Üzeyir bəy nə düşünmüşsə, o da olacaq

18/09/2024 - 13:02

18 sentyabr ölkəmizdə Milli Musiqi Günüdür. Bu bayram dahi bəstəkarımız, Azərbaycan musiqisi deyildikdə ağla ilk gələn, hətta adı musiqimizin sinoniminə çevrilən Üzeyir bəy Hacıbəylinin doğum günü ilə bağlıdır.

Üzeyir bəy Hacıbəyli sadəcə bir bəstəkar deyil, o, Cümhuriyyət quruculuğumuzda yaxından iştirak etmiş, siyasi, strateji ağlı ilə ağır dönəmlərə sinə gərərək həyatda qalmağı bacarmış, əməllərini yalnız Azərbaycan xalqından yana tutmuş bəstəkar, yazıçı, publisist, dramaturq, ictimai xadimdir. Onu tariximizin yaddaşına əbədi həkk edən həm də bu cəhətlərdir.

Üzeyir bəy şəxsiyyətdir. Dəyişən dünya fonunda qırılma dönəmini yaşayaraq, kimlik axtarışında olan musiqi mədəniyyətimizi toparlamaq, milli kimliyi bir əski qiyafət kimi kənara atmağı istəyənlərlə müasir çağa gözlərini qapamağı tərəf tutan qütbləşmiş mədəni cəmiyyət içindən o, “ya dostsan, ya düşmən”, “ya bizdənsən, ya onlardan” deyimlərini kənara qoyaraq musiqimizdə yepyeni bir səhifə açdı. Dünya dəyişirdi, bunu XX əsrin başlanğıcı hər kəsə göstərdi. Həmin dövr üçün təkamül keçərək güc toplamış və cəmiyyətlərin istinadgahı olan Avropa mədəniyyətinin gözəl tərəflərini mənimsəməli olduğumuzu Üzeyir bəy anlayırdı. Özümüzü qorumağımız, var olmağımız üçün isə milli kimliyimizə sımsıx sarılmalı olduğumuzu da əyani sübut edirdi. Onun sübutları əsərləri idi: türk operası adlandırdığı “Leyli və Məcnun” və bu kimi daha beş opera, süjeti dastanlarımızın ən qədimlərindən olan, müqəddiməsi Azərbaycan xalqının azadlıq muradının simgəsinə çevrilən (ifadə Aydın K.Azimə məxsusdur) “Koroğlu” operası, “Arşın mal alan”, “O olmasın, bu olsun” kimi havaları xalqımızın dilindən düşməyən musiqili komediyalar, mahnılar, marşlar, elmi məqalələr və “Azərbaycan xalq musiqisinin əsasları” tədqiqatı, bir də... dövlətimizin rəmzi olan Himn...

Mənə görə Üzeyir bəyin bizlərə əmanət etdiyi ən dəyərli miras Respublikamızın Dövlət Himnidir. Ölkəmizin bir nömrəli musiqi əsərinin də məhz himnimiz olduğunu düşünürəm.

Anamın oxuduğu laylalardan sonra uşaqlıq xatiratımdakı ilk musiqi parçası da odur. Televiziya ekranından hər səhər dalğalanan bayraq üzərində gurlayan “Azərbaycan! Azərbaycan!” kəlmələrindən necə də təsirlənmişdim.  “Hifz etməyə müştaq olmağı” çox da yaxşı dərk etmirdi körpə düşüncəm, lakin bu ölkəni göz bəbəyi kimi qorumaq istəyi ürəyimdə kəpənəklər uçururdu. İrsi yaddaşım məni 1989-cu ilə, Azadlıq meydanına aparırdı. İzdihama yönəlmiş tribunadan elan edilən sözü Əhməd Cavadın, musiqisi Üzeyir bəy Hacıbəylinin olan “Azərbaycan Marşı” müstəqilliyin bərpası yolunda azadlığın ilk carçısı idi və o meydandan BBC, Voice of America, Deutsche Welle, Azadlıq radiosu vasitəsi ilə bütün dünyaya car çəkdi.

“Vaqif Səmədoğlu “himn”in sözləri Əhməd Cavadın, musiqisi Üzeyir bəy Hacıbəylinindir deyəndə alqış sədaları aləmi başına götürdü. Bir neçə dəqiqə alqış səsləri kəsilmədi. Mən bu alqışlarda Azərbaycan Xalq Cümhuriyyətinin bütün əzəmətini, möhtəşəmliyini, xalqımızın ona sonsuz məhəbbətini əyani surətdə gördüm. Alqış səslərinin müşayəti ilə “himn”in melodiyası – musiqisi səslənir. ... Bu əzəmətli musiqinin ilk sədalarından sonra “Azərbaycan! Azərbaycan!” deyən xorun səsi eşidildi. Yerdən yüz minlərlə adam ona səs verdilər. Sanki xalq bu sözlərin təşnəsi, acı idi. Sanki hamı illərlə görmədiyi əzizi ilə görüşür, ona qovuşurdu...” (Əli Saləddin. “Əhməd Cavad” (Azərbaycanın görkəmli adamları) Bakı. Gənclik, 1992)

