Narkotik alverçilərinə qarşı mübarizə gücləndirilməlidir – SÜDABƏ SƏRVİ YAZIR

16/01/2024 - 08:48

Tanınmış yazar narkotikin zərərləri haqda Stopnarkotik.az-a yazdı

Narkomaniya uzun illərdir ki, dünyanın əsas probleminə çevrilib. Narkotik ticarətindən özləri üçün qazanc mənbəyi kimi istifadə edərək milyonlar qazanan insanlar həmişə olub, bu gün də var. Meksika, Braziliya, ABŞ, İtaliaya kimi ölkələrdə narkotik plantasiyalarının baş alıb getdiyi bir dünyada yaşayırıq. Bəzi insanların, xüsüsən gənclərin daha tez alışdığı - əvvəli bir anlıq həzz, sonu fəlakətlə bitən bu zəhərli aludəçilik bir çox insanın, hətta idmançıların, müğənnilərin, məşhur futbol ulduzlarının ölümünə, intiharına qədər gətirib çıxarıb. Bunlar faktlardır və yüzlərlə misal göstərmək olar.

Çox təəssüf ki, “ağ ölüm” adlandırılan bu bəla Azərbaycandan da yan keçməyib. Sovetlər dönəmində SSRİ adlanan məkan dünyanın bir çox kapitalist ölkələrinə qapalı olduğu üçün narkomanların sayı o qədər də çox deyildi. Narkotik istifadə edirdilərsə də, bunu gizli saxlayırdılar. Müstəqillik dövründə sərhədlər açıldı və qonşu dövlətlərdən, əsasən də İrandan ölkəmizə müxtəlif yollarla xeyli sayda yeni növ narkotik vasitələr keçirildi. Yəni sintetik narkotikin ən pis növləri - el arasında “patı”-şüşə adlanan metamfetamin, “kokos” və s. kimi insanın beynini qurudan maddələr təəssüf ki, yeniyetmə və gəncləri daha çox cəlb etməyə başladı. Onlar özləri də bilmədən, daha çox pul qazanmaq istəyən narkotik tacirlərinin qazdıqları uçuruma yuvarlanırdılar.

Bir anlıq həzzdən sonra alışqanlıq və dəhşətli ağrılar... Müalicə alanların dediklərinə görə, bu, elə bir dəhşətli ağrıdır ki, onu sözlə təsəvvür etmək mümkün deyil. İnsanın bütün sümükləri sızıldayır və günlərlə yuxu üzünə belə, həsrət qalır. Narkomanlar getdikcə daha həzz üçün deyil, məhz ağrısını sakitləşdirmək üçün bu maddədən istifadə edir. Onu almağa maddi imkanı olmadıqda isə evindəki bütün avadanlıqları, maşınını, telefonunu satır, hətta anasının pensiya kartındakı pulları da narkotik vasitələrə xərcləyirlər, təki o zəhrimardan tapıb ağrılarını sakitləşdirsinlər...

Bir ananın dedikləri:

- Mənim balam narkomandır. Həm “kokos”, həm də “patı”dan istifadə edir. Özü batdıqca, məni də batırır. Çarəsizəm, bala...

Bu ananın göz yaşları içində dedikləri insanın qəlbini göynədir. Necə daşürəkli olasan ki, ananın fəryadına biganə qalasan?! O ana doqquz ay körpəsinin dünyaya gəlişini həsrətlə gözləmirdimi? “Oğlum oldu, mənim də arxam, nəslimin davamçısı olacaq”, - deyə sevinən o ananın 20 ildən sonrakı acı fəryadı... bir atanın bükülmüş dizi, əyilmiş beli canlanır gözümün qabağında.

Bəs, bu gəncləri necə qorumaq lazımdır ki, “ağ ölüm”ün cənginə düşməsinlər? Onları kimlər narkomaniyaya cəlb edir? Özlərinin iradəsi zəifdirmi? Göründüyü kimi, suallar çoxdur. Cavablarsa müxtəlif.

Müşahidələrimə əsasən deyə bilərəm ki, ilk növbədə yeniyetmə və gənclərə ailədə nəzarət güclü olmalıdır. Övladı sıxmadan, özü də hiss etmədən onun hərəkətlərinə göz qoymaq lazımdır. Əgər o, narkotik maddə istifadə edibsə, evə qapatmaq, onu qarşıdan gələn daha ağır bəladan qurtarmaq lazımdır!

Hazırda Respublika Reabilitatsiya Mərkəzində müalicə alan keçmiş narkomanın dedikləri:

- Mən ilk dəfə istifadə edəndə 18 yaşım vardı. Anam bildi və bunu atamdan gizlətdi. Amma gizlətməsəydi, bəlkə atam bunun qarşısını ala bilərdi. Çünki mən getdikcə daha çox istifadə edirdim...

