Həkim Saakaşvilinin məhkəməyə aparılmasına icazə vermədi – EKS-PREZİDENT PROSESƏ DİSTANT QAYDADA QATILMAQDAN İMTİNA EDİB

17/01/2023 - 13:56

Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin cəzasının təxirə salınması və ya onun cəzadan azad edilməsi məsələsi üzrə növbəti məhkəmə prosesi gedir.

Qafqaz.media xəbər verir ki, Saakaşvili məhkəmədə iştirak etmir. O, prosesə distant qaydada qatılmaqdan da imtina edib və həkimlər onun məhkəməyə aparılmasını tövsiyə etməyiblər.

İclasda hakim Giorgi Arevadze Penitensiar Xidmətin nümayəndələri və Saakaşvilinin özünün imzaladığı protokolları oxuyub.

“Məhkuma prosesdə distant iştirak təklif olunub, o, bundan imtina edib. Müalicə olunan həkim məhkumun məhkəməyə aparılmasını tövsiyə etməyib”, – Penitensiar Xidmətin məhkəməyə təqdim etdiyi məlumatda deyilir.

“Vivamed” şirkətinin məhkəməyə təqdim etdiyi ifadəyə görə, həkim Saakaşvilinin səhhətinə əsaslanaraq onun daşınmasını məqsədəuyğun hesab etmir.

Qafqaz.media