“Bu gün sənətə gəlsəydim filmlərə çəkilməzdim” – RASİM BALAYEV
“Arzum budur ki, bu yaşlı vaxtımda bir neçə rollar oynaya bilim”
“Zaurların, Xoşqədəmlərin, Elgizlərin, Toliklərin verilişləri səhərdən axşama kimi insanların zövqünü korlayır”
Müsahibimiz Azərbaycan kino sənətinin canlı əfsanəsi, bir çox tarixi şəxsiyyətimizə ölməzlik obrazı qazandıran aktyor, qəhrəman kimi Beyrəyimiz, şair kimi Nəsimimiz olan Xalq artisti, Şərəf, Şöhrət və İstiqlal ordenli Rasim Balayevdir. Onunla müsahibəmizdə cəmiyyətdə hər bir fərdi düşündürən suallara cavab tapmağa çalışmışıq.
- Rasim müəllim, sizinlə görüşümüz seçkidən sonraya, yəni cənab Prezidentin elan etdiyi yeni dönəmin başlanğıcına təsadüf edir. İlk olaraq yeni dönəm haqda fikirlərinizi bilmək istərdik…
- Bizim hamımızın arzusu idi ki, Prezidentimizi yenidən seçək. O, böyük şəxsiyyətdir, bu boyda işlər görür. Mən indi o işləri sadalamaq istəmirəm. Sadəcə, onu deyə bilərəm ki, Qarabağı xalqımıza qaytardı. İndi orda möhtəşəm tikinti, abadlıq işləri görülür.
Düzdür, müəyyən çatışmayan cəhətlər də var. O da, inandırım sizi, bəzi məmurların ucbatındandır. Bizim Prezidentimiz yaxşı insandır, bəzi məmurlar sui-istifadə edir, vətəndaşları incidirlər. Mən əminəm ki, Prezident bu məsələləri də yerinə qoyacaq, insanların daha gözəl, firəvan, xoşbəxt yaşaması üçün əlindən gələni əsirgəməyəcək. Azərbaycanın, Azərbaycan xalqının gələcəyini çox yaxşı görürəm. Onun simasında hər şey yaxşı olacaq.
- İstər mədəniyyət sahəsində, istər də digər - siyasi, iqtisadi və sosial sahələrdə sizin yeni dönəmdən gözləntiləriniz nələrdir?
- Təbii ki, bizim işdə də müəyyən yeniliklər var. Kinematoqrafçılar Assosiasiyası yaradıldı. Ümidlərimiz var ki, Assosiasiya Azərbaycan kinosuyla məşğul olacaq. Bizim uzun müddətdir bu sahədə maliyyə problemimiz var idi. Prezidentimiz həmişə deyirdi ki, nə lazımdırsa, mən hazıram. Sağ olsun ki, kinomuz üçün heç nəyi əsirgəmir. Sadəcə, yaradıcı işçilərdə təpər lazımdır. Yaxşı ssenarilər yazılsın, rejissorlar olsun ki, Azərbaycan kinosunun inkişafına kömək etsinlər. Bizim çox mövzular var. Ələlxüsus da, Prezidentlə görüşəndə də dedim ki, biz borcluyuq, Azərbaycan bu boyda qələbə çalıb, şəhidlərimizin, qazilərimizin, əsgərlərimizin fəaliyyətini kinoda əks etdirməliyik. Bilirsiniz ki, kino geniş bir auditoriyadır. Bizim işimiz budur ki, bu böyük qələbəyə kino vasitəsilə töhfələrimizi verə bilək. Məndə inam var ki, inşallah, bu sahədə də bizdə irəlləyiş olacaq.
- Sovet hakimiyyəti dönəmində filmlərimiz az büdcə ilə çəkilsə də, böyük izləyici qazanır və yaddaşlara hopurdu. Hansı ki, hələ də bir çox filmlərimiz təkrar-təkrar izlənilməkdədir. Lakin müstəqillik illərində, xüsusilə də son dövrlər dövlətimiz film sektorunda geniş imkanlar yaratsa da, çox az filmlər tamaşaçı marağına səbəb olur. Sizcə, bunun səbəbi nədir?
