Avropa Qətər qazından məhrum ola bilər

15/01/2024 - 14:04

ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin Yəməndə husilərin hədəflərinə aviazərbələr həyata keçirməsi marşrut boyunca riskləri artırdığındn, Qətər mayeləşdirilmiş təbii qaz (LNG) tankerlərinin Bab əl-Məndəb boğazından daşınmasını dayandırıb.

Bu barədə “Bloomberg” yazır.

Agentlik bildirib ki, Qətər tərəfindən Qırmızı dənizin cənubundakı boğaza gedən ən azı beş maye qaz gəmisi cümə günündən etibarən dayandırılıb. Üç tanker Oman sahillərində, biri Qırmızı dənizdə, digəri isə Aralıq dənizində Süveyş kanalı yaxınlığında saxlanılır.

Qeyd edək ki, ABŞ və Britaniya donanmasının da daxil olduğu birgə hərbi qüvvələr husilərə qarşı hava hücumlarından sonra ticarət gəmilərinə Qırmızı dənizin cənubundakı təhlükə zonasından uzaq durmağı tövsiyə edib.

Ən azı üç böyük neft tankeri operatoru ərazidən daşınmanı dayandıracaqlarını bildiriblər.

Xatırladaq ki, Qətər ABŞ-dan sonra Avropanın ən böyük LNG tədarükçüsüdür. Ötən il Qətər qazı Qərbi Avropa istehlakının təxminən 13%-ni təşkil edib.

"Risklərin artması Avropaya istilik və elektrik enerjisi yanacaqlarının tədarükünü gecikdirə bilər, lakin çətin ki, yaxın müddətdə çatışmazlıqlar yaransın. Bölgə kifayət qədər ehtiyatla təmin olunub, sənaye tələbatı zəif olaraq qalır və qış indiyə qədər nisbətən mülayim keçib”, - nəşr əlavə edir.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