“İsgəndər Həmidov MTN-nin istintaq fəaliyyətinə kobud müdaxilə etmişdi...” - MÜSAHİBƏ

19/11/2024 - 10:23

Taryel Əliyev: “Həmin vaxt MTN-ə və Respublika Prokurorluğuna rəhbərlik edən şəxslərin dişsizliyi səbəbindən, məsələnin həllinə Əbülfəz Elçibəy vasitəsilə nail olmaq istəmişdim”

“Təəssüf ki, Elçibəyin məsələyə münasibəti də digərlərindən fərqlənmədi...”

“Hürriyyət”də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Xüsusilə mühüm işlər üzrə baş müstəntiqi, MTN Akademiyasının keçmiş fakültə rəisi Taryel Əliyevin müsahibəsini dərc etmişdik. Ölkəmizdə və regionda baş verən siyasi proseslərin müzakirəsinə həsr olunan müsahibədə T.Əliyevin səsləndirdiyi bir sıra fikirlər oxucularımızın ciddi marağına səbəb olmuşdu. Lakin mövzu geniş olduğundan bəzi suallar cavabsız qalmışdı. Odur ki, oxucularımızı düşündürən həmin sullara cavab almaq üçün yenidən Taryel Əliyevə müraciət etdik.

- Ötən müsahibəmizdə xarici siyasətlə bağlı bir sıra sualları cavablandırmaqda maraqlı görünmədiniz. Amma bu gün regionda baş verən bəzi siyasi proseslər hələ də cəmiyyətimizə qaranlıq qalır. Məsələn, belə fikirlər var ki, Azərbaycan Qərbdən üz döndərib, tamamilə Rusiyaya meyllənir. Bu haqda Siz nə düşünürsünüz?

- Hamıya məlum olduğu kimi, Azərbaycan Respublikası balanslaşdırılmış və kifayət qədər uğurlu xarici siyasət həyata keçirir. Şəxsən mən xarici siyasətimizin uğurlarını görürəm və hərtərəfli dəstəkləyirəm. Azərbaycan Respublikasının Prezidenti, möhtərəm İlham Əliyev regionda baş verən bütün prosesləri diqqətlə izləyərək, xarici siyasətdə böyük uğurlara nail olmuşdur. Bildiyimiz kimi, siyasətdə daimi dostluqlar yoxdur, daimi maraqlar var. Azərbaycan Respublikası da öz maraqlarından çıxış edib, xarici siyasətdə lazım gələn addımları atır. Cəmiyyətdə Qərbdən tamamilə üz döndərib, Rusiyaya meyllilik yaranması barədə fikirlər həqiqəti əks etdirmir. Sadəcə, hazırda Azərbaycanda həyata keçirilən COP-29 tədbiri ilə əlaqədar bəzi dövlətlər və siyasətçilər Azərbaycana qarşı qarayaxma kampaniyası aparmağa başlamışdır və növəti dəfə ikili siyasətin şahidi oluruq. O baxımdan, istər dövlət başçısı, istər xarici siyasətlə bilavasitə məşğul olan strukturlar və şəxslər bu məsələlərə lazımi reaksiyalarını bildiriblər. Məlumdur ki, dünya çapında Qərb və ABŞ bir tərəfdə, Rusiya isə digər tərəfdə, öz təsir dairələrini saxlamağa və genişləndirməyə çalışırlar. Azərbaycanın da nə tam Qərbpərəst, nə də tam Rusiyapərəst mövqe tutduğunu söyləmək düzgün deyildir.

Yeri gəlmişkən, COP-29 ən yüksək səviyyədə təşkil olunmuşdur, uğurla həyata keçiriləcəyi və Azərbaycana böyük fayda gətirəcəyi şübhə doğurmur.

- Demək istəyirsiniz ki, Qərblə münasibətlər tam normaldır?

