Qanla yazılmış sevgi dastanı... - Fuad Biləsuvarlı yazır
/Bu yazımı İlham və Fərizənin ölməz sevgilərinə ithaf edirəm.\
Bu dastan xalqımızın tarixinə qanla yazılmış 20 yanvar faciəsinin qəhrəmanları İlham və Fərizənin dastanıdır.
Yaşasaydılar, İlhamın indi 63, Fərizənin isə 55 yaşı olacaqdı. Oğul - uşaq, nəvə sahibləri olacaq ata, ana, baba, nənə adı daşıyacaqdılar.
Necə də bir-birinə yaraşırdılar. Sanki elə bir-biri üçün doğulmuşdular.
Bir-birini görəndə, saf məhəbbətə and içəndə heç ağıllarına da gəlməzdi ki, onları necə faciə gözləyir, bu saf məhəbbət nakam qalacaq...
Şəhidlər xiyabanındayam, onların məzarı önündə. Bu qoşa şəkillərində necə də bəxtiyardılar, ilahi. Üz-gözlərindən sevinc tökülür. Ehtiramla baş əyirəm.
Sevgi, saf məhəbbət həmişə müqəddəs olub. Bu gün də müqəddəsdir, sabah da belə olacaq. 20 yaşlı Fərizə isə öz sədaqəti ilə bu məhəbbəti daha ucalara qaldırdı. Sevgi tarixində yeni, əbədi bir iz qoydu.
Tale onları birləşdirəndə İlham D. Bünyadzadə Gəmi Təmiri zavodunda tornaçı işləyirdi. Fərizə tibb məktəbinin sonuncu kurs tələbəsi idi. Onların birgə xoşbəxt həyatı 1989 - cü ilin 30 iyun tarixindən başlamışdı. Qoşa cütlüyün minbir arzusu vardı.
Bakı isə qaynayırdı. Minlərlə, yüz minlərlə azadlıq aşiqləri meydanda idilər. Azad, suveren bir ölkənin azad vətəndaşları olmaq istəyirdilər. Adı fəhlə olan, ürəyi azadlıq həvəsi ilə döyünən İlham da onların arasında idi. O da səsini insanların səsinə qatır, azadlıq istəyirdi.
20 yanvar gününə keçən gecə də belə idi. Nə edilən xəbərdarlıqlar, nə şəhərə daxil olan tankların qorxunc səsləri onları azadlıq yolundan çəkindirə bilmirdi. Əksinə, bu ehtirası bir az da gücləndirirdi.
Əyalətlərdə istək və arzuları boğan rejim qanlı ordusuna güvənirdi, küçələrə çıxmış insanlar isə ürəklərinin səsinə qulaq asaraq qətiyyətlərinə arxalanırdılar.
Şəhərə daxil olan tanklar qəddarcasına heç nəyə baxmadan küçələr boyu hərəkət edir, dinc əhaliyə atəş açır, qarşına çıxanları tapdayırdı.
Tanklar İlhamın da içində olduğu kütlənin də yanına çatanda artıq rejim cəlladlarının əli günahsız insanların qanına batmışdı. Küçələr qan içində idi. Bakı qan ağlayırdı.
Bu anda İlham əlini qaldıraraq tankların qabağına çıxır, dinc əhaliyə atəş açılmaması tələbi ilə. Dünənə qədər fəxr etdiyimiz sovet əsgərləri onu gülləyə tuturlar. Bu da bir azadlıq mücahidinin nakam arzunun son anı, əbədiyyətə gedən yolun başlanğıcı...
Bəlkə də qəhrəman ürəkli İlham bu gecənin son gecə olduğunu duymuşdu. Ona görə də Fərizəni elə həmin gün anasıgilə aparıb, özü geri qayıtmışdı.
20 yanvar gecəsi küçələr al-qana boyanmışdı. İnsanlar evə qayıtmayan doğmalarını axtarırdılar. Şəhid olmuş İlhamı da belə tapmışdılar.
Bu ölüm şərəfli bir ölüm idi. İlham da cəmi 28 yaşında belə bir ömür yaşamışdı.
Bəs Fərizə?! 20 yaşı hələ tamam olmamış Fərizə İlhamsız həyata dözə bilərdimi?!
Yox, Fərizə üçün də artıq həyat sönmüşdü. O, həyatını canından çox sevdiyi İlhamsız təsəvvür edə bilmirdi.
Etmədi də. Adicə bir məktubda qısa sətirlər: " Mən İlhamsız yaşaya bilmərəm..." və intihar.
Bu intihar yox, qəhrəmanlıq, sücaət, igidlik, sədaqətlilik nümunəsi, saf məhəbbətin ən uca, əlçatmaz zirvəsi idi. Fərizə İlhama yenidən qovuşdu.
Yanvarın 22-sində iki nakam gənc Şəhidlər Xiyabanında yenidən qovuşdular, müqəddəs ruhları birləşdi.
Qarşınızda baş əyirəm, əziz qardaşım İlham, istəkli bacım Fərizə. Milyon-milyon gənclər üçün sədaqət simvolları.
Şəhidlər ölmürlər. Onlar ürəklərdən ürəklərə köçür, əbədiyyətə çevirilirlər.
Artıq 20 ildir ki, qədirbilən xalqımız bu iki nakam gəncin ailə qurduqları 30 iyun tarixini " Sevgililər günü" kimi qeyd edir. Ruhları şad olsun!..
Bu, heç zaman solmayacaq, xalqımızın azadlıq yolu mübarizəsinə qanla yazılmış bir sevgi dastanıdır. Bu dastan həmişə bizimlə olacaq.
Fuad BİLƏSUVARLI, AYB üzvü, AJB üzvü, Prezident mükafatçısı
Qafqaz.Media
Əməkdar artist Elşən Cəbrayılovun qiraətində "Şəhidlər" adlı şeirim.