Xəzərin suyu duzsuzlaşdırılır: Daha Azərbaycanda su qıtlığı olmayacaq?

25/10/2024 - 11:15

Bakı şəhərinin və ətraf ərazilərin içməli su təminatında duzsuzlaşdırılmış dəniz suyundan istifadəyə 2027-ci ilin sonunadək başlanılması planlaşdırılır. Bu barədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunan “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”da qeyd edilib. 2024-2027-ci illərdə “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın həyata keçirilməsi üzrə Tədbirlər Planına əsasən müvafiq sahədə beynəlxalq şirkətlərlə müqavilələrin bağlanılması və layihə sənədlərinin hazırlanması, dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi nəzərdə tutulur. Bununla bağlı millət vəkili Vüqar Bayramov Publika.az-a açıqlama verib. O bildirib ki, duzsuzlaşdırılmış dəniz sularından istifadə bu gün bir çox ölkələrdə tədbiq olunur: “Ən yaxşı təcrübə isə İsraildədir. Bunun üçün artıq texnologiya inkişaf edib, yeni texnologiyalar tətbiq olunur. Xeyli vaxtdır ki, Azərbaycanda bu istiqamətdə müzakirələr gedir. Yeni strategiyaya uyğun olaraq qısa, orta və uzunmüddətli dövrdə hədəflər müəyyənləşib. Bu konteksdə duzsuzlaşdırılmış dəniz sularından içmədə və meliorasiyada istifadə etmək olacaq.

İstifadə olunan suyun həcminin bu yolla artırılması mümkündür. Bu, suya olan tələbin ödənməsində də xüsusi paya malik olacaq. Azərbaycanda içməli su ilə yanaşı suvarmada da suya tələb yüksəkdir. Ona görə də suvarmada tələbin ödənilməsi baxımdan bu praktikanın tətbiq edilməsi çox vacibdir”.

Sənədə əsasən, eyni zamanda yüksək minerallaşmış yeraltı suların təmizlənməsi və istifadəyə cəlb edilməsi, su təminatında aktiv istifadə olunan kəhrizlərin sayının artırılması, kollektor, drenaj və tullantı sularının emalı və təkrar istifadəyə cəlb edilməsi, yağış sularının idarə olunması və istifadəyə cəlb olunması planlaşdırılır. Azərbaycan əhalisinin içməli su ilə təmin edilməsi üçün ölkə üzrə 28,4 kubmetr/saniyə (894 milyon kubmetr/il) su tələb olunur. Lakin faktiki olaraq mərkəzləşdirilmiş formada xidmət göstərilən yaşayış məntəqələrinə mövcud içməli su mənbələrindən 21 kubmetr/saniyə (662 milyon kubmetr/il) su verilir. Bu sahədə mövcud su itkilərinin 37 faiz (7,77 kubmetr/saniyə) təşkil etməsi səbəbindən 13,23 kubmetr/saniyə su əhalinin istehlakına sərf olunur ki, bu da normativ tələblərdən 53,5 faiz (15,2 kubmetr/saniyə) azdır.

Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin hidrometeorologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərovun sözlərinə görə, bu layihə çərçivəsində Xəzər dənizinin bir neçə hissəsində, Sumqayıt və Şüvəlanda suyun duzsuzlaşdırılması planlaşdırılır: “Bəzi tədqiqatlar da aparılır. Duzsuzlaşdırılma əsasən Abşeron yarımadasına aid olacaq. Yarımadada ölkə əhalisinin çox hissəsi yerləşməsinə baxmayaraq, heç bir su ehtiyatı yoxdur. Bütün ehtiyatlarımız kənardan gəlir. Lakin bu, o demək deyil ki, bütün suyumuzu yığışdırıb, yalnız dəniz suyundan istifadə edək. Ehtiyaca uyğun şəkildə ondan istifadə edəcəyik. Hazırda içdiyimiz suyu ağaclara da veririk. Bu, böyük faciədir. Dəniz suyunun duzsuzlaşdırılması ilə bununla bağlı gərginliyi aradan qaldıra bilərik”.

Şöbə müdiri diqqətə çatdırıb ki, suyun duzsuzlaşdırılması zamanı dənizdən bir miqdar su götürülür və emala verilir: “Xəzərdə suyun səviyyəsi sürətli şəkildə düşməyə davam edir. Su nə qədər çirkli olarsa bir o qədər də tullantı olacaq. Xəzər dənizində neft tullantıları var və bu duzsuzlaşdırmaya təsir edir. Dəniz suyunu duzsuzlaşdırarkən su ən alt təbəqələrdən götürülür. Bu zaman xüsusi borularla dənizin dərinliklərindən su çəkilir. Başqa yerə aparılaraq suyun tərkibində olan duzlar, maddələr təmizlənir və yalnız içməli su qalır. Bəzən isə duzsuzlaşıdırılma elə dənizin içində aparılır. Bunun üçün böyük vəsait lazımdır. Əgər tullantılar yenidən Xəzərin sahilinə və ya özünə töküləcəksə, bu işin yalnız dənizə zərəri olacaq. Getdikcə bütün dünyada dəniz suyunun duzsuzlaşdırılması prosesi ucuzlaşır”

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Sabah qar yağacaq
16/11/2024 - 13:01
Bu xanımlara vəzifə verildi
16/11/2024 - 13:00
Sabiq prokuror vəfat etdi
14/11/2024 - 13:21