- Dəfələrlə deyildiyi kimi, Azərbaycanın Qərblə çox böyük iqtisadi əlaqələri vardır. Qərb insan hüquqlarına, cəmiyyətin demokratik inkişafına böyük dəyər verir. Qərblə münasibətləri normal saxlamaq bizə olduqca vacibdir. Qeyd etdiyimiz kimi, Azərbaycan Respublikasının xarici siyasəti Prezident və müvafiq dövlət orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının uğurlu xarici siyasət həyata keçirməsi üçün əlverişli şərait yaratmaq vəzifəsi Azərbaycan Respublikasının Xarici kəşfiyyat xidmətinə məxsusdur. Təbii ki, hansı anda hansı qərarlar vermək və hansı fikirlər bildirmək həmin orqanlar tərəfindən əldə olunmuş məlumatlar əsasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətinə aiddir. Məsələlərə münasibət strateji hədəflərə uyğyn olaraq, düzgün taktika ilə bildirilir. Beynəlxalq vəziyyət dinamikdir, tez-tez dəyişir, xarici siyasətdə çeviklik böyük önəm daşıyır. Təkrarçılıq olsa da, bir daha deyilməlidir ki, bütün bu məsələlər uğurla və dəqiqliklə həyata keçirilir. Burda məni narahat edən başqa bir məsələ var. Bir sıra siyasətçilər, politoloqlar, geopolitiklər yerli-yersiz Qərb dövlətlərinə qarşı kəskin ifadələr işlədir, çıxışlar edirlər. Hansı ki, bu şəxslərin əksəriyyətinin Qərblə əlaqələri, orada əmlakları var, uşaqları “bəyənmədikləri” Qərbin ali təhsil müəssisələrində oxuyurlar, özləri müalicə və istirahət üçün Qərb ölkələrinə gedirlər, Qərbin geyim əşyaları və brendlərindən istifadə edirlər. Şəxsən mən, xoşa gəlmək üçün yerli-yersiz Qərbi “top atəşinə” tutan bu cür şəxslərin səmimiyyətinə inanmıram.

- Yəni bu çıxışların bir çoxu Rusiyaya yarınmaq məqsədi daşıyır?

- Rusiya bizə kifayət qədər tanış ölkədir. Biz 200 ilə yaxın bu imperiyanın müstəmləkəsi olmuşuq. Keçmişdə Rusiyanın bizə yaratdığı problemləri yaşlılardan eşidib, kitablardan oxumuşuq. Müstəqillik yolunda atılan addımlar zamanı və müstəqillik dövründə yaradılmış problemlərin canlı şahidiyik. Biz azad və müstəqil inkişaf etmək istəyirik. Rusiyanın və Qərbin maraqlarının toqquşduğu digər ölkələri, nümunə kimi Şimali və Cənubi Koreyanı misal gətirə bilərik. İnsanların həyat səviyyəsini, iqtisadi inkişafı və bütün digər parametrləri müqayisə etsək, Rusiyanın xeyrinə hər hansı bir arqument gətirmək mümkün deyil. 1950-ci illərdə bir tərəfdə keçmiş SSRİ, yəni faktiki olaraq Rusiya, digər tərəfdə isə ABŞ, Koreya yarımadasında mübarizə aparmışlar. Düzdür, müharibə oldu, insanlar öldü, kifayət qədər humanitar problemlər yaşandı. Nəticədə eyni millətə məxsus 2 ayrı dövlət yarandı – SSRİ-nin təsirində olan Koreya Xalq Demokratik Respublikası və ABŞ-ın təsirində olan Koreya Respublikası. Hazırda Koreya Respublikasındakı həyat səviyyəsi ilə şimaldakı KXDR arasında dərin bir uçurum vardır. Koreya Respublikasının ÜDM-i şimal qonşusundan təxminən 70 dəfə, adambaşına düşən ÜDM isə 35 dəfədən çox artıqdır. “Samsunq”, “Hyundai”, “Kia” və dünyaca məşhur yüzlərlə digər brendlər bir tərəfdə, aclıq, səfalət, əmək koloniyaları isə digər tərəfdədir.

Rusiyanın təsir dairəsində olan digər ölkələrdə – Anqola, Konqo, Venesuela, Kuba, Suriya kimi dövlətlərdəki iqtisadi və sosial vəziyyət hansı inkişaf yolu tutacağımıza və tutmalı olacağımıza dair konkret istiqamət verir.

- Amma fakitiki olaraq Rusiya adlarını sadaladığınız dövlətlərlə yanaşı, post-sovet ölkələrini də öz təsirindən buraxmaq istəmir. Belə olduğu halda, biz necə dediyiniz yolu tuta bilərik?

