdirib. Federal Ali Məhkəmənin binasında iğtişaşçılar hakimlərin paltarlarını oğurlayıblar. Saxlanılan şəxslər avtobusla polis bölmələrinə aparılır.

Braziliyanın keçmiş prezidenti Jair Bolsonaronun tərəfdarları yanvarın 8-də polislə toqquşub və paytaxtda hökumət binalarına soxulublar. Bazar günü boş qalan inzibati binaların bir neçə mühafizəçisi oktyabrda keçirilən prezident seçkilərinin nəticələrini tanımayan etirazçıları dəf edə bilməyib.

Bundan əvvəl “CNN Brazil” 30 nəfərin saxlanılması haqqında məlumat verib. Onları 12 ilə qədər həbs cəzası gözləyir. Hüquq-mühafizə orqanlarının əməkdaşları iğtişaşların mərkəzləşdirilmiş formada planlaşdırıldığını qeydə alıblar.

Braziliya Prezidenti Luis İnasio Lula da Silva iğtişaşlar səbəbindən paytaxtda fövqəladə vəziyyət elan edib.

Prezident vurğulayıb ki, fövqəladə vəziyyət yanvarın sonuna kimi qüvvədə olacaq. Braziliya lideri ölkədəki iğtişaşlarda iştirak edən “vandallar”ı da cəzalandıracağına söz verib./report