- Bilirsiniz, bunun səbəbi çox uzundur. Pis-yaxşı sovet hökumətinin strukturu, quruluşu var idi. Xoşumuza gələn və gəlməyən tərəfləri də var idi. Amma çox təəssüf ki, biz ictimai informasiyanı dəyişdik, yenisini də fikirləşmədilər. Bu günə qədər də onun əziyyətini çəkirik. Mən onu təkrar-təkrar deyirəm, elə bil ki, estafeti itirdik. Nəsillər dəyişildi, yeni kadrlar gəldi, bu nizam-intizam pozuldu. Toparlanıb, kino aləmində irəlləyiş etmək, bunun üçün də böyük işlər görmək lazımdır.
- Rasim müəllim, filmdən söz düşmüşkən, necə düşünürsünüz, film sektorunun inkişafı, belə desək, bu sahədəki durğunluğu aradan götürmək üçün daha hansı vasitələrə əl atmaq lazımdır?
- Həmin Assosiasiya bu işlə məğuldur. Kinonu yenidən sevdirmək, tamaşaçıları razı sala bilən filmlər çəkmək üçün ssenaristlər, rejissorlar, operatorlar yetişdirmək lazımdır. Düzdür, bizdə seriallar çəkilib. Amma bu, hələ bizi qane etmir. Bu barədə Mədəniyyət Nazirliyinin, o cümlədən Kinematoqrafçılar Assosiasiyasının proqramları var. Bu proqramları yavaş-yavaş həyata keçirəcəklər. Azərbaycan kinosunun inkişafı üçün müəyyən işlər görüləcək.
- Siz xalqımızın sevilən sənətkarısınız və film aktyoru olaraq bu sahədəki xidmətləriniz heç vaxt unudulmayacaq. Maraqlıdır, istər səhnədə, istər də şəxsi həyatda reallaşdıra bilmədiyiniz hansısa arzularınız var?
- Təbii. Bilirsən, bu belədi də, mənə həmişə deyirlər ki, cavan vaxtı cavan rolu oynamışam. Bizdə yaş senzi yoxdur. Çünki yaşlaşan adam yaşlı rol oynamağa başlayır. Bu, mənim də arzumdur. Əgər yaxşı ssenarilər yazılsa, məni qane edən rollar olsa, bir aktyor kimi çəkilməyə hazıram. Aktyor potensialımız var. Amma bizdə, yenə də deyirəm, çatışmayan cəhət ssenaridir. Bir də rejissor, operator məsələsidir. Bunları toparlamaq, iş başına gətirmək çətindir. Amma bunu etmək lazımdır. Bunsuz Azərbaycan kinosunu təsəvvür etmək olmaz.
Amma aktyor potensialımız var. Yaxşı cavan uşaqlar, yaxşı simalar, yaxşı aktyorlar var. Yaxşı aktyorlar yetişdirmək mümkündür. Bilirsiz, biri var hansısa əsəri kitabdan nəzəri cəhətdən oxuyasan, biri də var o praktikanı keçəsən. Elə mən özümdən deyim. İnstitutu bitirdim, bu sənətlə bağlı müəyyən, çoxlu kitablar oxudum. Amma bunları həyata keçirmək üçün aktyor ya kamera qarşısında, ya da səhnədə olmalıdır. Bunu da həyata keçirmək lazımdır.
Bizim problemimiz aktyor sənəti deyil. Əsas odur ki, bayaq dediyim kimi, ssenari və rejissor işi olsun. Bu problemlər həll olunsa, demək olar ki, Azərbaycan kinosu keçmiş hörmətini qaytara bilər.
- Rasim müəllim, zamanında böyük, tarixi şəxsiyyətlərin obrazını çox məharətlə canlandırdınız. Bu yaşınızda hansı tarixi şəxsiyyətin həyatından bəhs edən filmə çəkilmək istərdiniz?
