Cahana sığmayan şair...-Fuad Biləsuvarlı yazır

27/12/2024 - 09:01

Ağlım kəsəndən bu ifadəni eşidən kimi yada İmadəddin Nəsimi düşür. Şeir-sənət zirvəsinin fövqündə dayanan, dərisi soyulan İmadəddin Nəsimi.

Taleyi çox qəmli yazılmış Nəsimi sözə-sənətə çox yüksək qiymət vermiş, sözlə nadir incilər yaratmışdır. Öz dövründə şair, mütəfəkkir, klassik şərq fəlsəfəsinə və ədəbiyyatına yaxından bələd olmuşdur. Üç dildə - Azərbaycan, fars və ərəb dillərində yazdığı şeir və qəzəllər ona solmaz şöhrət qazandırmışdır. Bu şöhrət o qədər güclü idi ki, şair özünü göyün yeddinci qatında hiss edirdi. 

Məndə sığar iki cahan
Mən bu cahana sığmazam...

Neçə əsrlərdir bu məşhur misralar dillər əzbəridir.

Özünün yaxın silahdaşı, müəllimi, olan Nəimi sənətindən bəhrələnən Nəsimi belə bir mühitdə yaşayıb- yaratmışdır. Sonradan müəllim və əqidə dostu Fəzlullah Nəiminin qızı ilə ailə həyatı qurmuşdur. Qismətində didərginlik də varmış.

Ciddi təqiblərə məruz qalan şair Suriya, Türkiyə, İraq kimi ölkələrdə belə bir həyat keçirmişdir. Nəsiminin yazdığı qəzəllər ona daha çox şöhrət qazandırmışdır. Bu qəzəllərin ana xəttini saf məhəbbət, uca eşq, sədaqət təşkil edir. Yazdığı qəzəllər içərisində " Neylərəm" qəzəli daha çox rəvan, axıcı olması ilə diqqəti çəkir.

-Dilbəra, mən səndən ayrı təndə canı neylərəm
Malı-mülkü təxti-tacı xanımani neylərəm.

Nəsimi dövrünün böyük şairlərindən biri olmaqla, şeir və qəzəlləri şərq aləmində geniş yayılmışdı. Nəsimi həmişə sevilən- seçilən qüdrətli söz ustası kimi tanınmışdır. Neçə illərdir ki, onun adı söz sənətinin zirvəsində qərar tutmuş şair mütəfəkkirlərlə bir sırada çəkilir. Nəsimi haqqında o vaxt ulu öndər Heydər Əliyevin təklifi ilə Xalq yazıçısı İsa Hüseynovun (Muğannanın) ssenarisi əsasında “Nəsimi” filmi çəkilmişdi. Filmin rejissoru Həsən Seyidbəyli olmuşdu. Nəsimi rolunu xalq artisti Rasim Balayev çox böyük məharətlə oynamışdı. Xalq şairi Qabil ona həsr olunmuş poema yazmışdı.
Dövlət başçısı cənab İlham Əliyev " Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalamış, Azərbaycanda 2019-cü il "Nəsimi ili" elan olmuşdur.
Bu, mütəfəkkir şairin ölməz yaradıcılığına verilən yüksək qiymətdir.
Sənətdə sözünü deyənlərin yeri zirvələr olur. İmadəddin Nəsimi kimi...

Fuad Biləsuvarlı,
AYB üzvü, Prezident mükafatçısı

Qafqaz.Media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Ərzin əşrəfi
21/12/2024 - 20:51
Rəşad Məcidin şeirləri
21/12/2024 - 19:11
Ərzin əşrəfi
21/12/2024 - 05:52
Ərzin əşrəfi
20/12/2024 - 07:43
Şahnaz Şahinin şeirləri
17/12/2024 - 05:24
Kuklaçıların bayram sovqatı
15/12/2024 - 10:20
Ailə sənin məbədindir
05/12/2024 - 23:42