Azərbaycan XİN İrandakı səfirliyimizə silahlı hücumla bağlı növbəti AÇIQLAMA YAYDI / YENİLƏNİB, VİDEO, FOTOLAR

27/01/2023 - 17:36

“Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən xain terror aktını qətiyyətlə pisləyirik”.

Qafqaz.media xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə tviterdə yazıb.

“Biz bu qanlı aktı törədənlərin aşkar edilərək ən ağır şəkildə cəzalandırılmasını tələb edirik. Şəhid olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananlara şəfa diləyirik”, - o bildirib.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.

Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.

*** 10:43

"Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub".

Qafqaz.media xəbər verir ki bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Məlumata görə, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.

Hazırda bu xain hücum üzrə araşdırma gedir.

Məsələnin təfərrüatı barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

Allah şəhidimizə rəhmət eləsin!

*** 10:26

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum - ÖLƏN VƏ YARALANANLAR VAR / VİDEO, FOTOLAR

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub.

Qafqaz.media “Caliber”ə istinadən xəbər verir ki, basqın nəticəsində diplomatik nümayəndəliyin mühafizəçisi Orxan Əsgərov həlak olub.

Hadisə nəticəsində bir nəfər yaralanıb.