- Hamıdan üzr istəyərək, kobud olsa da bir misal çəkəcəm. Təsəvvür edin ki, arvadına pis baxan, yedirməyən, geydirməyən, döyən, söyən bir şəxs boşanır. Bu qadın yenidən ailə qurmaq istəsə, əvvəlki “kişi” ona hər vasitə ilə mane olur, öz xoşbəxt həyatını qurmağa imkan vermir, hətta vurub öldürür. Yəni Rusiyanın davranışı həmin bu “kişi”yə bənzəyir. Biz bir yerdə yaşamışıq, görmüşük, yaxşı bir həyatımız olsaydı, niyə müstəqillik uğrunda mübarizə aparırdıq?! Dünyada federasiya şəklində xoşbəxt, firavan yaşayan xalqlar azdır? Lakin, hesab edirəm ki, üç Pribaltika respublikası istisna olmaqla, yerdə qalan digər keçmiş müttəfiq respublikaların, hazırkı müstəqil dövlətlərin Rusiyanın təsirindən tam yaxa qurtaracağı yaxın perspektivdə mümkün görünmür. Rusiya rəsmilərinin və hətta qeyri-rəsmilərinin mütəmadi olaraq müstəqil dövlətlərin bostanına daş atdığının, hədə-qorxu gəldiyinin şahidi oluruq. Bu ölkələrin heç də hamısı Azərbaycan Respublikası kimi balanslaşdırılmış xarici siyasət aparmağa nail ola bilməmişdir. Bunun nəticəsinin ən bariz nümunəsi hazırda Rusiya və Ukrayna arasında aparılan müharibədir. Ukraynanın son illərdəki siyasəti Rusiyanın əlinə əsassız bir bəhanə vermiş oldu. Harada Qərbmeylli qüvvələrin hakimiyyətə gəlişi hiss olunursa, Rusiya öz emissarlarını həmin ölkəyə göndərir. Qonşu Gürcüstanda Mixail Saakşvilinin Qərbpərəst mövqe göstərməsinin nəticəsini görürük. Rusiyanın tapşırığı ilə Bidzina İvanişvili Gürcüstana gəldi, aktiv siyasətə qoşuldu və gürcü xalqına böyük populist vədlər verməklə hakimiyyəti ələ aldı. Başqa bir emissar Ruben Vardanyan da Qərbpərəst mövqe tutduğunu elan edən Paşinyan hökumətinə qarşı istifadə olunmaq üçün Rusiya tərəfindən keçmiş Dağlıq Qarabağa göndərildi. Məqsəd artıq tarixə qovuşmuş münaqişədən istifadə edərək, Vardanyanın əli ilə Paşinyanı devirmək idi. Lakin şanlı ordumuzun və hüquq mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində, o, hazırda Bakının yuxarı hissəsindəki binada təmiz hava qəbul edir. Yəni demək istəyirəm ki, Rusiya öz imperiya siyasətindən əl çəkməyincə, bu cür fəaliyyətin dayandırılacağını da zənn etmirəm. Hamımızın yadındadır, 2013-cü ildə Rusiya Azərbaycandakı növbəti prezident seçkiləri ərəfəsində bizə qarşı da belə bir addım atmış, “Milyarderlər ittifaqı” adlı bir qurum yaratmışdı. Lakin möhtərəm İlham Əliyevin “nöqtə atışı” ilə həmin ittifaqdan Azərbaycana qarşı istifadənin qarşısı alındı.

- Hesab edirsiniz ki, balanslaşdırılmış siyasətimiz bizi Rusiyanın təxribatlarından qoruyacaq?

- Balanslaşdırılmış siyasətin alternativi yoxdur. Bu siyasətlə biz nəinki  uzun müddət Rusiyanın təsirindən qoruna bilərik, həm də Qərb ölkələri ilə əlaqələri genişləndirərik. Lakin vacib olan odur ki, Rusiya özü də imperialist siyasətindən əl çəksin. Yoxsa nə zamansa, hansısa bir bahanə ilə bizə növbəti problemləri yarada bilər. Burada İvan Krılovun uşaqlıqdan oxuduğumuz “Qurd və quzu” təmsilinin süjeti indi yaşana  biləcəklərin dəqiq izahını verir. Rusiya üçün hansısa bir dövlətə  problem yaratmağa bəhanə tapmaq asandır.  

- Yeri gəlmişkən, Azərbaycan vətəndaşı olan bəzi rəsmi və qeyri-rəsmi şəxslər Gürcüstanda keçirilən parlament seçkiləri zamanı İvanişvilinin komandasına dəstək verdiklərini elan etdilər. Cəmiyyətdə isə belə bir fikir var ki, bütün bunlar Rusiyanın təsiri ilə baş verib...

