"Çaqqal kimi bozqurda diş qıcayanlar unutmasınlar ki..." - Dövlət Baxçalı Sinan Atəşin qətli ilə bağlı səssizliyini pozdu

10/01/2023 - 12:58

"Çaqqal kimi bozqurda diş qıcayanlar unutmasınlar ki, tək qalsam belə, yenə də mübarizədən, haqq bildiyim yoldan dönməyəcəm"

Bildiyiniz kimi, Türkiyənin Ülkü Ocaqlarının keçmiş sədri Sinan Atəş bir neçə gün öncə Ankaranın Çankaya rayonunda silahlı hücuma məruz qalıb. Belə ki, motosikletdə olan şəxsin atəş açması nəticəsində Sinan Atəş başından vurulub və xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Məsələnin maraqlı tərəfi ondadır ki, Ülkü Ocaqları Milliyətçi Hərəkat Partiyasına (MHP) bağlı olsa da, bu günədək MHP lideri Dövlət Baxçalı Sinan Atəşin öldürülməsi ilə bağlı rəsmi açıqlama verməyib, hadisəyə münasibət bildirməyib.

Nəhayət, bu gün MHP-nin qrup toplantısında çıxış edən Baxçalı səssizliyini pozub və Sinan Atəşin qətli ilə bağlı bunları deyib: "Bir cinayət üzərindən siyasi oyun oynanılır. Eyni yolda getdiyimiz, eyni amal uğrunda mübarizə apardığımız dostlarımızı mənfur cinayətin içinə çəkmək istəyənləri bağışlamayacağıq. Sadəcə, dumanın çəkilməsini gözlədik, indi isə söz sırası bizdədir. Cinayətin kölgəsini MHP-yə düşürmək istədilər".

MHP lideri əlavə edib ki, səbr etmək boyun əymək deyil, əksinə mübarizənin bir növüdür: "Çaqqal kimi bozqurda diş qıcayanlar unutmasınlar ki, tək qalsam belə, yenə də mübarizədən, haqq bildiyim yoldan dönməyəcəm. Bir nəfər belə, ülküdaşımı əzdirmərəm. Bu cinayət üzərindən oyun quranlara səslənirəm: "Namizədimiz bəlli, qərarımız dəqiqdir". MHP-ni cinayət təşkilatları ilə əlaqələndirməklə Türkiyəyə qarşı xain planlar həyata keçirmək istəyənlərin sonuna qədər qarşısındayıq".

Dövlət Baxçalı sonda Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğluna xitabən "Cənab Kılıçdaroğlu, səssiz deyiləm, səviyyəsiz ittihamlarınızı seyr edib lazımı qeydlər aldım və alıram", deyə əlavə edib./Hurriyyet.az