“Mixail Saakaşvili 9 il ölkənin siması olub, “Vivamed” klinikasında ölə bilməz” – SABİQ PREZİDENTİN QARDAŞINDAN AÇIQLAMA

29/12/2022 - 23:41

“Növbəti məhkəmə iclasının tez bir zamana təyin olunmasını alqışlayıram. Ümid edirəm ki, bir neçə proses sonrası qardaşıma müalicə almaq imkanı veriləcək”.

Qafqaz.media xəbər verir ki, bu barədə Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin qardaşı Giorgi Saakaşvili “Palitranews” telekanalının “Resume” proqramında bildirib.

Onun sözlərinə görə, Mixail Saakaşvili 9 il ölkənin siması olub, ona görə də “Vivamed” klinikasında ölə bilməz.

“Kim nə deyir desin, mən yenə də bir qardaş, bir Gürcüstan vətəndaşı kimi bu fikirdə olacam ki, Mixail Saakaşvili 9 il ölkənin siması olub. Onun belə vəziyyətdə olması və “Vivamed” klinikasında ölməsi mümkün deyil”, - Giorgi Saakaşvili bildirib.

Giorgi Saakaşvilinin sözlərinə görə, Mixail Saakaşvili müalicə üçün xaricə aparılmasa, onun qətlinə imza atılacaq.

“Dünən biz Gürcüstanın hazırkı prezidenti Salome Zurabişvilinin qəzəbli olduğunu gördük. Ümid edirəm ki, o, düzgün qərar verəcək. Gəlin gözləyək.

Mişa Saakaşvili müalicə üçün xaricə aparılmasa, onun qətlinə imza atılacaq. Biz artıq bir dəfə prezidentin öldürülməsini görmüşük, yenə də olacaq”, - Giorgi Saakaşvili bildirib.

Qafqaz.media