Yanvarın 9-da Saakaşvilinin məhkəməsində gürcü həkimlər dindiriləcək – VƏKİLDƏN AÇIQLAMA

06/01/2023 - 00:18

Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin vəkili Şalva Xaçapuridzenin sözlərinə görə, yanvarın 9-da eks-prezidentin məhkəməsində gürcü həkimlər dindiriləcək.

Qafqaz.media xəbər verir ki, o, bu barədə “Vivamed” klinikasından çıxarkən jurnalistlərə deyib.

Xaçapuridze onu da deyib ki, hər bir məhbusun məhkəmədə iştirak etmək hüququ var.

“Biz tələb edirik ki, Mixail Saakaşviliyə birbaşa, fiziki olaraq məhkəmə prosesində iştirak etmək imkanı verilsin. Mixail Saakaşvili bunu tələb edir və biz hüquqşünaslar da bununla razılaşırıq. Mixail Saakaşvilinin səhhətinin ağır olduğu təsdiqlənib”, - Xaçapuridze qeyd edir.

Saakaşvilinin mesajlarına gəlincə, vəkilin sözlərinə görə, keçmiş prezident ona patriarxın 90 illik yubileyi ilə bağlı təbrik məktubu təqdim edib.

Xatırladaq ki, Gürcüstan prezidenti Mixail Saakaşvilinin cəzasının təxirə salınması və ya onun cəzadan azad edilməsi məsələsi üzrə məhkəmə yanvarın 9-da saat 12:00-da keçiriləcək.

Bir neçə həftə əvvəl Saakaşvilinin vəkilləri məhkəmədə keçmiş prezidentin cəzasının dayandırılması və ya onun cəzadan azad edilməsi barədə vəsatət qaldırmışdılar. Şikayətə hakim Giorgi Arevadze baxır.

Qafqaz.media