Avtomobillə aeroporta daxil oldu, iki dəfə havaya atəş açdı, molotov kokteyli ataraq təyyarəni yandırdı…

05/11/2023 - 11:24

Noyabrın 4-də axşam Hamburq aeroportuna avtomobillə silahlı şəxs daxil olub.

“Bild am Sonntag xəbər verir ki, hadisə yerli vaxtla saat 20.00-da baş verib.

Aeroporta daxil olan şəxs iki dəfə havaya atəş açıb. Hüquq-mühafizə orqanlarının həyata keçirdiyi tədbirlərlə əlaqədar aeroportda uçuşlar dayandırılıb. Federal Polisin mətbuat katibi Tomas Qerbert bildirib ki, bundan əvvəl kişinin həyat yoldaşı polisə müraciət edib, uşağının əri tərəfindən oğurlandığını bildirib.

Hadisə yerinə Hamburq polis qüvvələri cəlb olunub, həmin şəxslə əlaqə yaradılıb və hazırda danışıqlar davam edir. Kişinin yanında minimum bir uşaq olduğu bildirilib.

Həmin şəxs avtomobildən iki molotov kokteyli atıb və yanğınsöndürənlər yaxınlıqda alışan təyyarəni söndürməli olublar.

Yerli media avtomobildə 4 yaşlı uşağın girov kimi saxlanıldığını yazır. Fövqəladə vəziyyətin mümkün səbəblərindən biri qəyyumluqla bağlı mübahisədir.