- Mən istəməklə deyil. Konkret yazılan ssenaridən çıxış etmək lazımdır. Ona görə də, ad deyə bilmirəm. O əsər hələ yazılmayıb, axı. Ssenari yazılıb qəbul olunsun, rejissoru dəvət olunsun… Bunların hamısı müəyyən bir prosesdir. Bu proses getməlidir. Təbii, mən də bir aktyor kimi istəyirəm ki, çox təbii və çətin, ola bilsin dərin psixoloji rollar olsun. Yəni bir sözlə, dramaturgiya, rejissor yerində olsa, aktyor da yerində öz işini bilər. Ona görə də, mən konkret deyə bilmirəm hansı əsəri... Çünki o əsər bəlkə də yazılmayıb, amma yazılacaq. Mən də istəyirəm, arzum budur ki, bu yaşlı vaxtımda bir neçə rollar oynaya bilim.
- Sizə uğur, şan-şöhrət gətirən bir çox rollar oldu. Maraqlıdır, sizin özünüzü qane etməyən, belə desək, çəkiləndən sonra peşiman olduğunuz və yaxud “bu obrazı belə canlandırsam, daha yaxşı olardı” dediyiniz filmlər oldu?
- Oldu. Amma onun günahı məndə olmadı. Təbii ki, mən öz rollarıma həmişə məsuliyyətlə yanaşmışam. Amma yenə deyirəm, kino kollektiv sənətdir... Məsələn, sən şairsən, oturub bu gün bir şeir yazırsan. Səhər bir də oxuyursan, görürsən ki, bu “kuplet” nəsə xoşuna gəlmədi, onu pozursan. Amma kino kollektiv sənətdir. Mən tək heç nə edə bilmirəm. Mənim gərək ssenarim, dramaturgiyam, rejissorun göstərişləri və özümün əlavələrim olsun. Məni yaxşı çəkən operator olsun. Bu kollektiv sənət birləşəndə, hamı bir yerə, bir amala qulluq edəndə o əsər uğurlu olur.
- Hal-hazırda tələbələr yetişdirməsəniz də, ancaq sizin sənətinizdən, möhtəşəm obrazlarınızdan bəhrələnib bu sənətə gələnlər çoxdur. İndiki gənc aktyorlarımızın fəaliyyətini necə qiymətləndirirsiniz?
- Açığı, mən bu gün sənətə gəlsəydim filmlərə çəkilməzdim.
- Niyə?
- Ona görə ki, həm rejissor tərəfdən, dramaturji material tərəfdən… Mənim xoşbəxtçilyim onda oldu ki, kinoya gələndə başqa ab-hava var idi. Kinostudiyada dalbadal ssenarilər yazılırdı. Heç bilmirdin ki, hansında çəkiləsən. Bu gün o seçim yoxdur. Ona görə də mən aktyorları qınamıram. Bayaq da dedim, nəzəri cəhətdən öyrədirlər, praktikada - çəkiliş meydançasında özünü göstərməlisən. Ona görə, yenə də bu işlər aktyorlardan asılı deyil. Əsas odur ki, yaxşı əsər olsun. Yaxşı əsər olmasa, nə etsən də, xeyri yoxdur, orda uğur qazanmaq mümkün deyil.
Kino sənətinin çətinliyi ondadır ki, bu kollektiv sənətdir, hamının fikri bir yerə getməlidir, bir amala xidmət etməlidir. Biri bir tərəfə, digəri başqa tərəfə çəksə onda inkişaf olmaz.
- Rasim müəllim, sənətkarlar var ki, şöhrətləri çoxalıb, amma sadəlikləri yoxdur. Məsələn, Siz həmişə xalqın içindəsiniz, insanlarla ünsiyyət qurmaqdan yorulmursunuz. Sizə elə gəlmir ki, sənətkara stimul verən də, müdrik yaşa çatdıran da xalqın sevgisidir?
