Rusiya G7-nin “tavanına” cavab olaraq neftin qiymətini endirə bilər - “Bloomberg”

06/12/2022 - 23:55

Moskva G7 ölkələri tərəfindən neftin hər bareli üçün tətbiq edilən 60 dollar qiymət tavanına cavab olaraq satışda maksimum endirim yaratmaq imkanlarını nəzərdən keçirir.

Qafqaz.media xəbər verir ki, bu barədə “Bloomberg” anonim mənbələrə istinadən məlumat yayıb.

Qeyd edək ki, G7 ölkələri qiymət tavanı müəyyən etməklə Rusiya neftinin axınının dayanmayacağını, lakin onun qiymətinin Rusiyaya Ukraynada müharibəni davam etdirmək üçün lazım olan gəlirləri almasına imkan verməyəcəyini gözləyir.

“Bloomberg” mənbələrindən birinin sözlərinə görə, Rusiya öz neft alıcılarına bazarın tələblərinə cavab verən bir növ şəffaf qiymət mexanizmi təklif etmək istəyir. Variantlardan biri kimi Rusiya neftinə maksimum endirimlərin müəyyən edilməsi nəzərdən keçirilir. Bu endirimlərin ölçüsü bazarın davranışından asılı olaraq mütəmadi olaraq nəzərdən keçiriləcək.

Rusiya baş nazirinin müavini Aleksandr Novakın sözlərinə görə, tələsmək üçün heç bir əsas yoxdur və Moskvanın ilin sonuna qədər qiymət tavanına qarşı istənilən vasitədən istifadə etməyə vaxtı olacaq.

Yeri gəlmişkən, Rusiya prezidenti Vladimir Putinin özü də daxil olmaqla, Rusiyanın yüksək vəzifəli məmurları dəfələrlə bildiriblər ki, qiymət tavanı ilə razılaşmayacaqlar, onların fikrincə, bu, azad bazar qaydalarına uyğun gəlmir və qlobal tələb və təklif balansını poza bilər.

Novak həftənin əvvəlində xəbərdarlıq etmişdi ki, lazım gələrsə, Rusiya tətbiq edilən qiymət tavanına sadiq qalmağa qərar verən istənilən alıcıya xam neft tədarükünü dayandıracaq və hətta Moskva hasilatı müvəqqəti azaltmağa hazırdır.

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Neftin bu günə olan qiyməti
26/09/2024 - 09:14
Neftin qiyməti artıb
26/08/2024 - 09:46