“Putin müharibəni dayandırmaq istəsə, onunla danışmağa hazıram” - BAYDEN
ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putinin Ukrayna ilə müharibəyə son qoymaqda maraqlı olduğunu bildirəcəyi təqdirdə onunla görüşməyə hazır olduğunu bildirib.
Bu haqda Qafqaz.media CNN-ə istinadla xəbər verir.
ABŞ prezidentinin sözlərinə görə, Ukraynada müharibəyə son qoymağın yalnız bir rasional yolu var - ölkəni “tərk etmək”. “Amma göründüyü kimi, Putin bu adımı atmaq fikrində deyil. O, bunu etmədiyinə görə çox yüksək bədəl ödəyir. Bununla belə, Ukraynanın dinc əhalisini qətlə yetirməkdə davam edir. Uşaq bağçalarını, xəstəxanaları, uşaq evlərini bombalayır”, - Bayden Ağ Evdə Fransa prezidenti Emmanuel Makronla keçirdiyi mətbuat konfransında deyib.
Bayden əlavə edib ki, Putinlə yaxın vaxtlarda əlaqə saxlamağı planlaşdırmır, amma Rusiya lideri “həqiqətən müharibəni bitirməyin yolunu tapmaqda maraqlıdırsa”, onunla “danışığa hazırdır”.
Putinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, ilin sonuna qədər ABŞ administrasiyası ilə heç bir təmas planlaşdırılmır.
Qafqaz.media