Putinin növbəti “qurbanı”, yoxsa… - Rus general və həyat yoldaşı evdə ölü tapıldılar

16/11/2023 - 15:56

Rusiya Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələrinin 6-cı Ordusunun keçmiş komandanı, general-leytenant Vladimir Sviridov Stavropol diyarında öz evində ölü tapılıb.

Bu barədə Rusiya mətbuatı xəbər verir.

Rusiya mətbuatı cəsədlərin noyabrın 15-i günorta saatlarında çarpayıda bir-birinin yanında uzanmış vəziyyətdə aşkar edildiyini yazıb.

Məlumata əsasən, 68 yaşlı general və onun 72 yaşlı həyat yoldaşı Mineralnıye Vodı şəhərinə aid olan Andjiyevski kəndindəki evdə yaşayırdılar. Onların bir həftə əvvəl öldüyü bildirilir. Üzərlərində zorakılıq əlamətləri aşkar edilməyib.

Versiyalardan birinə görə, onlar dəm qazından zəhərlənərək ölüblər. Lakin “Qorqaz”ın yerli mütəxəssisləri ölçmə apardıqdan sonra evdə artıq dəm qazı aşkar etməyiblər.