ABŞ PUTİNƏ SÖVDƏLƏŞMƏ TƏKLİF EDİB - “Məhz bundan sonra Ukraynaya tankların verilməsi qərara alındı”

02/02/2023 - 16:24

Məlum olduğu kimi, iki gün öncə Rusiya XİN başçısı Sergey Lavrov ABŞ Dövlət katibi Entoni Blinkenin misirli həmkarı vasitəsilə Kremlə mesaj göndərdiyini bildirmişdi: “Biz yenə də cənab nazir vasitəsilə verilən mesajı eşitdik: Rusiya dayanmalı və (Ukraynadan) getməlidir, sonra hər şey yaxşı olacaq”. 

Lavrov Kremlin belə təklifləri ciddi qəbul etmədiyinə işarə vurub. Bəs əslində Rusiya rəhbərliyinə hansı mesajlar verilib və konkret olaraq, nə təklif edilib?

Son günlər Qərb mətbuatında və ekspert dairələrində ABŞ rəhbərliyinin Ukraynadakı savaşla bağlı Kremlə gizli təkliflər göndərdiyi barədə məlumatlar yayılır və bu prosesin əsas iştirakçılarınınMərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns və Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin olduğu qeyd edilir. “AzPolitika.info” xəbər verir ki, bu mövzuyla bağlı Ukrayna kanallarından birinə açıqlama verən Rusiya FTX-sinin sabiq polkovniki və Duma üzvü olmuş Gennadi Qudkov sözügedən təkliflərin detalları barədə danışıb.

O, deyib ki, əslində Misir XİN başçısı ilə göndərilən rəsmi mesaj önəmli deyil və daha ciddi təklif hələ son Ramştayn görüşündən əvvəl Putinə ünvanlanıb: “Putin təklif alıb ki, 23 fevral sərhədlərinə çəkilsin. Təklif olunub ki, bir müddətdən sonra Krımın deokupasiyası ilə bağlı danışıqlar başlasın və bu zaman kəsiyində “Putinin sifətini saxlamaq təmin olunsun”. Bununla yanaşı, Rusiya günahını boynuna alır və Ukraynaya təzminat ödənməsinə razılıq verir. Bununla da müharibə bitir”.

Qudkov deyib ki, Ramştayn görüşü ərəfəsində özəl mənbələrin yaydığı bu məlumatlar ABŞ-ın mövqeyini əks etdirirdi və Rusiya bu təkliflərlə razılaşacağı təqdirdə, Ağ Ev Volodimir Zelenski hakimiyyətilə müzakirələrə başlamaq fikrində idi.

Qudkov bildirib ki, son Ramştayn görüşündə ilk olaraq Ukraynaya tankların verilməsindən imtina edilməsi də məhz Rusiyadan cavab gözlənilməsi ilə bağlı olub: “Bizim Qərbdəki mənbələrimizdən biri dedi ki, Kremllə danışıqlar gedir və ola bilsin ki, heç tankların verilməsinə ehtiyac olmasın. Lakin Putin tərslik edərək, ona edilən yaxşı varintdan imtina etdi. Məhz bundan sonra Qərb ağır silahların, tankların verilməsi məsələsində ritorikasını dəyişdi və tankları vermək qərarını qəbul etdi. Putin göstərdi ki, artıq çoxdan sağlam düşüncəyə tüpürməyə başlayıb. O, bizdə olan məlumata görə, Luqnsk və Donetsk vilayətlərinin ona verilməsini və Krımın Rusiya ərazisi kimi tanınmasını istəyib. Bunun qarşılığında isə digər işğal olunmuş əraziləri – Xerson və Zaporojye vilayətlərinin zəbt edilmiş hissələrini qaytarmağa hazırdır. Yəni, “bunları mənə verin və onda mən sizinlə hesablaşmağa hazıram”. Qərbin də cavabını bilirsiniz - “Leopard”, “Abrams” “Çelencer” tankları, 14-15 fevralda 9-cu Ramştayn görüşünün keçirilməsi qərarı və s. Qərbin Putinin beyinsiz siyasətinə cavabı bu oldu və bu, göstərir ki, Putin öz “oyununu” artıq bitirdi”.

Qudkov deyib ki, Putin bununla da Qərbin səbrini daşırıb və onu daha qətiyyətli şəkildə güc dilində danışmağa vadar edib.

O, əslində, Putinin zatən güc dilindən başqa dil anlamadığını bildirərək, Rəcəb Tayyib Ərdoğanın Putinə qarşı siyasətini xatırladıb: “Qərb dözdü, dözdü və səbri tükəndi. Putinə dedi ki, sən güc dilindən başqa heç nəyi qəbul etmirsənsə, biz də səninlə güc dilində danışacağıq. İndi Ukraynaya ağır silahlar, tanklar, raketlər, təyyarələr və digər silah-sursat sürətlə gedəcək. Putinə nəfəs almasına, özünə gəlməsinə və hərbi sənayesini işə salmasına, gücləndirməsinə imkan verilməməlidir... Müharibəni 2023-cü ildə Ukraynanın qələbəsi ilə yekunlaşdırmaq lazımdır. Mən bəlkə də minlərlə dəfə Ərdoğanı nümunə gətirmişəm. Hansı ki, nə istəyir, onu da edir. Putinsə Ərdoğan nə desə, mütiliklə başını yelləyir, çünki ona qarşı heç nə edə bilmir... Çünki Ərdoğanda siyasi iradə, cəsarət bir çox liderlərdən daha üstündür. Odur ki, güc dili indiki hərbi situasiyada ən yaxşı işləyən dildir”.

C.Məmmədov