20 Yanvar şəhidi, Gürcüstan azərbaycanlısı Ələsgər Qayıbovun xatirəsi yad edilib
Gürcüstanın Saqareco rayonunun Qaraçöp kəndində (Yor-Muğanlı) 20 Yanvar və 9 Aprel şəhidlərinin xatirəsi ehtiramla yad olunub. Bu münasibətlə “Report”un yerli bürosu Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları ilə birlikdə Qaraçöp kəndində olub. 20 Yanvar şəhidi Ələsgər Qayıbov da bu kənddəndir. Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşları Samir Əbdürəhmanov, Ramiz Hacızadə, Saqareco rayonunun meri Aftandil Qulikaşvili, ictimaiyyət nümayəndələri, şəhid Ələsgər Qayıbovun yaxınları, məktəblilər yanvarın 20-də Qaraçöp kəndindəki “Şəhidlik” memorialı önünə gül dəstələri düzüblər. Şəhidlərin ruhuna dualar oxuyublar. Çıxış edənlər Azərbaycan və gürcü xalqlarının müstəqillik uğrundakı mübarizəsindən, sovet imperiyası qüvvələrinin xalqların mübarizə əzmini qırmaq üçün törətdiyi dəhşətli cinayətlərdən, vəhşiliklərdən söz açıblar. Vurğulanıb ki, 20 Yanvar faciəsi zamanı 6 Gürcüstan azərbaycanlısı şəhid olub. Sonra tədbir iştirakçıları şəhidin doğulduğu evdə olub, ailə üzvləri və yaxınları ilə görüşüblər. Şəhidin doğmaları bildirib ki, Ələsgər Qayıbov 1966-cı il martın 15-də Qaraçöpdə anadan olub və Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun tələbəsi idi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə o, xeyli yaralıya kömək etmişdi. Şəhidin qardaşı Nəriman Qayıbov bildirir ki, Ələsgər Qayıbov Vətənini sevən, fədakar bir gənc olub və Azərbaycanın müstəqilliyi uğrunda canını fəda edib: “Ələsgər Azərbaycanın azadlığı uğrunda şəhid oldu. Bütün şəhidlərimizə Allah rəhmət eləsin. Azərbaycana həmişə azadlıq arzu edirəm”.Şəhidin ailə üzvləri görüş zamanı Ələsgər Qayıbovun doğulub boya-başa çatdığı küçəyə onun adının verilməsi ilə bağlı arzularını ifadə ediblər. Qeyd edək ki, Bakının Nərimanov rayonunda yerləşən Ələsgər Qayıbov küçəsində şəhidin xatirə lövhəsi quraşdırılıb. Onun xatirəsi doğma kəndi Qaraçöpün girişində ucaldılan abidədə də yaşayır. Bu abidə Gürcüstan və Azərbaycanın müstəqilliyi uğrunda şəhid olan qəhrəmanların xatirəsini əbədiləşdirir. Tədbir çərçivəsində Azərbaycan səfirliyi tərəfindən şəhidin ailəsinə ərzaq yardımı təqdim olunub. Daha sonra Keşəli kəndində də 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə vətənpərvərlik mövzusunda çıxışlar olub və şəhidlərin xatirəsi ehtiramla yad edilib.