- Azərbaycan hakimiyyət orqanlarının Gürcüstanın hazırkı hakimiyyəti ilə münasibətləri hazırda çox yüksək səviyyədədir. Lakin bu, həmişə belə olmamışdır. Bidzina İvanişvili 2012-ci ildə hakimiyyətə gəldikdən dərhal sonra Azərbaycan Respublikasının əleyhinə bir çox ciddi fikirlər bildirmişdir. Xüsusən, onun Bakı-Tiflis-Qars dəmiryolunun rentabelli olmayacağı və gələcəkdə tikintinin dayandırılacağı ilə bağlı mənafeyimizə uyğun olmayan çıxışları da vardı. Lakin 2012-ci ilin dekabr ayında Azərbaycan Respublikasına səfəri zamanı möhtərəm Prezidentimiz ona, necə deyərlər, fəlsəfənin əsas məsələsini başa saldı. Həmin görüşdən dərhal sonra Bidzina İvanişvili qeyd olunan fikirlərin tələsik verilmiş bəyanat olduğunu açıq etiraf etdi. O da Azərbaycanın Cənubi Qafqazda lider ölkə olduğu ilə barışdı və sonrakı münasibətlər əhəmiyyətli dərəcədə yaxşılaşdı.

Mən Azərbaycan hakimiyyətinin Gürcüstandakı seçkilərə nə dərəcədə kömək etdiyini deyə bilmərəm. Lakin bu kömək olunubsa belə, Rusiyanın təsiri ilə ola bilməzdi. Hesab edirəm ki, Azərbaycan hakimiyyətinin Gürcüstana dost münasibətinin əsasında, digər məsələlərlə yanaşı, torpaqlarımızın azad edilməsu uğrunda 44 günlük müharibə zamanı rəsmi Tiflisin ortaya qoyduğu mövqe durur. Bəlli olduğu kimi, həmin vaxt Gürcüstan öz ərazisi ilə Ermənistana silah daşınmasına imkan verməmişdir.

İndi bəzi Rusiyapərəst mövqe göstərən şəxslərin hər halda yadından çıxmışdır ki, əvvəllər olduğu kimi, 44 günlük müharibə dövründə də Rusiya Ermənistanı silahlandırmağa davam etmişdir və Gürcüstan öz ərazisini bağlamasından sonra həmin silahlar Türkmənistan və İran ərazisindən keçərək Ermənistana çatdırılmışdır.

Digər tərəfdən, sizin də qeyd etdiyiniz vacib bir məqamı vurğulamaq istəyirəm ki, Azərbaycan Respublikasının bəzi vətəndaşları seçki öncəsi Gürcüstana getdiklərini və hakim partiyanın xeyrinə təbliğat apardıqlarını həm mətbuatda, həm də sosial şəbəkələrdə aşıq-aşkar etiraf edirlər. Bəziləri isə bir az da qabağa gedərək, bunu Azərbaycan Respublikasının mənafeyi üçün etdiklərini, bu barədə onlara müvafiq tapşırıq verildiyini bildirirlər. Fikrimcə, bu cür bəyənatlar düzgün deyil, həmin adamları Gürcüstanın daxili işlərinə qarışmaqda günahlandıra bilərlər. Hesab edirəm ki, Avropa İttifaqı və ya ABŞ Gürcüstandakı seçkilərlə bağlı hansısa sanksiyalar tətbiq edəsi olsa, biz bu adamların adlarını həmin sanksiya siyahılarında görəcəyik.

- Gürcüstandan söhbət düşmüşkən, hökumət rəsmiləri seçkidən sonra Qərbə inteqrasiya xəttinə sadiq olduğunu bəyan etdi. Sizcə, bu, etirazçıları sakitləşdirmək üçün ortaya atılan bir siyasi gediş idi, yoxsa Gürcüstan həqiqətən də Rusiyanın nəzarətinə keçməyib?

- Mən o bəyanatları taktiki gediş kimi qəbul edirəm. 2023-cü ildə Avropa Komissiyası Aİ-yə inteqrasiya üçün Gürcüstan qarşısında konkret 9 şərt qoymuşdu. Həmin şərtlərin, demək olar ki, heç biri yerinə yetirilmədi. Gürcüstan hakimiyyətinin Avropaya inteqrasiya barədə bəyanatları elə öz daxillərində də ziddiyyətlə qarşılanır. Qeyd etdiyiniz bəyanatla bərabər, digər rəhbər şəxslər Gürcüstanın Avropa yoluna əsas maneə kimi görünən xarici təsirin şəffaflığı və LGBT-nin təbliğatına qadağa qoyulması barədə qanunları ləğv etməyəcəklərini bildirdi. Ona görə, Gürcüstanın hökumət rəsmiləri Avropaya inteqrasiya xəttinə sadiq qaldıqları haqda bəyanatı ilə həm avropalı siyasətçiləri sakitləşdirməyə, həm də müxalif cəbhədən kimlərisə öz tərəflərinə cəlb etməyə və parlamentin işə başlamasına nail olmağa çalışırlar.

