Sənə yanan varsa... - Zemfira Məhərrəmlinin hekayəsi

04/03/2024 - 14:28

- Axır vaxtlar gündüz saatlarında evdə az olursan, ay qız! Səbəbi nədir, görəsən?

Gənc qadın ərinin amiranə səsinə diksindi, özünü bir boy atıb nə cavab verəcəyini götür-qoy elədi. Handan-hana:

- Daim evdə tək qalmaqdan bezirəm. Anam xəstədir, bilirsən. Evdən çıxıb gedirəm ki, həm onu görüm, başa çıxım, həm də bir az təmiz havada gəzim, - dedi. Sonra isə dərindən köks ötürüb:

- Körpəmizin doğulmasına da hələ var...

Üzünü ərinə tərəf çevirəndə onun zəhmli baxışları ilə qarşılaşdı. İşdən yaman əsəbi gəlmişdi. Yemək masası arxasında əyləşib ağzını marçıldadan, sanki boşqaba zərblə çırpdığı qaşıqdan, çəngəl-bıçaqdan hirsini-hikkəsini çıxan kişi heç sakitləşmək istəmirdi:

- Hər şeyin bir yolu-yolağası, təhəri var. Bu gediş-gəlişi daha su yoluna döndərmə, ağır otur, batman gəl!

Qadın susdu. İçi sızlasa da, bəxtinə, taleyinə düşən ömür-gün yoldaşı ilə bağlı çox şey bilsə də, günü qara olsa da, danışmadı. Ona demədi ki, vaxt keçirdiyin, əyləndiyin, ailəmizə balta çalan o sərbəst, şıltaq qadın mənzilimizə zəng edərək sənin sirrini açıb. Sizin sevgi macəralarınızı bu azğın, əxlaqsız qadının dilindən eşitmək nə qədər əzabverici olsa da, dözümüm, səbrim köməyimə gəlib. Üstəlik, məni yad adam gözündə görməyin, hətta ilk hamiləliyimə də etinasız yanaşmağın çox ağrılıdır.

Kişi xörəyini yeyərək, qarşısındakı boşqabları zərblə geri itələdi. Ona səliqə-sahmanla süfrə açmış zövcəsinə heç "sağ ol" da demədi. Mobil telefonuna dəqiqəbaşı gələn zəngləri hər dəfə dayandırıb ekrana diqqətlə baxırdı. Ayağa qalxdı, gödəkçəsini asılqandan çıxarıb qapıya yönəldi.

Qadın pəncərədən küçəyə boylandı. Alatoran çəkilir, qaranlıq düşür, gecənin zülmət pərdəsi şəhərin başı üstünü alırdı. Cövlan edən payız öz hökmünü verməkdə, sözünü deməkdəydi. Saralıb yerə tökülən xəzəllər küçədəki işıq dirəklərindən asılmış lampaların şöləsində cazibədar görünür, kəhrəba butalı, qızılı xalçanı xatırladırdı. Dumanlı, çiskinli hava qadının tutqun əhvalı, pərişan halətiylə həmahəng idi. İstədi bu şərqovuşan vaxtda hara gedəcəyini soruşsun. Amma fikrindən vaz keçdi. "Onsuz da, geri qayıdan deyil," - deyə düşündü. Qəhər onu boğur, göz yaşları içinə axırdı.

 

***

Beş-altı ay əvvəl tanış olduğu açıq-saçıq, naz-qəmzəli gözəlin yanına tələsirdi. Günortadan bəri zəhlətökən çiskindən əsər-əlamət yoxuydu, indi güclü yağış şəhəri silkələyirdi. Maşının şüşələrini təmizləyən fırçalar gur yağmura tab gətirmir, necə deyərlər, göz-gözü görmürdü. Yolda sıx tıxac yaranmışdı. Avtomobillərin siqnal səsləri aləmi bürümüşdü: hövsələsiz sürücülərin isə başqa çarəsi yox idi.

Kimsə bildirdi ki, qarşıda avtomobil qəzası baş verib. Sanki ətrafdakı hər şey, hətta təbiət də qəfil, şıdırğı leysan yağışıyla bu görüşə mane olur, sədd çəkirdi. Üstəlik, qəza nəticəsində yol tamamilə bağlanmışdı. Görüşə gedən kişi maşını birtəhər kənara verib saxladı. Tıxac məngənəsindəki avtomobillərin arasından birtəhər keçərək xeyli irəlilədi. Qarşıda görduyu mənzərədən dəhşətə gəldi. İti sürətlə şütüyən, işıqfora məhəl qoymayan minik avtomobillərinin zəncirvari toqquşması nəticəsində köhnə "Jiquli" əzik-üzük olmuşdu. Taksi kimi yola çıxmış bu maşının ön oturacağındakı sərnişinin - çalsaçlı qocanın bir ayağı dizdən aşağı üzülmüşdü. Üz-gözü, qolları qan içindəydi. Sınıq-salxaq maşından onu güclə çıxarıb xərəyə qoydular, təcili yardım maşınına apardılar.

