Dahi rus şairi haqqında yeni kitab - “Bəşəri poeziyanın əbədiyyət günəşi”
Bu günlərdə tanınmış yazar, publisist–politoloq Reyhan Mirzəzadənin dahi rus şairi, dramaturq, müasir rus ədəbi dilinin banisi Aleksandr Sergeyeviç Puşkinin anadan olmasının 225 illiyinə həsr olunmuş “Bəşəri poeziyanın əbədiyyət günəşi” adlı yeni kitabı çapdan çıxıb.
Qafqaz.Media xəbər verir ki, yüksək poliqrafik üslubda nəşr edilən nəfis şəkilli kitabda qüdrətli şairin həyat və yaradıcılığı, onun Azərbaycan ədəbiyyatına, ədəbi mühitinə təsirindən geniş bəhs olunur. Kitabda şairin həyatının maraqlı məqamlarından söz açılır. İndiyədək oxuculara məlum olmayan və yaxud az məlum olan məsələlərə toxunulur. Ümidvarıq ki, kitab zəngin Puşkin irsinin öyrənilməsində maraqlı vasitə olacaqdır.
Qeyd edək ki, vətəndaş cəsarəti, xəlqilik, milli iftixar, vətənpərvərlik ruhu ilə şöhrət qazanan rus ədəbiyyatı dünya mədəniyyətinin zəngin ədəbi xəzinəsinə dəyərli töhfələr bəxş edib. Tarixi reallıqdır ki, klassiklər müxtəlif xalqları və millətləri bir araya gətirən ümumbəşəri məbədin sütunları hesab olunur. İstedad və təfəkkür, zehniyyət və yaradıcılıq potensialı ilə söz, fikir tarixində özünəməxsus yeri olan rus klassiklərini haqlı olaraq ziddiyyətli, mürəkkəb və ədəbi mübarizələr dövrünün qəhrəmanları adlandırırlar. Rus realist istiqamətinin əsasını qoyan, müasir rus ədəbi dilinin banisi, dahi şair, dramaturq, tarixçi, ədəbiyyatşünas, nasir, publisist, azadlıq carçısı, bəşəri poeziyanın korifeyi kimi sevilən Aleksandr Sergeyeviç Puşkinin əsərləri bu gün də bütün dünyada sevgi və rəğbətlə oxunur. Bu əsərlər bəşər mənəvi və mədəni xəzinəsinin ən qiymətli sərvətlərindən hesab olunur.
İyunun 6-da dahi şairin 225 illik yubileyi dünyanın bir çox ölkələrinin ədəbi aləmində qeyd olunacaq. Puşkin yaradıcılığı Azərbaycan oxucuları üçün də qüdrətli söz, sənət məktəbidir. Vaxtilə böyük şairlərimiz rus ədəbiyyatının dünyaşöhrətli poeziya günəşinə - ölməz Puşkinə gözəl şeirlər həsr ediblər.
Qafqaz.Media