Səhnəmizin Sənubəri... - Fuad Biləsuvarlı yazır

25/10/2024 - 06:01

Həmişəki kimi Akademik Milli Dram Teatrının qarşısında anşlaqdır. İri tərtibatlı afişalar göz oxşayır. İngilis dramaturqu Vilyam Şekspirin "Yay gecəsində yuxu" tamaşasının premyerasıdır. Kassaların qabağından ümidsiz qayıdanlar çoxdur. Biletlər çoxdan satılıb, qurtarıb. Rejissor Hüseynağa Atakişiyev, Yelena rolunda Sənubər İsgəndərli. Ancaq heç kəs kassaların qabağından uzaqlaşmaq istəmir. Sanki nəyəsə ümid bəsləyirlər..Afişalardakı Sənubər İsgəndərli imzası hələ tamaşaçılara heç nə demir. Çoxları bəlkə də belə aktrisanın olmasından xəbərsizdir. Bu da səbəbsiz deyil. Çünki Yelena obrazı Sənubər İsgəndərlinin Milli Dram Teatrının səhnəsində ilk roludur. Özünü təsdiqləmək üçün əvəzsiz fürsət. Sənubər xanımın həyəcanı ölçüyəgəlməzdir. Pərdələr qalxır. Tamaşa başlayır. Aktyorların hər biri çoxsaylı tamaşaçılar qarşısında məsuliyyətlətini yaxşı dərk edirlər. Sənubər xanımda bu hisslər daha güclüdür. Axı, bu, onun üçün əzəmətli teatrın ecazkar səhnəsində ilk çıxışıdır. Bu, gənc aktrisa Sənubər İsgəndərlinin geniş tamaşaçı kütləsi və həmişə sevilən, ancaq olduqca tələbkar rejissor sayılan Hüseynağa Atakişiyevin qarşısında ilk sınaq imtahanıdır. Tamaşadakı Yelena maraqlı obrazdır. İzləyicilər onun hər səhnəyə gəlişini alqışlayırlar. Və əslində elə bütün tamaşa belə alqışlarla keçir. Səhnəyə yaraşan gənc aktrisa Sənubər İsgəndərli ürəyinin odunu verib Yelena obrazı onun ifasında öz təsdiqini tapır, sevilir. Sənubər xanım o anların üstündən neçə illər keçsə də, çox gözəl xatırlayır. Ən çox da son dərəcə tələbkar rejissor Hüseynağa Atakişiyevdən tamaşadan sonra eşitdiyi sözlər:
" Sənubər, bax, sən indi başladın gözəlləşməyə"...Teatr mütəxəssislər, aktyorlar yaxşı bilirlər: Hüseynağa müəllimdən elə ilk sınaqda bu sözləri almaq hər sənət adamına qismət olmur. Sənubər xanım isə bunu bacarıb, sevincindən göyün yeddinci qatındadır. " Deməli ümidləri doğruda bilmişəm. Deməli çəkilən zəhmətim hədər getməyib"... Respublikanın Əməkdar artisti Sənubər İsgəndərli həmişə sevilən aktrisadır. Uca Yaradan ondan səxavətini əsirgəməyib. Yaraşıqlı boy-buxun, gözəl sima, bir də sevib-seçdiyi peşəyə sonsuz məhəbbət. Bax, elə bu peşə məhəbbəti ona tamaşadan - tamaşaya böyük uğurlar gətirib. Təkcə teatr səhnəsində deyil, bir çox teleseriallarda da yer alması,  onun yaratdığı obrazlar qalereyasını daha da zənginləşdirib. Üstəlik hələ bir çox filmlərə çəkilməsi də Sənubər İsgəndərlinin bir aktrisa kimi həmişə diqqət mərkəzində olmasından xəbər verir. Yəqin ki, " Azərbaycanfilm"in istehsalı olan " Kişi sözü" filmini xatırlayırsınız. Həmin filmdəki Solmaz obrazını Sənubər İsgəndərli çox ustalıqla tamaşaçılarına təqdim edə bilib. Solmaz safdır, təmizdir, bir az da sadəlövhdür. Sənubər xanım ona tapşırılan bu rolu olduğu kimi canlandırmağı bacarıb. "Şahid qız",  "Fəryad",  " Əlvida cənub şəhəri", " Qaynana" və bir sıra digər filmlərdə də aktrisa maraqlı yadda qalan obrazlar yarada bilmişdir. Sənubər İsgəndərli əslində müğənni - aktirasıdır. Onun ifasında səslənmiş mahnıları eşidənlər indi də yaxşı xatırlayırlar. Sözün düzü, bu qeydləri qələmə alanda Sənubər İsgəndərlinin ifasında neçə illər əvvəl oxuduğu sözləri: Mədinə Gülgünün, musiqisi:  Cavanşir Quliyevin " Məhəbbət olmayanda" mahnısına qulaq asdım. İncə lirizm, ürəyə yatan səs. Əsl peşəkarcasına ifa idi. Oynadığı, həyat verdiyi hər bir rol Sənubər xanımın rəngarəng həyatının bir parçasıdır. Bu obrazların sevilməsi, tamaşaçı alqışı qazanması üçün Sənubər İsgəndərli ürəyinin hərarətini sərf edib.Teatr, lap elə kino sahəsində iz qoymaq hər sənətkara qismət olmur. Sənubər İsgəndərli isə səhnədə izi olan, hər çıxışını tamaşaçılarının intizarla gözlədiyi sənətkarlardandır. Əslində o səhnəyə, səhnə də elə Sənubər xanıma çox yaraşır. Azərbaycan Teatr Xadimləri ittifaqının təsis etdiyi " Sənətkar" medalı, " Qızıl Dərviş" mükafatı, kino yaradıcılığı sahəsinə verdiyi töhfələrə görə " İlin işgüzar xanımı" adı Sənubər İsgəndərlinin layiq görüldüyü " Əməkdar artist" fəxri adından sonra qazandığı fəxri ödüllərdir. Dəfələrlə adının Prezident mükafatçıları sırasında olması da əsl sənət uğurlarından xəbər verir. Dünya gözəllərindir, dünya sevənlərindir. Sənubər xanım da uzun illər ömrünü həsr etdiyi teatr və kino sahəsini bu gün də qəlbən sevir. Onu yaşadan, xalqımıza sevdirən də məhz, budur. Səhnəmizin Sənubəri, qoy bu sevgi sizin əbədi, solmayan sevginiz olsun. Sevgi olan yerdə sənət, sənət olan yerdə şöhrət var. Həmişə sənətin, şöhrətin zirvələrində Sənubər xanım!

