Terrorun burada törədilməsi simvolik məna daşıyır - GENERAL

24/10/2024 - 11:41

Ötən gün qardaş Türkiyənin paytaxtı Ankara şəhərində terror aktı törədilib. Terror aktı nəticəsində 5 nəfər həyatını itirib, 22 nəfər yaralanıb. Hadisə TUSAŞ müdafiə şirkətinə məxsus obyektdə baş verib. Şirkət Türkiyədə müxtəlif pilotsuz uçuş aparatları (PUA), hərbi təyyarə və helikopterlərin istehsalı ilə məşğuldur. Terror aktının, həmçinin Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanın Kazana səfəri və Rusiya Prezidenti Vladimir Putinlə görüşündən qısa müddət əvvəl törədilməsi diqqət çəkib. Terror aktının, həmçinin Türkiyədə son günlər müzakirə edilən MHP liderinin çıxışından sonra baş verməsi diqqətləri bu istiqamətə yönəldib. Belə ki, Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı parlamentdə sensasiya xarakterli çıxış edib. Baxçalı MHP-nin qrup toplantısında PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalandan danışıb. Öcalanı nəzərdə tutan MHP lideri “onun təcrid olunması aradan qaldırılarsa, Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında çıxış etməli və terrora son qoyduğunu açıq şəkildə bəyan etməlidir” söyləyib. D.Baxçalı onu da deyib ki, Abdulla Öcalan PKK-nın siyasi qanadı sayılan DEM Partiyasının sıralarına qatılsın və silahı yerə qoyduğunu bəyan edib, terrorun tamamən bitdiyini, PKK-nın ləğv edildiyini hayqırsın. Bir çoxları Baxçalının bu çıxışını "ikinci kürd açılımı" kimi şərh edib. Terror aktının PKK tərəfindən törədildiyi bildirilir. Hadisəni Modern.az-a şərh edən türk general Yücel Karauz bildirib ki, Türkiyə cənubdan, şimaldan, şərqdən və qərbdən müxtəlif təhdidlərlə üz-üzədir. "PKK terror təşkilatı ilə mübarizə 40 ildir ki, davam edir. Bundan öncə sağ-sol adı altında qardaşlığımızı, birliyimizi pozmaq istəyən qüvvələr Türkiyədə fəaliyyət göstərməyə davam edir. Əvvəla onu deyim ki, hazırda "ikinci açılım" prosesi yoxdur. Ətrafımızdakı təhdidlərə qarşı ölkəmizi birlik və bərabərlik içərisində tutmaq üçün ilk növbədə daxili cəbhənin sabit olması məqsədilə terrora son verməyə, 86 milyonu bir araya gətirməyə çalışan çağırışlar var. Bu da normaldır".

O, hücumun TUSAŞ şirkətinə məxsus obyektdə baş verməsinin simvolik məna daşıdığını düşünür: "Hücumun TUSAŞ-da edilməsi simvolik məna daşıyır. TUSAŞ müdafiə şirkəti kimi dünyada artıq ilk beşliyə, pilotsuz uçuş aparatları istehsalı üzrə isə ilk üçlüyə daxil olub. Bu müdafiə sənayesi şirkətinə qarşı hücumun edilməsi anlamlı və simvolik fəaliyyətdir. Fəqət Türkiyə Cümhuriyyəti dövləti nəinki 40 ildir, terrorla mübarizə aparır, eləcə də min ildir ki, Anadoluda bayrağını dalğalandırmaq üçün mübarizəsini davam etdirir". General vurğulayıb ki, Türkiyə sonuncu terrorist qalana qədər mübarizəsini davam etdirəcək. "Türkiyə inkişaf etdirdiyi yerli və milli müdafiə sənayesi sistemləri, xalqının və silahlı qüvvələrinin fədakar fəaliyyətləri ilə terrorun öhdəsindən gələ biləcək gücdədir. Burada yenə maşa olaraq, xarici kəşfiyyatlar tərəfindən təlim keçirilmiş ünsürlərdən istifadə edilməsi və bu qardaşlığa, barışa, daxili sabitliyə gedən yolda ani olaraq belə reaksiya göstərilməsi, Türkiyə üzərində oynanan oyunların bir parçasıdır".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Doqquz terrorçu məhv edildi
24/11/2024 - 16:30