- Elədir. Elədir və bir neçə uğurlu işdən sonra insanda təkəbbürlülük, lovğalıq başlayır. Bu o deməkdir ki, o adamın gələcəyi yoxdur. Mən özüm yeni rollar oynamağa başlayanda köhnə işlərimi unuduram, elə bil ki, birinci dəfədir çəkilirəm. Məsuliyyətlə yanaşmaq lazımdır. “Ay mən filan şey oynamışam”, “mən belə oynamışam”, bunu deyən səviyyəsiz adamdır. Ona görə, bu sənətin uğurunun yüksəlişi, yeri məlum deyil, sonsuzdur. Həmişə - dünən gördüyün işə görə sağ ol, bu günki işindən danışma - bu əqidəylə işə girişmək lazımdır.
- Rasim müəllim, filmlərdən, danışdıq. Sizin gözünüzdə Azərbaycan teatrları hansı səviyyədədir? Sonuncu dəfə hansı tamaşalara baxmısınız?
- Vallah, axır vaxtlar tamaşalara baxmışam, birini deyəcəm, birini deməyəcəm, istəmirəm… Amma teatrda da bir durğunluq var. Yəni bugünki tamaşaçı 40 il bundan qabaqkı tamaşaçı deyil. Hər şeydən xəbərdar, qarşısında telefonu, saytlar, internet, nə bilim, istədiyi gözəl filmlərə baxırlar. Ona görə də, bu gün incəsənət adamlarının işi çox çətindir. Onlar elə əsər, elə rollar yaratmalıdır ki, ona tamaşaçı baxsın. Bir də görürsən, teatrlarımızda o qədər sönük tamaşalar olur ki, tamaşaçılar gəlib həmin tamaşalara baxmırlar.
- Deyirsiniz ki, teatrlarımız da durğunluq dövrünü yaşayır. Bəs, buradakı durğunluğu necə aradan qaldırmaq olar?
- Orda da yaxşı əsərlər tamaşaya qoyulmalıdır. Bilirsiniz necədir, orda da əsər qıtlığı var. Mən klassik yazıçıları demirəm, amma vaxtilə teatr üçün Bəxtiyar Vahabzadə, İlyas Əfəndiyev var idi. Dramaturqlar vardı ki, əsərləri teatrlarımızda oynanılırdı. Bu gün çox təəssüf ki, teatra tamaşa qoymaq üçün əsərlərin də qıtlığı var. Teatrda da çoxlu işlər görmək lazımdır ki, bu gün tamaşaçını razı sala biləsən. Onun üçün də böyük professionallıq lazımdır. O olmasa, tamaşaçı gəlib sənə baxmayacaq. Zorla gətirirlər teatra, o iş deyil.
Bugünki televiziya da tamaşaçının zövqünü korlayıb, bir-ikisini çıxmaq şərtilə, çox bərbad vəziyyətdədir. Çox təəssüf ki, o qədər şit-şit, lazımsız verilişlər verirlər ki, bunlar bizim gəncliyimizi, insanları tərbiyə etməkdənsə, ibrət götürməkdənsə, onların zövqlərini korlayır.
- Rasim müəllim, televiziyalarla bağlı ayrıca sualımız olacaq. Öncə daha bir məsələ haqda fikrinizi bilmək istərdik. Sizin film sahəsində fərqliliyiniz həm də o oldu ki, yaratdığınız hər obrazda öz dəsti-xəttiniz oldu, kiməsə bənzəməyə çalışmadınız. Bu gün istər teatrda, istər də film sahəsində özlərindən əvvəlki məşhur aktyorlara, aktrisalara oxşamağa çalışan şəxslərə sözünüz nə olardı?