“Azərbaycan marşı” Üzeyir bəy tərəfindən 1919-cu ildə bəstələnmişdir. Bəzi mənbələrə görə bu və bir digər “Milli marş”ın yazılmasına bəstəkar hələ 1917-ci ildə Yusif Vəzir Çəmənzəminlinin təklifi ilə başlamışdır. Azərbaycan Xalq Cümhuriyyətinin  Nazirlər Şurası 1920-ci il 30 yanvar tarixli “Azərbaycan Respublikasının milli himni, dövlət gerbi və möhürü, hərbi ordenlərinin layihələrinin hazırlanması haqqında" qərarına əsasən Xalq Maarif Nazirliyi 19 fevral 1920-ci ildə “Azərbaycan” qəzetində müsabiqə elan etdi. Müsabiqənin 1 may tarixində yekunlaşması nəzərdə tutulurdu ki, nə müsabiqənin bitməsi, nə də arzulandığı kimi Azərbaycan Xalq Cümhuriyyətinin ildönümündə, yəni 28 may tarixində rəsmi himnin qəbul edilməsi qismət olmadı... (mənbə: Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası)

Adı çəkilən hər iki marş 1966-cı ildə türk musiqişünası və bəstəkarı Etem Üngörün “Türk marşları” kitabında nəşr edilmişdir. “Ədəbiyyat və incəsənət” qəzetinin 14 iyul 1989-cu il tarixli sayında bəstəkar Sərdar Fərəcov “Üzeyir Hacıbəyovun iki marşı” adlı məqalə yazmış və hər iki əsərin tək səsli havasının notlarını təqdim etmişdir. Həmin məqalədəki “Azərbaycan Marşı” bəstəkar Aydın K.Azimin diqqətini çəkmiş və onun üzərində işləməyə başlamışdır. 1989-cu ildə ilk dəfə meydanda səslənən marş məhz Aydın müəllimin bərpa, xor və orkestr aranjimanıdır ki, o da 1992-ci il 27 may tarixli qərar ilə Azərbaycan Respublikasının Dövlət Himni olaraq qəbul edilmişdir. (mənbə: “Həyat” rəsmi dövlət qəzeti, 4 iyul 1992-ci il № 130 (384), “Azərbaycan Respublikasının Dövlət Himni haqqında”)

Himn Nəva qərar səsli (re/d) Nihavənd makamında yazılmışdır. Vaxtaşırı əsərin minor makamında yazılması və buna görə də qəmgin xarakterdə olması iddiaları əsassız və gərəksizdir. Üstəlik heç bir makam hər hansı bir əsərin xarakterini müəyyənləşdirən ilk amil sayıla bilməz.

Himn siqnalla başlayır. Bu, dövlət himn və marşlarında önəmli cəhətdir. Siqnal həm kütlənin ayağa qalxması üçün bir xəbərdarlıq, həm də insanların (və ya xorun) doğru tonallığa köklənməsi üçün instrumental parçadır. Zaman-zaman himnin siqnalsız ifa edildiyinin şahidi oluram. Bu, əsərin təhrif olunmasıdır və Azərbaycan Respublikasının “Dövlət Himnindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2. Maddəsi ilə qadağan edilmişdir.

Bir qədər himnin quruluşu üzərinə. Bəziləri mütəxəssislər himn janrının təntənəli mahnı olduğunu desələr də, əslində himn ilahidir. Antik mədəniyyətlərdə (Misir, Yunanıstan, Roma) tanrılara ünvanlanaraq oxunurdu. Qədim türklərdə bunlara “alkış” deyilirdi. (Ramil Aliyev “Türk mitolojisi” Astana yayınları. Ankara, 2020; Mahmud Kaşğari “Divani lüğət-it-türk” I cild. “Ozan” Bakı, 2006) Yəni əslində musiqi janrı olaraq himni mahnı ilə qarışdırmamalı: mahnının quruluşu bənd-nəqərat şəklindədirsə, himndə bu, fərqlidir. Dövlət himnimizin də strukturu bu baxımdan özəldir. Himndə Azərbaycan klassik muğam dəstgahlarının ümumi inkişaf yolu – pəsdən zilə doğru hərəkət – sezilir. Bu hərəkət himni dörd şöbəyə ayırır.

Zaman-zaman himn haqqında musiqiçilər və qeyriləri tərəfindən yuxarıda sadalanan və digər əsassız açıqlamalar edilmişdir. Bu baxımdan əsər musiqi tariximizdə ən çox hücuma məruz qalan nümunədir deyə bilərik. Bu cür məsuliyyətsiz davranışda bulunanlar ilk növbədə dövlət rəmzinə, daha sonra isə böyük dəyərimiz olan Üzeyir bəy Hacıbəyliyə həqarət etdiklərinin fərqinə vararlar deyə ümid edirəm. Hər kəsi “Musiqi Günü” münasibəti ilə qutlayır, yazımı isə bu fikir ilə bitirmək istəyirəm: Üzeyir bəy nə düşünmüşsə, o da olacaq.

Leyla Həmid Əhməd Xan

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Cücə şorbası - Hekayə
19/11/2024 - 22:18
Nöqtələr...- İradə Əlili
13/11/2024 - 08:04
Mif prosesdir - Azər TURAN
23/10/2024 - 15:28