Azərbaycan səfirliyinə atəş açan şəxs silahı haradan alıb? - ŞOK DETALLAR
Telegra.ph resursunda Azərbaycanın Tehrandakı səfirliyinə hücumla bağlı “Azərbaycan səfirliyinə atəş açan şəxs silahı haradan alıb?” başlıqlı araşdırma xarakterli məqalə dərc olunub.
Qafqaz.media oxu.az-a istinadən həmin materialı olduğu kimi təqdim edir:
Cümə günü, 27 yanvar 2023-cü ildə İran vətəndaşı, İslam İnqilabı Keşikçiləri Korpusundan (SEPAH) qovulmuş, hazırda meyvə ticarəti ilə məşğul olan Yasin Hüseynzadə Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə daxil olaraq atəş açıb. O, “Kalaşnikov” avtomatı ilə Azərbaycan Respublikası səfirliyinin mühafizə xidmətinin rəisini öldürüb.
Dərhal Tehran polisinin rəhbəri Hüseyn Rəhimi bildirib ki, hücum edən şəxs “öz təşəbbüsü və iki azyaşlı uşağının müşayiəti ilə səfirliyin binasına daxil olub” və “İran polisinin çevik reaksiyasından” sonra həbs edilib.
Halbuki, səfirliyin müşahidə kameraları tərəfindən hücumun əvvəlindən qeydə alınan videoda “Pride” markalı avtomobildə hücum edəndən başqa sərnişinin olmadığı görünür.
Tehranın polis rəisinin ilk yalanından məlum olur ki, burada əsl ssenari reallaşır.
Polis rəisinin ikinci yalanı isə İran polisinin dərhal reaksiyasıdır. Bu iddialara cavab olaraq Azərbaycan səfirliyi silahlı şəxsin hücumuna dair üç video yayıb ki, bu da general Rəhiminin hekayəsinin etibarsızlığını açıq şəkildə göstərir.
Polis uzun sürən dəqiqələrin ardından və səfirlik işçiləri təcili yardım üçün zəng vurduqdan sonra hadisə yerinə gəliblər.
Bu arada Azərbaycan Respublikası təhlükəsizlik xidmətinin nümayəndəsi ölkənin “Report” xəbər agentliyinə bildirib ki, bu, son iki ildə ölkənin İrandakı səfirliyinə beşinci hücumdur. İki ölkə arasındakı gərgin atmosferə və Azərbaycan Respublikasının səfirliyinə hücumların tarixçəsinə baxmayaraq, İslam Respublikasının niyə onu qorumaq üçün heç bir tədbir haqqında düşünmədiyi aydın deyil.
İslam İnqilabı Keşikçiləri Korpusu və ədliyyə orqanları ilə əlaqəli media orqanları bu hadisədən dərhal sonra hücumun silahlı şəxsin “səfirlik binasında saxlanılan arvadını xilas etmək” üçün törədildiyini açıqlayıblar. Bu iddia da Azərbaycan hökuməti tərəfindən dərhal təkzib olunub.
İran mediasının hücumçunun uşağı adlandırdığı gənc qız açıq-aydın deyib ki, anam səfirlikdə deyil, Azərbaycandadır və onunla söhbətimiz olub. O bildirib ki, təxminən 10 gün əvvəl Bakıda yaşayan qadınla telefonla danışıb.
Bir neçə saat sonra İran ədliyyəsi məlumat verib ki, həmin kişinin Azərbaycan Respublikası vətəndaşı olan arvadı bir il əvvəl ölkəsinə qayıdıb və kişi özü də bu məsələdən ədliyyə orqanları və İran Xarici İşlər Nazirliyi vasitəsilə xəbərdar olub. Azərbaycan Respublikasında və İranda indiyə qədər hakimiyyət orqanları tərəfindən diqqətdən kənarda qalan bir məsələ də hücum edənin həyat yoldaşının və ya sirlə örtülmüş Yasin Hüseynzadənin kimliyidir?
54 yaşlı Yasin (Səfər) Hüseynzadə İran-İraq müharibəsi zamanı SEPAH-a qoşulub. O, 1988-ci ildə İslam İnqilabı Keşikçiləri Korpusunu tərk edənə qədər burada yük maşınlarında sürücü işləyib, daha sonra isə bal və meyvə satışı kimi ticarət işlərində fəal iştirak edib. Onun həyat yoldaşı haqqında məlumat çox azdır.
Bununla belə, İslam Respublikası 1999-cu ildə İranın Bakıdakı Konsulluğunda qeydiyyatdan keçmiş qadının doğum haqqında şəhadətnaməsinin ikinci səhifəsinin fotoşəkillərini dərc edib. Burada qadının adı Gülnar, soyadı isə Əliyeva kimi görünsə də, tam anlaşılmır. Həmçinin Konsulluqda onun İsra və Məhəmməd adlı uşaqları bərəsində məlumat var. İsra 2001, Məhəmməd isə 2013-cü ildə doğulmuş kimi qeydə alınıb. Baxmayaraq ki, onların arasında 12 yaş fərq var, uşaqlar eyni dəst-xətt və möhürlə qeydiyyata alınıb ki, bu konsulluq sənədinin bu hissəsinin saxta olduğunu açıq şəkildə göstərir.
İndi isə gələk Yasin Hüseynzadənin qatlanan “AK-47” avtomatına. Azərbaycan səfirliyinin təhlükəsizlik xidmətinin əməkdaşının dediyinə görə, silahın seriya nömrəsi dəyişdirilib və onun yeganə aydın hissəsi “N-----12067” seriya nömrəsidir. Bu silah İranın silahlı qüvvələrinə aid deyil, lakin bu seriya nömrəsi 2019-cu ildə Lorestan Polis Dairəsinin İctimai Təhlükəsizlik Komandanlığı tərəfindən alınıb və ən azı 2022-ci ilin mart ayına qədər Zəncan vilayətində polis tərəfindən tapılan silah və sursat anbarında saxlanılıb.
Bəs həmin silah Yasin Hüseynzadənin əlinə necə keçib?
Bu, İranın təhlükəsizlik və hüquq-mühafizə orqanlarının cavab verməli olduğu sualdır. Lakin bu sualın reallığa yaxın olan mümkün cavabı İslam Respublikası polisindəki sistemli korrupsiya da ola bilər. Belə ki, bugünədək İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən qadağan olunmuş məhsulların satışı ilə bağlı çoxlu məlumatlar yayılıb: Peyk antenlərindən tutmuş alkoqollu içkilərə və narkotiklərə, hətta silahlara qədər.
Qayıdaq səfirliyə hücum faktına. Bir ölkənin səfirliyinə silahlı hücum istənilən halda terror aktı sayılır. Təcavüzkarın SEPAH-la keçmiş əməkdaşlığını nəzərə alsaq, o zaman baş verənləri “dəqiq və planlı əməliyyat” hesab etməliyik.
Təhlükəsizlik orqanları burada ailə mübahisələri, ailədaxili münaqişə versiyasından istifadə edib və bundan Azərbaycan Respublikasının səfirliyinə hücumun pərdələnməsi üçün yararlanıb. Digər tərəfdən hücum edənin silahı ilə bağlı məlumatlar da hökumət tərəfindən təşkil olunmuş terror aktı fərziyyəsini daha inandırıcı edir. Və burada İran ilə Azərbaycan Respublikası arasında, xüsusən də İsraillə münasibətdə mövcud olan fikir ayrılıqları da nəzərə alınmalıdır.