- Mən özüm indi də əsərlərə baxıb öyrənirəm. Peyğəmbərimiz demişkən, insan doğuşdan qəbr evinə qədər öyrənməlidir. Heç kim deyə bilməz ki, mən hər şeyi bilirəm. Hər şeyi Allah bilir. Ona görə də öz üzərində çalışmalısan, məsuliyyət hiss etməlisən. Heç vaxt kimisə təqlid etməklə əmələ gələn şey deyil. Məsələn, mən baxıram, çox aktyorlar var… Oyun tərzinə baxıram, özümə nəsə lazımi şeyləri götürürəm. Öyrənmək lazımdır. Dublyaj edirdim, tez-tez fırlanırdım, o aktyorların oyununa baxırdım. Onlardan çox şey öyrənirdim. Yəni bu gün şərt o deyil ki, mən, ya filankəs durub auditoriyada tələbəyə dərs öyrətsin. Xeyr. Kinodur, ekrandır, baxırsan, əgər aktyorluq sənətini seçmisənsə, öyrənməli çox şeylər var. Bir yaxşı dərin filmə baxarsan, aktyor oyununun dərin ştrixlərini öyrənə bilərsən. Çox şey öyrənmək olar. Bu gün bu sənətə məhəbbət, sevgi lazımdır. O olmasa, bu mümkün deyil.
- Azərbaycan ordusu xüsusilə də 44 günlük İkinci Vətən Müharibəsində böyük qəhrəmanlıq nümayiş etdirərək, torpaqlarımızı işğaldan azad etdi. Söhbətimizin əvvəlində də qeyd etdiyiniz kimi, təəssüf ki, hələ də əsgərlərimizin, hərbçilərimizin qəhrəmanlığı film səhnəsinə daşınmayıb. Gecikmirik?
- Gecikirik. Mən bu barədə bayaq dedim ki, şəhidlərimizin, qazilərimizin obrazlarını oynamaq lazımdır. Orda iştirak edib sağ-salamat gələn adamlar müharibənin şahidləridi, savaşın içində olublar, onları ekrana gətirmək, bu gəncliyimizi bütün dünyaya tanıtmaq lazımdır. Özümüz də çox qəhrəmanlarımızı yaxşı tanımalıyıq. Ona görə, ekrana, ədəbiyyata, şeirə, teatra, filmlərə, sənətə gətirmək lazımdır ki, ümumiyyətlə yaddan çıxmasın, həmişə vəsf olunsun.
- Rasim müəllim, ölkəmizdə bir çox sahələrdə inkişaf getsə də, etiraf etməliyik ki, hələ də müəyyən sahələrdə vəziyyət arzuolunan səviyyədə deyil. Məsələn, Sizin də dediyiniz kimi, televiziyalarımız maarifçilik xəttindən tamamilə kənara çəkilərək, şou-biznesə, ailəiçi qalmaqallara, insanların şəxsi həyatının aşkara çıxarılmasına və s. meyl göstərirlər. Xalqımızın sevilən ziyalısı olaraq, bu problemin həllini necə görürsünüz, təklifləriniz nələrdir?
- Təklifim odur ki, mən bunu neçə dəfə demişəm, yenə də deyirəm, küçə adamlarının hamısı ekrandadır… Elə bayaqdan onu deyirəm, bir-iki proqramı çıxmaq şərtilə, Azərbaycan televiziyası ancaq insanların zövqünü korlamaqla məşğuldur. Məhkəməlik işləri gətirib ekrana çıxarırlar. Ədəbsizlik, böyük-kiçikyə hörmətsizlik… Ağbirçək qadını çıxarıb ora, ola bilsin ki, onun psixologiyasında çatışmamazlıq var, deyir ki, mən cavan oğlanı sevirəm. Ola bilər bu həyatda. Bunu tamaşaçıya niyə deyirsən? Zaurların, Xoşqədəmlərin, Elgizlərin, Toliklərin verilişləri səhərdən axşama kimi insanların zövqünü korlayır. Yəni bu adamların verilişləri vətəndaşların zövqünü korlamaqdan başqa bir şey deyil.
Azərbaycan televiziyaları insanların zövqünü çox korlayıb. O qədər korlayıb ki, insanlar maraqlı, ciddi ibrətamiz şeylərə qulaq asmaq istəmirlər. Boş hır-hırlar. Bunlar sənət deyil. Çox təəssüf ki, o işlərlə məşğul olan adamlar hər bir şeyə nail olublar, çox şeyə nail ola bilməyiblər. Xeyli insanın zövqünü korlayırlar.
Söhhbətləşdi: Fuad BİLƏSUVARLI
Qafqaz.media