Sehrkar səsin möcüzəsi

05/02/2024 - 15:30

 

              Atası Zeynəbə - evinin sonbeşiyinə anasının adını vermişdi. Ailəsini halal zəhmətlə saxlayan neftçi - fəhlə ata bilmirdi ki, anasının verdiyi bu qız öz şaqraq səsi ilə dünyanı fəth edəcək, ailələrinə şan-şöhrət gətirəcək.
             Görəsən bəs Zeynəb özü bənzərsiz səsi olduğunu ilk dəfə nə vaxt hiss etmişdi?!
Onun gələcək həyat yolunu müəyyənləşdirəcək ecazkar səsindən xəbəri vardımı?!
            Yəqin ki, elə bu səs onu Bakı şəhərindəki məktəbli saraylarından birindəki özfəaliyyət dərnəyinə gətirmişdi. Böyük sənətə aparan yolun ilk başlanğıcı.
          Və Zeynəb Xanlarova ilahinin ona bəxş etdiyi ecazkar səsi ilə yolçusu olduğu bu yolda  surətlə parlamağa başladı.
Zirvəyə doğru addım-addım irəlilədi.
           Sonradan böyük sənətdə öz yerini tapandan sonra Zeynəb xanım Azərbaycanın bəlkə də dünyada musiqi səfirinə çevirilmişdi. Zeynəb Xanlarova bu qastrol səfərlərinin hər birində ürəkdən gələn bir səslə " Səni tərənnüm edirəm, mənim Azərbaycanım",  - deyirdi.
           Mən xalqımızın iftixarı Rəşid Behbudovdan başqa Zeynəb xanım kimi öz musiqisi ilə bütün dünyanı dolanan ikinci bir müğənni tanımıram. Onun çıxışlarını dünyanın hər  yerində  səbirsizliklə gözləyirdilər, maraqla dinləyirdilər, ürəklə alqışlayırdılar. O, öz sənətinin zirvəsində idi. Mərhum şair Teyyub Qurban demişkən: " Ərzi qərib -  dolaşan, bu səs - torpağındır!.." Böyük söz ustadımız Süleyman Rüstəm də bu sehrkar səsə biganə qala bilməmişdi.

        - Zeynəbəm, incə, gözəl mahnıların ovçusuyam,
Mən vüsal bağçasına qoymaram hicran qalsın.

1975- ci ildə ailə həyatı quran müğənni yenə də böyük səhnədən ayrılmadı.
Yox, son dərəcə çılğın, temperamentli Zeynəb Xanlarova səhnədən, surəkli tamaşaçı alqışlarından qala bilməzdi.

             Qastrollar, qastrollar. Zeynəb Xanlarova da ömrünün ən mənalı illərini müxtəlif ölkələrə qastrol səfərlərinə həsr etmişdi. Hər qastrol səfəri Zeynəb xanımın şöhrəti üzərinə yeni bir şöhrət gətirirdi. Onun ifasına valeh olmuş tamaşaçılar, xüsusilə həmin ölkələrdə yaşayan soydaşlarımız onu dönə- dönə öz ölkələrinə dəvət edirdilər. Zeynəb xanım öz sehrkar səsi ilə bir neçə saatlığa da olsa, onlara Vətən həsrətini unutdururdu.
Maraqlı olan başqa bir cəhət də vardı.
Zeynəbin çıxış etdiyi ölkələrdə, şəhərlərdə ən böyük konsert salonları belə darlıq edirdi. Ona görə də əksər hallarda onun konsertləri stadionlarda keçirilirdi.

Zeynəb xanım öz ecazkar sənəti ilə dövlətin təsis etdiyi bütün fəxri adlara layiq görülmüşdü. Hətta mənfur qonşularımız da, səsinə vurğun olduqları Zeynəb Xanlarovaya ölkələrinin Xalq artisti fəxri adını vermişdilər.
Rejissor, mərhum Arif Qaziyev 1982- ci ildə müğənni Zeynəb Xanlarovanın yaradıcılığını əhatə edən Salam, Zeynəb! adlı film-konsert çəkmişdi.
             Azərbaycanın dünya şöhrətli rəssamı Tahir Salahov onun haqqında belə deyirdi: " Zeynəb musiqimizdə hadisədir, mərhələdir və onun varlığıyla fəxr etməyə dəyər..."
            Deyirlər ki, Misir ölkəsinin məşhur müğənnisi, təkcə öz ölkəsində deyil, bunu şərq aləmində milyon-milyon ürəklərdə öz səsi ilə iz qoymuş Umğülsüm 75 yaşında belə səhnəyə çıxanda həmin konsertlərə bilet tapmaq ən müşkül məsələ imiş. Bütün qahirəlilər bu arzu ilə yaşayırlarmış...
             Qəlbən inanıram ki, bu gün sakit həyatını yaşayan Zeynəb xanım Xanlarova ölkəmizin ən böyük saraylarının birində konsert proqramı ilə çıxış etməyi qət eləsə, Qahirədəkində də böyük anşlaq yaşanacaq. Çünki yeni ilin ilk dəqiqələrində sevimli müğənnimizin ifası göstərdi ki,  Zeynəb elə həmin Zeynəbdir. Onun ecazkar səsi üçün darıxanlar isə milyon-milyon tamaşaçılardır.
Sizi gözləyirik, Zeynəb xanım!...

 

 Hazırladı: Fuad BİLƏSUVARLI,

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident mükafatçısı

Qafqaz.Media

        

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Adsız oğlan
09/09/2024 - 07:33
Nanənin yerinə o gələcək
26/08/2024 - 10:49