- Sizcə, o halda Qərb niyə Gürcüstan müxalifətinin arxasında durmadı?

- Əvvəlki müsahibədə qeyd etdiyimiz kimi, İvanişvilinin komandası hakimiyyətə gəldikdən sonra yavaş-yavaş ölkənin Qərb qarşısında götürdüyü öhdəliklərdən boyun qaçırmağa başladı. Eyni zamanda, Saakaşvilinin özü uzun müddətdir müxətlif ittihamlarla həbsxana həyatı yaşayır. Qərb gördü ki, Gürcüstan müxalifətində sinəsini qabağa verə biləcək bir lider yoxdur. Və müxalifətin özü də seçkiyə vahid blok altında yox, 4 blokda birləşmiş siyasi partiyalar halında qatılmışdı. Yəni nə müxalifətin vahidliyi görünmürdü, nə də onu qabağa aparacaq lider yox idi. Bu ilin yazında Gürcüstan parlamenti tərəfindən qəbul olunmuş xarici təsirin şəffaflığı haqda qanuna etiraz aksiyaları zamanı Qərb Gürcüstan müxalifətinin real gücünü gördü. Yəni bu aksiyalar müxalifət üçün bir növ imtahan oldu. Qərb başa düşdü ki, bu vəziyyətdə mövcud müxalif qüvvələrlə hansısa bir real nəticəyə sahib olmaq mümkün deyil. Ona görə də seçkidən sonra Qərb müxalifətə kifayət qədər dəstək vermədi. Sadəcə, Gürcüstanın Avropa İttifaqına yolunun bağlanmasını elan edən bəyənatlar verməklə öz işini bitmiş hesab etdi.

- Tiflisdə yüzminlik mitinqlərin keçirilməsi Qərb üçün yetərli deyildi?

- Məsələ kəmiyyətdən yox, keyfiyyətdən gedir. Qərb gördü ki, yüz minlik mitinqlər keçirilməsinə baxmayaraq, müxalifətdə birlik və bu qüvvələri öz arxasınca apara biləcək vahid lider yoxdur.    

- Az əvvəl, uğurlu xarici siyasətin həyata keçirilməsi üçün əlverişli şərait yaratmaq vəzifəsinin Xarici kəşfiyyat xidmətinə məxsus olduğunu bildirdiniz. Belə anlaşılır ki, uğurlu xarici siyasətimiz həm də uğurlu kəşfiyyat xidmətindən asılıdır...

- İstinad etdiyimiz fikir “Kəşfiyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” və “Milli təhlükəsizlik haqqında” Azərbaycan Respublikası qanunlarının müddəalarına əsaslanmışdır. Şübhəsiz ki, Xarici İşlər Nazirliyi və digər əlaqədar orqanlarla yanaşı, Xarici kəşfiyyat xidməti də bu işdə mühüm vəzifələr daşıyır.

- Keçən dəfə də bildirdiniz ki, xarici siyasətlə bağlı fikir bildirmək istəmirsiniz. Amma müsahibələrinizdə kifayət qədər maraqlı fikirlər səsləndirmisiniz. O halda, niyə bu barədə danışmaq istəmirsiniz?

- Əvvəl də qeyd etdiyim kimi, Azərbaycan cəmiyyəti hazırda əsasən 2 yerə bölünmüşdür: xarici siyasət, beynəlxalq vəziyyət barədə çıxışlar edən politoloqlar, ekspertlər, geopolitiklər və “Baboş” kimilərini təbliğ edən şou-biznes nümayəndələri. İkincilər barədə ümumiyyətlə danışmaq, hansısa fikir bildirmək istəmirəm. Bu, bir zövq məsələsidir. Cəmiyyətin başı bu işlərə hədsiz dərəcədə qarışıb.

