"HADİSƏNİN “ŞƏXSİ ZƏMİNDƏ” BAŞ VERMƏSİ KİMİ SƏRSƏM AÇIQLAMALAR…” - ABP İrandakı səfirliyimizə qarşı terror hücumu ilə bağlı bəyanat verdi

27/01/2023 - 14:03

Xəbər verildiyi kimi, bu gün, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub.

Hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu "yararaq" mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

Azərbaycan Bütövlük Platforması (ABP) xain hücum nəticəsində Şəhid düşən vətəndaşımıza Allahdan rəhmət, yaralananlara cansağlığı diləyir.

ABP hesab edir ki, diplomatik nümayəndəliyimizə qarşı bu cür terror hücumu İrandakı molla rejiminin mahiyyətindən irəli gəlir:

“Şübhə yoxdur ki, Azərbaycan səfirliyinə qarşı bu xain hücumun arxasında birbaşa və ya dolayı şəkildə fars rejimi dayanır. Çünki İran rejimi və rejimdaxili qruların xəbəri olmadan belə bir terror aktı heç bir halda baş tuta bilməzdi. Polisin qorumalı olduğu binaya birisinin əlini-qolunu sallayaraq uzun namlı silahla çox rahatlıqla girməsi, eyni zamanda "hadisənin şəxsi zəmində baş verməsi" kimi sərsəm açıqlamalarla cinayətin və motivin elə ilk dəqiqələrdəcə gizlətmək cəhdi dediklərimizin bariz sübutudur.

Bu səbəbdən, səfirliyimizə qarşı terror hücumunun bütün məsuliyyəti fars rejiminin üzərindədir”.

Azərbaycan Bütövlük Platforması bəyan edir ki, Azərbaycanın diplomatik nümayəndəliyinə qarşı bu cür terror hücumu Birləşmiş Mİllətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasına çıxarılmalı, bu cinayətin arxasında duran rəsmi və qeyri-rəsmi şəxslər barəsində beynəlxalq müstəvidə hüquqi tədbirlər görülməlidir.

Qafqaz.media