“Həyatdan heç vaxt böyük istəyim olmayıb” – XALQ ARTİSTİ

11/06/2024 - 11:24

Bəsti Cəfərova: “Ən böyük arzum aktrisa olmaq idi...”

“Qadınlarımız elə zərif olsunlar, güclü olmağa çalışmasınlar”

Teatr ecazkar bir aləm olmaqla yanaşı, həm də sənət məbəddir. Bu məbədin sakini olmaq isə böyük xoşbəxtlikdir. Azərbaycanın Xalq artisti, Akademik Milli Dram Teatrının (“Azdrama”) aparıcı səhnə ustası, minlərlə tamaşaçı qəlbində əbədi yer tutmuş aktrisa Bəsti Cəfərova da bütün ömrünü bu ecazkar sənətə həsr etmiş aktrisadır. Onunla müsahibəmizdə teatrımızın durumu haqda suallara cavab tapmağa çalışdıq.

(Əvvəli bu linkdə: “Mənə deyirlər ki, sənətdə bəxti gətirmiş aktrisayam…”)

- Necə düşünürsünüz, taleyin, həyatın ağır sınaqları həmişə güclü insan yetişdirir?

- Ağır sınaqlar adamı güclü insan olmağa məcbur edir. Mən qadınam, hamı da deyir ki, mən güclü qadınam. Bu, mənim obrazlarımda da görünür(Gülür.) Hətta mən zərif olan qadın obrazını oynayanda da zabitəli alınır, biraz güclü qadına dönür. Amma mən arzu edərdim ki, qadınlarımız elə zərif olsunlar, güclü olmağa çalışmasınlar.

Sualınıza gələndə, əlbəttə, insanın başına gələnlər, düşdüyü situasiya onu dəyişir. İnsan həyatın bir qədər çətin üzünü görəndə güclü olmaq zorunda qalır. İnsan bu həyatın sürprizlərinə sinə gərməyə özündə güc tapmalıdır.

- Bəzən insan xəyalların əsirinə çevirilir. Gerçəkdə başqa cür, xəyalda başqa cür olur. Bu baxımdan Sizdə vəziyyət necədir?

- Yox, mən heç vaxt xəyalpərəst olmamışam, həyatda realistəm. İstəmirəm çox dərinə gedim. Hamı məni tanıyır. Bilirlər ki, kifayət qədər səmimi, düşündüyümü qarşımdakına deyən insanam. İstəmirəm oxucu və ya tamaşaçı nəyəsə qəmlənsin, kədərlənsin. Onsuz da kədərlənməyə kifayət qədər problemlər, qayğılar olur. Ona görə istəməzdim ki, belə qəmli notlara çox köklənək.

Mən müsahibə verməyi o qədər də çox sevmirəm. Televiziyalarımızda, mətbuatımızda çox az görünürəm. Sizinlə ona görə ünsiyyət saxladım ki, siz mənə sosial şəbəkədə dostluq göndərdiniz, söhbətimiz uzandı, uzandı. Mən gördüm ki, siz çox içdən, səmimi insansınız. Qərara gəldim ki, sizə müsahibə verim.

Müsahibə verməməyimin səbəbi o demək deyil ki, mən "ulduz" xəstəliyinə tutulmuşam. Bircə şey var ki, bax, sizə müsahibə verirəm, keçmişdə olan hadisələri də danışırıq. Onları sizə çatdıranda, söyləyəndə o günləri, o anları yenidən yaşayıram.

- O hansı anlardır ki, xəyalən də olsa yaşamaq sizə çox ağır gəlir?

- O dövrlərə qayıdıram. İndi olmayan sənətkarlarla məşq etdiyim, oynadığımız rollar, bir yerdə keçirdiyimiz gözəl günlər yadıma düşür. Mənim çox güclü hafizəm var. Hansı şəraitdə, hansı məşqdə nə olub, o şəraitə qədər, onun atmosferi belə, mənim yadımdadır. Danışdıqca o atmosferə düşürəm, həmin yaşananları bir də yaşayıram. Birdən ayılanda ki, o insanlar bizimlə yoxdur, çox ağır gəlir mənə(Kövrəlir). Evə gedəndən sonra onun təsirindən uzun müddət ayrıla bilmirəm. Sadə dillə desək, çox pis oluram.

Xalq artisti Telman Adıgözəlovun ölümü bizə çox böyük şok yaşatdı. Telman Adıgözəlov 2010-cü ildə vəfat etdi. Səhər tezdən mənə zəng edib Telmanın ölümünü deyəndə duruxub qaldım. Sual verdim ki, hansı Telman? İnanmaq istəmədim. Cavan idi, belə baxanda 57 yaş nə yaşdır ki?! Həyatın axarı belədir də. Gənc nəsil gəlir, yaşlı nəsil ömrünü bitirir, həyatdan gedir. Amma ilk dəfə oldu ki, yarpaq tökümü bizim içimizdən başladı. Telman aşağı-yuxarı bizim nəsildən hesab olunur. Qəfil getdi.

Ondan sonra tələbəlik dostum İlham Əsgərov. Xalq artisti, gözəl də insan idi.  

