Britaniya DİN-in işdən çıxarılan sabiq rəhbəri baş naziri tənqid etdi – SİYASİ QALMAQAL
Bazar ertəsi baş nazir Rişi Sunak tərəfindən vəzifəsindən azad edilən Böyük Britaniyanın daxili işlər naziri Suella Braverman hökumət başçısını kəskin tənqid edib.
Braverman X sosial şəbəkəsi üzərindən baş nazirə yazdığı məktubda onu yalan danışmaqda, qətiyyətsizlikdə və krallığın maraqlarını qoruya bilməməkdə ittiham edib.
"Mən mübahisə etdim ki, nifrət yürüşlərini qadağan etmək və artan irqçilik, terrorizmi tərifləmək və cəmiyyətin birliyini təhdid edən hədə-qorxu axınını dayandırmaq üçün qanun qəbul etməliyik. Bu, Britaniya tarixində dönüş nöqtəsidir. Və ölkə son 20 ildə görünməmiş miqyasda radikallaşma və ekstremizm təhlükələri ilə üz-üzədir. Təəssüf edirəm ki, cavabınız qeyri-müəyyən, zəif olub və ölkəmizə lazım olan liderlik keyfiyyətlərinin olmadığını nümayiş etdirmisiniz. Ətrafınız həftələrlə mənimlə mübahisə etdi, məni inandırdı ki, qanunvericiliyin dəyişdirilməsinə ehtiyac yoxdur”, - deyən Braverman yazır ki, Sunak özü üçün siyasi riskləri minimuma endirmək məqsədilə digər mühüm məsələlərdə qərar verməkdən yayınır.
Keçmiş nazirin sözlərinə görə, 2022-ci ilin payızında Sunak ona daxili siyasət məsələlərində sərt kursa riayət edəcəyinə, həm qanuni, həm də qeyri-qanuni miqrasiyanı məhdudlaşdıracağına və bunun üçün lazım olan hər şeyi edəcəyinə dair yazılı təminat verib. Braverman bildirib ki, hökumət başçısı 2019-cu ildə hakim Mühafizəkarlar Partiyasının “həm lazım olanı etmək istəyi, həm də Britaniya xalqı qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətinin olmaması” səbəbindən onun etibarına zərbə vurub.