Ukrayna dünyanın ən böyük kəşfiyyat şirkəti ilə əməkdaşlıq edəcək

07/12/2022 - 00:07

Ukraynanın Rəqəmsal Transformasiya Nazirliyi özünü dünyanın ən böyük kəşfiyyat şirkəti adlandıran “Recorded Future” ilə əməkdaşlıq memorandumu imzalayıb.

Qafqaz.media Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu memorandum çərçivəsində “Recorded Future” Kiyevi öz kəşfiyyat platforması, mühəndisləri və analitikləri ilə təmin edəcək.

Ukraynanın Rəqəmsal Transformasiya naziri Mixail Fedorov öz “Telegram” kanalında yazıb: "Biz Ukraynanın mühüm infrastrukturunun müdafiəsini gücləndiririk. Biz ukraynalıları Rusiyanın hücumlarından qorumaq üçün birlikdə texnoloji imkanlar yaradacağıq. Qələbədən sonra təcrübəmizi bütün dünyaya ixrac edəcəyik”.

Fedorov həmçinin bildirib ki, “Recorded Future” artıq Ukraynaya Rusiya ordusu tərəfindən törədilmiş hərbi cinayətləri araşdırmağa kömək edib, “Intelligence Cloud” platformasına çıxışı təmin edib və Ukrayna təşkilatlarına və infrastrukturuna bir sıra kiberhücumları dəf etməyə kömək edib.

Qafqaz.media