KREMLDƏN PAŞİNYANA CAVAB VERİLDİ - "Bakının razılığı olmasa...."

11/01/2023 - 14:09

“BMT Təhlükəsizlik Şurasının sülhməramlılarının Qarabağa göndərilməsi mövzusu bir neçə dəfə gündəmdə olub. Lakin onların yerləşdirilməsi üçün bütün tərəflərinin – həm Bakının, həm də İrəvanın razılığı lazımdır”.

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

Peskov bildirib ki, həm işçi, həm də müxtəlif səviyyələrdə daimi təmaslar var.

“Təbii ki, bu mövzu dəfələrlə gündəmdə olub. Amma aydındır ki, istənilən missiyalar yalnız tərəflərin hər ikisinin razılığı ilə göndərilə bilər”, - deyə Peskov bildirib.

Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan ötən gün keçirdiyi mətbuat konfransı zamanı bildirib ki, Rusiya öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilmirsə, BMT Təhlükəsizlik Şurasına (TŞ) müraciət etməlidir:

“Rusiya obyektiv və ya subyektiv səbəblərdən BMT Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvü kimi öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilmədiyi halda, Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinə beynəlxalq mandat vermək üçün və yaxud 9 noyabrda imzalanmış üçtərəfli bəyanatla müəyyən edilmiş təhlükəsizlik qaydalarını təmin edəcək yeni çoxmillətli sülhməramlı missiyanı Qarabağa göndərmək barədə BMT TŞ-yə müraciət etməlidir”.