"Leopard", "Abrams" və "Challenger" tankları Ukraynadakı müharibənin gedişini dəyişəcəkmi?

03/02/2023 - 13:56

Qərb koalisiyası Ukraynaya müasir ağır tankları göndərmək qərarını qətiləşdirəndən sonra hərbi ekspertlər müharibənin gedişinə bunun necə təsir göstərəcəyi və Rusiya qoşunlarını Ukraynadan qovmağa kifayət edib-etməyəcəyi barədə fərziyyələrini səsləndirirlər.

BBC-nin müdafiə müxbiri Jonathan Beale-in hazırladığı bu material "Leopard" və "Abrams"ların Rusiya texnikasından üstünlükləri və yaz hücumunun perspektivləri barədədir.

Heç şübhəsiz, Qərb koalisiyasının Kiyevi ağır müasir tanklarla təmin etməklə bağlı, nəhayət ki, qəbul etdiyi qərar çox şeyi dəyişəcək.

Bəzi ekspertlər hesab edirlər ki, bu, cəbhədəki vəziyyətdə dönüş yarada bilər. Bəs müharibədə qalib gəlməyə necə, kifayət edərmi?

Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (ISS) baş elmi işçisi, Britaniya ordusunun keçmiş briqada generalı Ben Barry BBC-yə müsahibəsində deyib ki, Qərb tankları operativ situasiyada böyük irəliləyiş yaradacaq, amma bu, çətin ki, həlledici rol oynasın.

 

Tarix göstərir ki, təkcə tanklarla müharibəni udmaq olmaz.

Britaniya ilk dəfə 1917-ci ilin noyabrında - xəndək müharibəsinin Cambrai döyüşündə yaratdığı dalandan çıxmaq üçün yüzlərlə tankdan istifadə ediblər. Əvvəlcə əhəmiyyətli uğurlar əldə ediblər, amma tezliklə tankların çoxu sıradan çıxıb və Almaniyanın əks-hücumları Britaniyanın bütün uğurlarını alt-üst edib.

Tanklardan müdafiədə də istifadə edilə bilər. 1940-cı ildə Britaniya və Fransa orduları nasistlərin Arrasa hücumunu məhz tanklar vasitəsilə dayandırıblar və bu, Britaniya qoşunlarını Dunkirkdən təxliyyə etmək fürsəti yaradıb.

Amma Ukrayna açıq şəkildə bildirir ki, silah ona yalnız Rusiyanın potensial hücumunun qarşısını almaq üçün yox, həm də hücuma keçərək öz ərazisini geri almaq üçün lazımdır.

Ukrayna hücum əməliyyatlarında tanklardan necə istifadə edə bilər?

M1 Abrams və Leopard 2A5

ABŞ istehsalı M1 Abrams və Almaniya istehsalı Leopard 2A5 tankları Polşada təlimdə

Tankları uzunluğu 1000 km-dən çox olan cəbhə xətti boyunca səpələməyə dəyməz. Rusiyanın müdafiə xəttini yarmaq üçün Ukrayna öz qüvvələrini bəlkə də 5-20 kilometrlik bir ərazidə cəmləməli olacaq.

Britaniya Ordusunun Kraliyyət Tank Alayının keçmiş polkovniki Hamish de Bretton-Gordon deyir ki, irəliləyə bilmək üçün tankların sayı həqiqətən çox olmalıdır.

Adətən, zirehli tank briqadası genişmiqyaslı hücum əməliyyatında ən azı 70 tankdan ibarət olur. Bu baxımdan Bretton-Gordon Qərb istehsalı olan yüzdən çox tankın böyük fərq yarada biləcəyini deyir.

Ukraynanın daha çox tankı olsaydı, keçənilki kimi eyni vaxtda müxtəlif yerlərdən hücuma keçməyə cəhd edə bilərdi.

Ümumqoşun manevri əlavə dəstək tələb edir, ona görə də Böyük Britaniya Ukraynaya təkcə 14 “Challenger-2” yox, həm də qoşunların daşınması və qorunması üçün 30 ədəd özüyeriyən və zirehli artilleriya texnikası göndərir.