Təkrarsız sənətkar

/ Bu şeirimi sevimli sənətkarımız, Respublikanın Əməkdar artisti, Azdramanın aktrisası Sənubər xanım İsgəndərliyə həsr edirəm.\

El gözü tərəzi el sevir səni,
Bu yaz vaxtı bağda  gül sevir səni.
Nəğməli könüllər, dil sevir səni,
Təkrarsız sənətkar Sənubər xanım!

Tomris, Jalə, Rəna, Zəminə, Solmaz,
Bir-birindən gözəl, maraqlı obraz.
Yaratdıqlarından heç ürək doymaz,
Təkrarsız sənətkar Sənubər xanım!

Dayanma, yorulma sərf elə əmək,
Oyna tamaşalar al-əlvan, qəşəng.
Baxaq rollarına nəsə öyrənək,
Təkrarsız sənətkar Sənubər xanım!

İstedadın zülmət yaran dan üzü,
Nəzərdən qorusun Yaradan sizi.
Tək qoymayın nolar  heç zaman bizi,
Təkrarsız sənətkar Sənubər xanım!

Səhnədə başına qızıllardan tac,
Qoyular inşallah,  bu bahar, bu yaz.
Vətən göylərindən nur, şöləni saç,
Təkrarsız sənətkar Sənubər xanım!

Qızın, kürəkənin arxan, dayağın,
Nəvələr əlində şansın, bayrağın.
Gülsün ev-eşiyin, yansın ocağın,
Təkrarsız sənətkar Sənubər xanım!

Müəllif: Fuad BİLƏSUVARLI, AYB üzvü, AJB üzvü, Prezident mükafatçısı 

Qafqaz.Media

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Cücə şorbası - Hekayə
19/11/2024 - 22:18
Nöqtələr...- İradə Əlili
13/11/2024 - 08:04