“Ura” ifadəsi necə yaranıb? – Azərbaycan izi…
Sevinc və qələbə, döyüşdə hücum zamanı ən çox işlədilən sözdür “ura”! Bu sözün Sovet dövründən yarandığını iddia edirlər. Dilimizdə indi də işlənilən “ura” sözü Avropa dillərində də (almanca “hurra”, ingiliscə “hurray”) var. Sözün yaranma tarixi ilə bağlı müxtəlif versiyalar mövcuddur. Bir versiyaya görə, “hurray” tatarca “ur” sözündəndir, “döymək” mənasındadır. Daha bir versiyada deyilir ki, “hurray” kalmıkca “uralan” sözündəndir. Rus dilində “irəli” kimi istifadə edilir. Ruslar da bu ifadəni Osmanlı-Rusiya müharibələri dövründə türklərdən götürdüklərini bildirirlər. Osmanlılar döyüş zamanı “vur” kimi tərcümə olunan “vur ha” ifadəsindən və ya “irəli” mənasını verən monqolca “urax” sözündən istifadə edib və bunun döyüşçülərə müsbət təsirinə inanıblar. Rus hərbi elitası bunu döyüş fəryadı “ura” olaraq uyğunlaşdırıb istifadə etməyə başlayıb. Bu, Rusiya alimlərinin iddialardır. Bəs, əslində bu ifadə necə yaranıb ki, Osmanlı, oradan Rusiya, ardınca da bütün dünyada istifadə edilməyə başlayıb? XVIII əsrin sonlarından Almaniyada, 1830-cu ildən isə Fransada bu termindən istifadə edilib. Türkologiya üzrə mütəxəssis olan fransız tədqiqatçısı Jean-Paul Roux bu barədə qeyd edir ki, “hurray" sözü orta əsrlər Avropasına və Osmanlı dövlətinə qədim türk döyüş törəsində istifadə edilən “gəl, vur” mənasını verən “ur ah” - Osmanlı türkcəsində “vur hadi” - sözündən gəlib. Avropalılar “ur ah” sözünü öz ləhcələrinə uyğun olaraq “hurray” kimi istifadə ediblər. Ruslar isə bunu “ura” olaraq qəbul edib. “Çingiz xan və müasir dünyanın yaranması” kitabının müəllifi, amerikalı professor Cek Vetherford (Jack Weatherford) yazır: “Bu ifadə monqol ordusuna məxsusdur, “tələsin” mənasında işlədilib”. Monqolustan ordusunda “hurray” və “uria" sözləri bu gün də istifadə olunur. Bəzi tədqiqatçılar bunun qədim Misir tanrısı Ra ilə bağlı olduğunu iddia edirlər. Guya qədim misirlilər döyüş zaman “Ya Ra” – “RA uğrunda” deyərək döyüşə gedirdilər. Bir versiyaya görə bu ifadə Şərqdə Həsən Sabbahın xaşxaşilər (assasinlər) ordusunda “hu raj” – “cənnətə doğru” kimi istifadə edilib. Başqa bir versiyaya görə bu söz sufilərin “Ya hü/hu” zikrinin dəyişmiş formasıdır. Osmanlı və Səfəvi ordularında döyüş zamanı “Ya hü” çağrış kimi işlədilib və burdan da Avropa dillərinə keçib. Digər bir versiyaya görə qədim türklərdə “or bay” - orduda yüksək rütbəli zabitin əmrləri kimi istifadə edilib “ura” sözü. “Or” qədim türk dilində “ur” kimi işlənir, “vur” sözünə sinonimdir. Bəziləri bunu Şərqdə mövcud olmuş Hurri dövlətinin adı ilə bağlayıb, onların döyüş sloqanı kimi istifadə edildiyini iddia edir. Bir çox versiyalar yazmaq olar. Sözün türklərə məxsus olduğunu əksər isə tədqiqatçılar yazırlar və bu, müzakirə predmeti deyil. Lakin rast gəldiyim bir neçə qaynaqda sözün Babək Hürrəmi (Xürrəmi) dövründə istifadə edilən “Ya hürr”, yəni “Ya azadlıq” kimi istifadə edilən döyüş şüarından qaynaqlandığı bildirilir. Monqol ordusu Azərbaycana hücum edəndə yerli döyüşçülərin “Ya hürr” sözü onlarda vahimə yaratmış, əsir düşən əsgərlər bu ifadənin izahını onlara verəndən sonra onlar bundan “ur ax” – “vur ha” kimi istifadə etmişlər. Çünki monqol əsgərlərinə “azadlıq” sözü yad idi, amma səslənməsi vahiməli olduğu üçün “vur ha” kimi işlətməyə başlayıblar. Dünyaca məşhur onlayn Urban lüğətində də “Ya hürr” sözünə rast gəlmək olar.
Doğrusunu isə Allah bilir…