Yol polisinin əməkdaşları qəza baş vermiş ərazini təmizləməyə, qayda yaratmağa çalışırdı. Başqa yaralılar da vardı. Ağxalatlıların onlara köməyə tələsdiyini görəndə həkim dostu yadına düşdü. Xeylı vaxt idi ki, ondan ötrü darıxmışdı. O, cərrah-travmatoloq idi, yaxınlıqdakı özəl klinikada işləyirdi. "Tıxacda qalmaqdansa, dostumla görüşərəm", - deyə düşündü. Vaxtilə eyni məktəbdə, eyni sinifdə oxumuşdular. Məktəb illəri bitəndə yolları ayrılmışdı. O, biznesi, şagird yoldaşı isə tibb sahəsini seçmişdi.

 

***

Klinikaya çatıb dostunu soraqladı, ikinci növbədə işdə idi. Onun iş otağına qalxdı. Qəbula gələn sonuncu xəstə çəliyini yerə döyəcləyə-döyəcləyə otaqdan çıxanda içəri keçdi. İllərin həsrətlisi kimi qucaqlaşıb, bir-birindən hal-əhval tutdular. İndicə şahidi olduğu yol qəzasından danışıb, "qoy bir də heç kəs xəsarət almasın", - dedi. Sonra isə:

- Deyirlər, "kişinin başına iş gələr". Bir qadınla görüşürəm. Bu ağır yol qəzasıyla qarşılaşandan sonra düşündüm ki, başıma bir iş gəlsə, həmin gözəl buna necə yanaşar? Lap elə tutaq ki, belə bir qəzada ayağımı itirsəm, məni özünə yaraşdırarmı?

Gənc həkim eşitdiklərinə biganə qalmadı:

- Sənin çox ağıllı, təmkinli, həm də gözəl həyat yoldaşın var. Bütün bunları ona necə rəva görürsən? İndi söylədiklərini sənə heç yaraşdırmadım axı. İstəyirsən, hər iki qadını sınayaq, fikirlərini öyrənək.

- Necə?

- Səbir elə, biləcəksən.

Həkim, dostunun telefonunu ondan aldı, ekrandakı sonuncu nömrəni yığıb səsucaldan düyməni işə saldı:

- Xanım, avtomobil qəzasında xəsarət almış gənc kişini klinikamıza gətiriblər. Qəzadan əvvəl sonuncu dəfə telefonda sizinlə danışıb. Vəziyyəti ciddi, kritik idi. Qanqren olmasın deyə onun hər iki ayağını amputasiya etdik. Gəlib evə apara bilərsiniz.

Ötkəm, qaba bir səs otağa yayıldı:

- Nə dediniz, iki ayağı kəsilib?! - Sonra daha kəskin, ədalı tərzdə:

- Yanlışınız var. İndi onun mənə heç bir aidiyyatı yoxdur! Daha mənə gərək deyil. Gözəlçə arvadını axtarın, ərini çox sevdiyini söyləyirdi. Qoy, gəlib axsaq, şikəst ərinə sahib çıxsın, yiyəlik eləsin.

Ehtiyaclarını ödədiyi, çox müşkülünü asan elədiyi, az öncə görüşünə can atdığı qadın indi gör, nələr söyləyirdi! Beynində, sanki mühərrik uğuldayırdı. Ağrıyan başını əllərinin arasına alıb, fikrə getdi. Büsbütün sarsılmış, tutduğu əməldən peşman olmuşdu.

Düşündükləri sınağı başa vurmaqda israrlı olan həkim isə səsinin ahəngini dəyişərək dostunun evinə zəng edib, onun xanımına da eyni məlumatı çatdırmışdı. Bu xəbərdən sarsılıb hönkürən qadının cavabına heyran qalmışdılar:

- Siz nə danışırsınız? Ona canım qurban. O indi hardadır? Klinikanızın yerini deyin, lütfən. Kaş bu yağmurlu havada heç evdən çıxmayaydı, qəzaya da düşməyəydi. Yaralı canına qurban olum. Nə yaxşı ki, sağdır, İlahi! Hər əziyyətini özüm çəkərəm, gözümdən aralı qoymaram onu...

İncitdiyi, əzab verdiyi zövcəsinin kövrək, həlim səsini eşitdikcə gözləri dolur, səhvlərini bir daha başa düşürdü. Onu ürəkdən sevən, anlayan, halına yanan qadını olduğuna görə qürrələnirdi. Əsl xoşbəxtliyin nə olduğunu indi anlamışdı...

Qafqaz.Media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Rasim Abdullayev vəfat etdi
26/11/2024 - 11:37
Cücə şorbası - Hekayə
19/11/2024 - 22:18