Birincilərə gəldikdə, deməliyəm ki, xarici siyasəti və beynəlxalq vəziyyəti ekspert səviyyəsində bilən, təhlillər aparan, proqnozlar verən kifayət qədər tanınmış və savadlı siyasətçilərimiz və aparıcılarımız vardır. Mən özüm də onlara mütəmadi və maraqla qulaq asıram. Lakin bu fikirləri hamısı barədə demək olmaz. Bununla yanaşı, şəxsən mənim fikrimcə, xarici siyasət və beynəlxalq vəziyyət barədə danışmaq, proqnoz vermək, fikir bildirmək asandır, təhlükəsiz və risksizdir, daxildə heç kimin adını çəkmirsən, fəaliyyətini tənqid və ya təftiş etmirsən, xətrinə dəymirsən. Ab-havanı tutursan, başlayırsan danışmağa, proqnozlar verməyə və s. Bu prqonozlar düz və ya səhv çıxa bilər, kimdir onların uçotunu aparan, araşdıran?! Misal üçün, Azərbaycanda oturub Rusiya-Ukrayna, yaxud İran-İsrail münasibətlərindən danışmaq hansı təhlükəni yarada bilər? Bir də görürsən ki, bir politoloq çıxıb Uqledarda, yaxud Avdeevkada aparılmış hərbi əməliyyatlar, hansı silahlardan istifadə olunması, hansı küçənin kim tərəfindən tutulması haqda uzun-uzadı fikirlər danışır. Eyni şeyləri İran-İsrail münasibətləri, yaxud digər münaqişələr, siyasi proseslər, tutaq ki, ABŞ-da keçirilən seçkilər və s. barədə də söyləmək olar. Düzdür, bu proseslərin hamısının Azərbaycana az-çox aidiyyəti vardır, lakin əhalinin başını bu qədər informasiya ilə doldurmağın əhəmiyyəti varmı?

Qeyd etdiyim kimi, bu çıxışları edənlər üçün heç bir risk və təhlükə yoxdur. Sadəcə, Rusiyapərəstlər Ukraynanın xeyrinə danışan təhlilçiləri, politoloqları söyür, təhqir edir, Ukraynapərəstlər də Rusiyanın lehinə danışanları və s.

Əlbəttə, Azərbaycanda heç də hər şey tənqid olunacaq vəziyyətdə deyil. Kifayət qədər uğurlar, inkişaf vardır. Lakin uğur və inkişafı tərifləyənlər həddən artıq çoxdur, hətta deyərdim orada da özünəməxsus inhisar və güclü rəqabət vardır. Eyni zamanda, Azərbaycanın daxilində xeyli həll olunmamış sosial, hüquqi problemlər də mövcuddur. Dövlətini və millətini sevən bir şəxs olaraq, inkişafımız üçün bu problemlərdən danışmağı tərcih edər və onların həllini arzulayardım.

Daxili problemlər barədə danışanda mütləq kiminisə, hansısa bir strukturun adını çəkməli olursan, hansısa vəzifəli şəxsin xətrinə dəyə bilərsən, kimsə onunla bağlı inciyər, məhkəməyə verə bilər, başağrısı olar və s. Azərbaycanda vəzifəli şəxslərin əleyhinə ancaq o zaman danışılır ki, o, vurulmuş olsun, yaxud vurulması planlaşdırılsın. Bu nöqteyi-nəzərdən daxili problemlərdən danışmaq xeyli təhlükəlidir və daha çox cəsarət tələb edir.

- Demək istəyirsiniz ki, Siz cəsarətli adamsınız?

- Bəli, mən kifayət qədər cəsarətli adamam.

- Sizin müstəntiq işlədiyiniz dövrdə Azərbaycanın o vaxtkı Prezidenti Əbülfəz Elçibəylə fikir mübadiləniz olduğu haqda məlumatımız var. Bu, necə baş verdi?

- Bu, fikir mübadiləsi deyildi. Həmin dövrdə Azərbaycanın daxili işlər naziri olmuş mərhum İsgəndər Həmidovun Milli Təhlükəsizlik Nazirliyinin istintaq fəaliyyətinə kobud və qanunsuz müdaxiləsinin nəticəsi olaraq yaranmış bir etiraz idi. Həmin vaxt MTN-ə və Respublika Prokurorluğuna rəhbərlik edən şəxslərin dişsizliyi səbəbindən məsələnin həllinə Əbülfəz Elçibəy vasitəsilə nail olmaq istəmişdim. Təəssüf ki, Elçibəyin məsələyə münasibəti də digərlərindən fərqlənmədi.

- Əbülfəz Elçibəylə hansı şəraitdə görüşmüşdünüz və Sizin etirazınıza reaksiyası necə oldu? 

(Ardı var)

Hurriyyet.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