Rusiya İran dronlarını Krımdan yox, Krasnodardan və Abxaziyadan atır - Britaniya kəşfiyyatı

21/12/2022 - 20:36

Britaniya hərbi kəşfiyyatı növbəti hesabatında maraqlı bir məlumat paylaşıb. Belə ki, qurum İranın pilotsuz uçuş aparatının buraxılış meydançasının əvvəlcə yerləşdiyi Ukraynanın işğal olunmuş Krımdan Krasnodar diyarına köçürülməsinə diqqət çəkib.

Britaniya analitiklərinin fikrincə, “Start sahəsinin dəyişdirilməsi, çox güman ki, Rusiyanın Krımın müdafiəsinin yaxud mövqeyinin zəifliyinə bağlı narahatlığı ilə əlaqədardır, həm də bu dəyişim silahların gəlişi nöqtəsindən - Həştərxandan tədarük üçün əlverişlidir”. Bu fərziyyəni Ukrayna Silahlı Qüvvələrinin Krımdakı işğalçıların hərbi aerodromlarına tez-tez müntəzəm zərbələr endirməsi də təsdiqləyir.
Xatırladaq ki, Rusiyanın Krasnodar diyarı işğal olunmuş Gürcüstan Abxaziyası ilə həmsərhəddir və Suxumidəki separatçı rejim son vaxtlara qədər rus işğalçılarını öz “təhlükəsizliyinin” və cəzasızlığının “qarantı” hesab edirdi. Amma vəziyyət sürətlə dəyişir.
Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus pilotsuz təyyarələrin Rusiya Qara Dəniz Donanmasının bazasına, xüsusilə də Ryazan yaxınlığında və Saratov vilayətinin Engelsdəki strateji Rusiya aviasiyasının bazalarına zərbəsindən sonra məlum oldu ki, separatçı Abxaziyanın bütün ərazisi (Ukrayna ilə məsafə Ryazan və ya Engesə olan məsafədən çox azdır) "hücum altındadır". Həm dənizdən, həm də havadan.
İşğalçı rus qoşunları Abxaziyada qanunsuz yerləşdirildiyi üçün bu ərazi Ukrayna silahlı qüvvələrinin cavab zərbələri üçün “qanuni hədəfinə” çevrilir. Üstəlik, Qudautadakı baza Rusiya Federasiyası üçün xüsusi əhəmiyyət kəsb edir, çünki o, artıq Ukraynanın hücumuna məruz qala biləcək Bryansk, Kursk, Belqorod, Voronej, Rostov bölgələri və Krasnodar diyarındakı Rusiya hərbi bazaları və aerodromları ilə müqayisədə hərbi əməliyyatlar teatrından nisbətən “uzaqda” yerləşir. 
Amma Ukrayna ordusu getdikcə daha çox “uzaq mənzilli” silahlar alır. Ola bilsin ki, müəyyən müddətdən sonra təcavüzkarlar öz PUA-larının buraxılış məntəqələrini Krasnodar diyarından daha uzaq cəbhə xəttinə aparsınlar. O cümlədən, çox güman ki, işğal olunmuş Abxaziyaya. Bu isə o deməkdir ki, Rusiyanın işğal etdiyi və Ukraynaya qarşı zərbələrin endirildiyi “arxa cəbhə” kimi istifadə edildiyi müddətdə Ukrayna Silahlı Qüvələri abxaz ərazilərinə, daha doğrusu Gürcüstan ərazisinə qarşı cavab tədbirləri görməyə məcbur olacaq.
Bu arada, Rusiya hərbi bazasının yerləşdiyi Qudauta işğal altında məhv olmaqda olan abxaz etnik qrupunun son kompakt yaşayış mərkəzidir. Çünki Suxumi və Qaqrada abxazlar çoxdan azlığa çevriliblər və burada tamamilə dominant olan və sayı sürətlə artan erməni icmasından sayca əhəmiyyətli dərəcədə azdırlar. Abxazların daha bir kompakt yaşayış mərkəzi olan Tkvarçeli şəhəri və onun ətrafıdır, lakin separatçı rejimin işğalı və hökmranlığı şəraitində müharibədən əvvəlki əhalisinin 9/10 hissəsini itirərək demək olar ki, tamamilə boş qalıb.
Nəticədə, işğalçılar Ukraynaya Qudautadan zərbələr endirmək və PUA-lar buraxmaq üçün abxazların arxasında çox yaxşı “gizlənə” bilərlər. Beləliklə, onsuz da kiçik olan abxaz etnik qrupunun qalıqları Ukrayna Silahlı Qüvvələrinin cavab zərbələri üçün “hədəf”ə çevriləcək.

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33