İcra başçısı Qarabağ qazisini yardım adı ilə aldatdı - "DƏRDİMİZİ KİMƏ DEYƏK?" / FOTOLAR

09/12/2021 - 17:18

“4 ay öncə Qazaxın icra başçısı Rəcəb Babaşov mənə baş çəkdi. Milli Məclisin deputatı Səməd Seyidov da gəlmişdi. Səməd Seyidovdan araba istədim. Aylardır gözləyirəm, hələ də xəbər yoxdur. Qınamıram, kasıb adamlardır, pul tapmırlar”.

Qafqaz.media xəbər verir ki, bu sözləri musavat.com-a şikayətində Qarabağ qazisi Röyal Kərimov deyib. Röyal Kərimov 2020-ci ilin oktyabrın 27-si Aybasanlı kəndində düşmən postunu ələ keçirməyə çalışarkən mühasirəyə düşüb və yaralanıb.

 Hazırda 20 yaşında olan qazi mənzil şəraitindən narazıdır. Onu da bildirək ki, Röyal Kərimov 1-ci qrup əlildir. Onun 4 orqanı yoxdur, təkərli araba ilə hərəkət edir.

R. Kərimov Qazaxın icra başçısı Rəcəb Babaşov və millət vəkili, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovdan şikayətçi olduğunu bildirib. Qazi söyləyib ki, aylar əvvəl Qazaxın icra başçısı Rəcəb Babaşov və millət vəkili Səməd Seyidov onu Qazax rayonunda yaşadığı evdə ziyarət ediblər.

İcra başçısı qaziyə evi təmir etdirəcəyinə, millət vəkili isə onu təkərli araba ilə təmin edəcəyinə dair söz verib: “Təmir başladı, amma yarımçıq qoyublar. Bunu mən istəməmişdim. Özləri gəldilər, təklif etdilər. Mən sadəcə ayaqyolu və hamamda şəraitin yaradılmasını istəmişdim. Heç birini düzəltməyiblər. Əvvəlki şəraitlə heç bir fərqi yoxdur. Sevindirdilər məni, dedilər ki, bir aya hazır olacaq. 1 ay oldu 4 ay. Bir müddət ümumiyyətlə, iş getmədi, kirayədə yaşadıq. Ayaqyoluna getmək üçün stulu kəsmişik. Elə bil ki, daxmaya köçmüşük. Kirayə pulunu belə vermək istəmirdilər, zəng etdik, verdilər. Usta 1 gün gəlirdi, 5 gün gəlmirdi. İşi bu cür yarımçıq qoyub getmək olmaz axı...Dərdimizi kimə deyək? Qazı, işığı çəkməyiblər. Nə edim? Soyuqdan donub ölüm? Əgər bir işi görürlərsə, axıra çatdırsınlar”.

Səməd Seyidov musavat.com-a açıqlamasında bildirdi ki, deputat təkərli araba söz verə bilməz: “Deputat hər hansı məsələnin həll edilməsində köməklik edə bilər. Hər halda bu, müqəddəs məsələdir. Hər insan şikayət edə bilər. Qazilərin şikayət etməyə haqqı, ixtiyarı var. Yadıma gəlir, Qazax RİH başçısı Rəcəb Babaşovla birgə getmişdik. Bu yaxınlarda Qazaxa gedəcəyəm. Bu məsələni araşdıracağam”.

Qazax rayon icra hakimiyyətindən isə məsələyə münasibət ala bilmədik. 

Onu da yada salaq ki, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun oğlu Elşən Babaşzadə bu yaxınlarda 275 min dollar (450 manat) dəyərində olan avtomobilinin dövlət nömrə nişanını dəyişməsi ilə gündəmə gəlmişdi.

E.Babaşzadə “Mercedes Benz G-63 AMG” markalı maşının 10-LL-077 nömrə nişanını 77-LL-077 ilə əvəzləyib. Bu xəbər cəmiyyətdə ciddi qınaqla qarşılandı. Mətbuatda, sosial şəbəkələrdə hadisəni qınayan ictimai şəxslər bildirdilər ki, xalqa xidmət etməli olan məmurun bu qədər bahalı əmlaka sahib olmasının mənbəyi araşdırılmalıdır.  

Bu məsələyə də icra başçısı və onun  Dövlət Vergi orqanında müfəttiş işləyən oğlu heç bir reaksiya vermədilər...

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

GÜNÜN MÜBARƏK,SUMQAYITIM!
23/11/2024 - 15:56
Onu da həbs gözləyir
19/11/2024 - 23:52
Azərbaycanlı alim vəfat edib
19/11/2024 - 23:44