Sonra bizim Ramiz Novruz. Ramiz Novruzun xəstəlik prosesini onunla birgə yaşadıq. Tamaşaların da taleyi insan ömrü kimidir. Hər tamaşanın öz ömrü var. Bəxti gətirəni də, gətirməyəni də olur. "Filumena Marturano” tamaşası mənim "Əsrə bərabər gün"dən əvvəlki, sonuncu rollarımdan biridir. Biz o tamaşanı pandemiyadan əvvəl başladıq. Baş rollarda oynayırdıq. Mən Filumena Marturano rolunu, Ramiz Novruz isə Domeniko Soriano rolunu oynayırdı. Əsərin özü də çox gözəldir. Bunu dünyanın bir çox teatrında qoyublar. Ramiz Novruz da, mən də rolumuzu çox sevirdik. Məşqlər getdi, premyeraya 2 həftə qalar-qalmaz dedilər ki, pandemiya başlayır, işlər dayandırılsın. Biz də dedik ki, bir-iki həftə çəkər, sonra qayıdarıq. Lakin pandemiya çox uzun sürdü, düz bir il səkkiz aydan sonra biz gəldik. Dedilər ki, bəs, Ramiz Novruz ağır xəstəliyə düçar olub. Ramiz Novruz səhnəni çox sevirdi. Telefonumda səs yazısı var, deyir ki, o rolu oynamaq üçün sağalmaq istəyirəm. Gedib ən ağır müalicə keçir, sonra gəlib teatrda məşq edirdi. Amma mən sizə deyim ki, sağ olsun, Heydər Əliyev Fondu, Ramiz Novruzun müalicəsi üçün böyük dəstək oldu. Çalışırdılar ki, Ramiz Novruzu sağaltsınlar. Ramiz gəlirdi, halı yaxşı da olurdu, pis də olurdu. Oynamağa cəhdi var idi, oynamaq istəyirdi. Siz təsəvvür edin ki, o, çox sevdiyi rolu cəmi iki dəfə oynaya bildi. Mart ayının 13-də, bir də Beynəlxalq teatr günü - 27-də oynadı. Ondan sonra tamaşanı çəkdirmək istədim ki, yadigar qalsın. Danışmışdıq, iyun ayının 18-də AzTV çəkəcəkdi. İyunun 12-də də "Xanuma" tamaşası var idi. Axır vaxtlar "Xanuma" tamaşasını Ramizin oynamaq vaxtı olanda da özü tapşırırdı ki, Cəfər gəlib oynasın. Cəfər də mütəmadi oynayırdı. Ramiz məşqlərə gəlirdi. İyun ayının 12-i idi, ona görə dəqiq yadımdadır ki, 13 iyun mənim doğum günümdür. Dedim ki, Ramiz, sən gəlmisən?! Dedi, nədir, istəmirsən? Dedim, yox, itəyirdim ki, sən gücünü toplayasan. Yəni iyunun 12-i "Xanuma" tamaşası Ramiz Novruzun teatrda ən axırıncı tamaşası oldu. Təsəvvür edin ki, o, xəstə-xəstə Knyaz rolunu oynadı. Çox ağır roldu, zarafatı, rəqsi yerində. Tamaşa zamanı dedi ki, sabah bizim gözəl aktrisanın ad günüdür, gəlin, onu alqışlayaq. Yəni o qədər gözəl, həssas insan idi ki, o xəstəliyi ilə ağır tamaşanı oynamışdı. Ondan sonra yadından çıxarmadı ki, səhər Bəstinin ad günüdür, onu təbrik etmək lazımdır. Belə insanı unutmaq olar?!

Ramiz Novruz teatrda böyüklə böyük, kiçiklə kiçik idi. Təzə gələn aktyorlara bir cür qayğısı var idi, yaşlı aktyorlarla tamam başqa atmosferdə danışırdı. O, mükəmməl insan idi. Təbii ki, onun yazdığı əsərlər də, tamaşalar da gözəl idi. O tamaşalar fonda da qalıb. Onu demək istəyirəm ki, tamaşanı Ramiz yaza bilmədi, qismət olmadı. İndi həmin tamaşa repertuardadır. Xalq artisti Sabir Məmmədov həmin rolu oynayır. O da yaxşı oynayır. Sabirə qismət oldu, yazıldı.

Dediyim kimi, tamaşaların da taleyi var. Tamaşanı oynayırsan, bilmirsən ki, axırıncı dəfə oynayırsan. Bir də görürsən ki, repertuardan çıxardılar. Düşünürsən ki, bilsəydim, bu tamaşanı axırıncı dəfə oynayıram, belə edərdim… Belə hadisələr də olur.

- Bir çox sənətkarlarımız var ki, xalq tərəfindən çox sevilsələr də, həyatlarında çatışmayan nələrsə var. Bəsti Cəfərovanın həyatında nə çatmır?

- Mən maddiyyatçı insan deyiləm. Mənim həyatdan heç vaxt o qədər böyük istəyim olmayıb. Mən azıma da şükür edib yaşamağı bacaran insan olmuşam. İndi yaşa dolmuşam. Ömrümün müdrik çağında bunu deyirəm. Yadıma gəlmir ki, aşırı dərəcədə böyük-böyük şeylər istəyim olsun. O cür istəyim olmayıb. Ən böyük arzum aktrisa olmaq idi. Aktrisa da olmuşam. Sevərəkdən bu sənətə gəlmişəm. İstəmişəm ki, yaxşı aktrisa olum, yaxşı rollar oynayım. İstəmişəm ki, övladım olsun. Allahıma min şükür olsun ki, bir qız övladım var. Yaradıcılığım öz yolunda gedir. İnşallah, güman edirəm ki, yolunda da gedəcək. Ən ümdə arzularım bircə övladımla bağlıdır. Onun şad gününü, xoş gününü görmək istəyirdim. İnşallah! Belə deyim ki, həyatda mənim nəyimsə çatır, nəyimsə çatmır. Nəyim var, Allahıma çox şükür edirəm.

- Bəsti xanım, hansı sənətkarla eyni səhnəni paylaşmaq istərdiniz?

(Ardı var)

Söhbətləşdi: Fuad BİLƏSUVARLI

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