Baxın, valideynin övlada yumşaqlığı bəzən fəlakətlə nəticələnir. Atadan gizlətmək yox, ona vaxtında deyilsə və tədbir görülsəydi, bu gənc oğlan 7 il narkotikin cəngində çabalamazdı...

Mən çox alicənab, ziyalı, həm də imkanlı bir ailə tanıyıram. Qızı Tibb Universitetinin birinci kursunda rəfiqəsi tərəfindən narkotikaya cəlb olunmuşdu. Təbii ki, bu qızdan gələcəkdə pul vasitəsi kimi istifadə etmək üçün. Elə də olur. Qız evdən daha çox pul istəməyə başlayır. Anası qızındakı dəyişikliyi hiss edir, məsələni bilir və dərhal həyat yoldaşına xəbər verir.

Nəticədə, qızı təhsildən uzaqlaşdırıb evə qapatdılar, dəhşətli ağrılarına və çığır-bağırına baxmayaraq, ürəklərinə daş bağlayaraq onu evdən bayıra buraxmadılar. Nəhayət, qız bu vərdişdən uzaqlaşdı. Xaricdə müalicə aldı, ailə həyatı qurdu. Hazırda iki uşaq anasıdır, özü də xaricdə həkim işləyir, həyat yoldaşı isə diplomatdır.

Ona görə də, övladlarımıza vaxtında nəzarəti gücləndirməliyik.

Atası, anası, yaxud heç kimsəsi olmayan və bu yola düşən uşaqlar, gənclər də çoxdur. Onları da qorumalıyıq. Həm məktəbdə, həm ali məktəbdə, həm də cəmiyyətdə. “Məndən ötdü, ona dəydi” prinsipi ilə yaşamamalıyıq! Çünki heç kim həyatda sığortalanmayıb və sabah başına nə gələcəyini də bilmir. Ona görə də, başqasının övladını da qorumaq, ayıq-sayıq olmaq, onlarla söhbətlər aparmaq lazımdır.

Məktəblərdə müəllimlər şagirdlərə nəzarəti gücləndirməli, bir şübhəli məqam aşkar etsələr, dərhal valideynə məlumat verilməlidir!

Bu gün məktəblərdə belə, yeniyetmə şagirdləri bu yola cəlb edənlər var ki, bax, onlara qarşı mübarizə aparılmalıdır. Bir ailənin övladını necə şikəst etmək olar? Narkotik satanların öz beyinləri də quruyub, onlar sadəcə qazanc mənbəyi axtarırlar. Onları xalqın gül kimi ağıllı balaları, onların gələcəyi düşündürmür, imkanlı ailədəndir, vəssəlam! Təki pul olsun.

Belələri gec-tez həm də Allah qarşısında cavab verəcəklər.

Narkotik alverçilərinə qarşı mübarizə gücləndirilməlidir. Doğrudur, Azərbaycan polisi bu gün narkotik ticarətinə qarşı güclü işlər görür, tədbirlər aparır. Amma düşünürəm ki, bunu daha da gücləndirmək lazımdır.

Hazırda cəzaçəkmə müəssisələrində də çoxlu narkoman var. Ən dəhşətlisi budur ki, onları sağalmağa qoymayan, öz iradəsi, düşüncəsi ilə baş-başa buraxmayan valideynlər və dırnaqarası “dostlar” da olur. Azmı olub, nələrinsə, hətta Quran bilib əl basdığımız çörəyin içinə narkotik qoyub, içəriyə ötürmək istəyənlər?

Hərdən düşünürəm ki, nə yaxşı ki, hüquq mühafizə orqanları, polis var, yoxsa Allahdan da qorxamayan bəzi insanlar daha çox ağır faciələrə yol açardılar.

Düşünürəm ki, cəmiyyətin bu bəladan xilas ola bilməməsinin bir səbəbi də gənclərin işsizliyi, idmandan, təhsildən uzaqlaşmasıdır. Bəzilərinin zəif iradəli olaraq bu bəlaya daha tez düşməsi, ailədə, məktəbdə nəzarətin olmaması və s. Yəni səbəblər çoxdur.

Və heç şübhəsiz ki, telekanallarda, sosial şəbəkələrdə, saytlarda tez-tez maarifləndirici söhbətlər aparılmalı, videoçarxlar hazırlanmalı və yazılar yazılmalıdır.

Ümid edirəm ki, 2024-cü ildə narkomaniyaya qarşı daha böyük tədbirlər görüləcək və Azərbaycan polisi mübarizəni daha da gücləndirərək.

Südabə SƏRVİ

Yazıçı-jurnalist, Preident mükafatçısı, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

P.S. Mən bu vacib və aktual mövzuya geniş yer ayırdığı üçün Stopnarkotik.az saytının rəhbərliyinə, əməkdaşlarına da öz dərin təşəkkürürümü bildirirəm!

Stopnarkotık.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Sabiq prokuror vəfat etdi
14/11/2024 - 13:21