Sürətləri 40 km/saatdan çox olan “Challenger”, “Leopard” və “Abrams” tankları Rusiya istehsalı olan əksər tanklardan daha sürətlidir.

Bundan başqa, Qərb tankları Rusiya modellərindən təxminən 20 ton ağırdır. Əlavə zireh daha yaxşı qoruma təmin edir, amma bu həm də o deməkdir ki, onların tələsik tikilmiş və ya tez-bazar təmir edilmiş körpüləri keçməsi çətin olacaq.

Qəfil gecə hücumları

 

“Challenger” tank batalyonuna rəhbərlik etmiş Hamish de Bretton-Gordon deyir ki, Qərb istehsalı olan tankların əsas üstünlüklərindən biri gecələr döyüşə bilmək qabiliyyətidir. Standart komplektə gecəgörmə və termal görüntü kameraları da daxildir.

Rusiyanın yalnız “T-90” kimi müasir tankları gecə döyüşlərinə uyğunlaşdırılıb.

Ukrayna üçün ən böyük problem logistika olacaq – yəni yanacaq, sursat və ehtiyat hissələrinin fasiləsiz təchizatının təmin edilməsi.

İndi bu ölkə nəinki sovet dövründən qalma köhnə arsenalınının təhçizatı, həm də Qərbin verdiyi mürəkkəb silahların ehtiyyat hissələri haqqında narahat olmalıdır.

Almaniyanın “Leopard 2” tankı

Almaniya istehsalı olan “Leopard 2”. Bu ölkə ağır tankların istehsalı üzrə Avropada lideridir

Məsələn, Britaniyanın “Challenger 2” tankları “Leopard” və “Abrams” kimi NATO standartına uyğun kalibrlərdən istifadə etmir.

“Challenger” artıq istehsal olunmur və Britaniya ordusu onları təmir etmək üçün köhnə modellərin hissələrindən istifadə etməli olur.

Ben Barry deyir ki, ukraynalı mühəndislər “Leopard” və “Challenger”-lərdəki dizel mühərriklərini təmir edə bilərlər, amma Amerikanın “Abrams” tankı daha mürəkkəb qaz turbini olan mühərriklə işləyir və Almaniyanın “Leopard”ından təxminən iki dəfə çox yanacaq sərf edir.

Qərb koalisiyası verdiyi vədlərə əməl edərsə, Ukrayna silahlı qüvvələri yüzdən çox tank əldə edəcək. Amma bu, Ukrayna ordusunun Baş komandanı Valeri Zalujninin istədiyindən çox azdır.

O, keçən ilin oktyabr ayında demişdi ki, Ukraynanın 2023-cü ilə planlaşdırılan hücumu üçün əlavə 300 tank, 700 piyada döyüş maşını və 500 haubitsa lazımdır.

 

Ola bilsin, Zalujnı bunların yarısıyla kifayətlənməli olacaq.

Silahlardan istifadəyə hazırlıq da vaxt aparacaq – buna həftələr və hətta aylar lazım gələ bilər. Üstəlik, bu texnikaların Ukraynaya nə vaxt çatdırılacağı da bəlli deyil.

ABŞ xəbərdarlıq edib ki, 31 ədəd “Abrams”ın tədarükü bir neçə ay və hətta bir ilə qədər çəkə bilər.

Ukrayna müasir döyüş təyyarələriylə bağlı çoxsaylı müraciətlərinə də cavab gözləyir. Yerdə hücuma keçən ordunun hava dəstəyinə ehtiyacı olacaq.

Qərb liderləri ümid edirdilər ki, Ukrayna artıq bu ilin yazında hücuma keçə biləcək. Onların qənaəti budur ki, Rusiya orduya yeni qüvvələr səfərbər etməklə, darmadağın olmuş qüvvələrini bərpa etməklə və azalmaqda olan silah-sursat ehtiyatlarını artırmaqla məşğulkən yeni “fürsət pəncərəsi” yaranır.

Ukrayna müharibənin əvvəlində onun qabiliyyətinə şübhə edənlərin hamısına yanıldıqlarını sübut edə bilmişdi. Amma Rusiya qoşunlarını öz torpaqlarından qovmaq istəyirsə, ona Qərbin əlavə dəstəyi lazım olacaq.