VİRAN QOYULMUŞ “DUZLU ŞƏHƏR”... - Ona nə Ukrayna, nə də Rusiya nəzarət edə bilir

17/01/2023 - 17:29

Donbassdakı Soledar şəhəri daha çox özünün duz mədənləri ilə tanınır. Burada yerin altında böyük və dərin mədənlər var və onlara aparan yeraltı tunellərdə böyük yük maşınları hərəkət edə bilirdi. İndi həmin mədənlərdən nə qaldığını söyləmək çətindir...

Müharibədən əvvəl əhalisinin sayı 10 mindən bir qədər artıq olduğu üçün Soledar daha çox şəhər tipli qəsəbə kimi tanınıb. Buna baxmayaraq, həmin bu qəsəbəni aylarla davam edən qanlı döyüşlər, on minə yaxın canlı qüvvə itkisi hesabına ələ keçirdiyini iddia edən Kreml bunu “müharibənin dönüş nöqtəsi”, “böyük zəfər” və s. kimi təqdim edir. Bu, həmin Kremldir ki, üç günə Kiyevi, bir həftəyə isə bütün Ukraynanı zəbt edəcəyini bəyan edirdi.

Vəziyyət o yerə çatıb ki, həmin bu qəsəbədəki irəliləyişə sahiblik uğrunda ordu rəhbərliyi ilə “Vaqner” arasında az qala qırğın düşüb. “Vaqner”-in başçısı Yevgeni Priqojin Soledar “qələbəsini” öz ayağına, Müdafiə Nazirliyi isə öz ayağına yazmağa çalışır...

Bəs, əslində nə baş verir? Soledar doğrudanmı tamamilə rusların nəzarətinə keçib və doğrudanmı buradakı döyüşlər Putinin dediyi kimi, “müharibənin dönüş nöqtəsi”dir?

Əksər hərbi ekspertlər Soledarı klassik “boz zona” adlandırırlar. Bu, o deməkdir ki, şəhər tərəflərin heç birinin tam nəzarətində deyil və burada konkret cəbhə xətti yoxdur. Bu, elə rusiyalı hərbi müxbirlərin də ziddiyyətli məlumatlarından görünür.

Onlar gah şəhərin tam ələ keçirildiyini, gah onun uğrunda döyüşlər getdiyini, gah da hələ ukraynalıların onu nəzarətdə saxladıqlarını bildirirlər. Priqojin və Müdafiə Nazirliyi isə şəhərin zəbt olunduğu barədə artıq bir neçə dəfə məlumat yayıblar...

Ukryana tərəfinə gəlincə, “Madyar” adı ilə tanınan Ukrayna briqadalarının birinin başçısı ordu hissələrinin artıq yer üzündən silinmiş Soledarı tərk etdiyini bildirib. Lakin bunun ardınca Ukrayna Baş Qərargahı Soledarın itirilməsini “rəsmən təsdiqini tapmayan informasiya” kimi təqdim edib və bəyan edib ki, cəbhədə baş verənlərə dair yalnız rəsmi mənbənin məlumatlarına istinad etmək lazımdır. Baş Qərargah onu da əlavə edib ki, şəhər uğrunda döyüşlər davam edir və düşmən böyük itkilər verməkdədir.

Bəzi məlumatlara görə Rusiya ordusu bu qəsəbə uğrunda döyüşlərdə hər gün 500-ə yaxın itki verir. Onların əksəriyyəti həbsxanalardan buraxılıb “Vaqner”ə cəlb edilən məhbuslar olduğundan, Rusiya tərəfi bu şəxslərin düz-əməlli statistikasını belə aparmır və komandirlər də “uf” demədən onları “ət maşını”na göndərir. Onlardan fərqli olaraq, rəsmən səfərbərliyə cəlb edilmiş döyüşçülərdən daha ehtiyatla istifadə olunur və onların kütləvi tələfatının Rusiyada böyük səs-küy yaratmamasını təmin etmək üçün belələrini ön xəttin ən qaynar nöqtələrinə göndərməməyə çalışırlar.

Ancaq buna baxmayaraq, itkilərin sayı-hesabı yoxdur və ukraynalı hərbçilərin dediyi kimi, rusiyalılar “paçka-paçka ət maşınına göndərilir” və məhv edilirlər.

İş o yerə çatıb ki, öz qəddarlığı və hərbi cinayətləri ilə tanınan İqor Strelkov(Qirkin) belə Soledar və Baxmut uğrunda aparılan döyüşlərdəki itkilərlə bağlı həm “Vaqner”in başçısını, həm də Müdafiə Nazirliyini tənqid edib. Bildirib ki, daha düşünülmüş taktikadan istifadə olunmalıdır və döyüş qabiliyyətli birləşmələri bu cür “ət maşınına” göndərərək məhv etmək ağılsızlıqdır.

Soledardakı hazırkı vəziyyətə gəlincə, tanınmış ukraynalı hərbi ekspert Oleq Jdanov deyib ki, Ukrayna Silahlı Qüvvələri şəhərin həndəvərində müdafiə döyüşlərini davam etdirirlər. Onun bildirdiyinə görə, ukraynalılar şəhərin kənarında daha bir neçə gücləndirilmiş müdafiə xətləri yaradıblar. Bu işdə onlara təbii maneələr – su kanalları da ciddi kömək edir. Ümumilikdə isə ruslar şəhərə girsələr də orada möhkəmlənə bilmirlər. Çünki onların yerləşdikləri binalar müəyyən olunaraq, dərhal Ukrayna artilleriyası tərəfindən məhv edilir.

Soledarın hərbi əhəmiyyətinə gəlincə, o, Baxmuta gedən yolun üzərində yerləşdiyi üçün ruslara görə vacib sayılır. Həmin yola tam nəzarət olunsa, gələcəkdə Baxmutu tam mühasirəyə almaq mümkün olar və Ukrayna Ordusu bu şəhərdən çəkilmək məcburiyyətində qala bilər. Həmçinin, Ukrayna tərəfi bu istiqamətə əlavə qüvvələr göndərmək məcburiyyətində qalar ki, bu da onun Melitopol istiqamətində gözlənilən böyük əks-hücum əməliyyatının ləngiməsinə gətirib çıxarar.

Soledarın bir də Kreml üçün siyasi əhəmiyyəti var. Tam ələ keçiriləcəyi halda Soledar uzun müddətdən bəri rus ordusunun ilk zəbt etdiyi şəhər tipli qəsəbə olacaq. Bunun Putin səviyyəsində “müharibənin dönüş nöqtəsi” adlandırılması isə sadəcə, acı gülüş doğurur. Çünki Ukraynada azı yüzlərlə Soledar ölçülü yaşayış məntəqəsi var. Ukrayna Ordusu isə Qərb silahları hesabına günbəgün güclənməkdə davam edir.

Görünən nəticəisə odur ki, müharibədən əvvəl ABŞ-dan və Qərbdən Ukraynadan “şələ-küləsini” də götürüb getməsini, hətta NATO-nun Şərqi Avropadan çəkilməsini tələb edən, lazım gəlsə, La-Manş boğazına qədər gedəcəklərini əda ilə dilə gətirən Putin indi Soledar qəsəbəsinin həndəvərindəki kiçik su kanallarında, bataqlıqlarda ilişib qalıb...

C.Məmmədov