Navalnının müttəfiqi evinin qarşısında hücuma məruz qaldı - VİDEO
Martın 12-də, axşam saatlarında Aleksey Navalnının müttəfiqi Leonid Volkov Vilnüsdəki evinin yaxınlığında hücuma məruz qalıb.
Qeyd edək ki, baş verən hücum nəticəsində onun qolu sınıb.
“Məndən “pirzola” hazırlamaq istədilər - bir kişi kəsici çəkiclə evin həyətində mənə hücum etdi, 15 dəfə ayağıma vurdu. Hazırda gəzə bilmirəm, amma sınıq yoxdur deyirlər. Qolum isə sınıb. Buna baxmayaraq, biz təslim olmayaq”, - deyə Volkov martın 13-nə keçən gecə “Telegram” kanalında yayımladığı videoda bildirib.
Volkovun sözlərindən belə çıxır ki, yalnız bir hücumçu olub. Hücumdan sonra o, xəstəxanaya aparılıb.
Litva prezidenti Gitanas Nauseda Volkova hücumu şərh edərkən bunun Kremlin təsiri altında baş verdiyini bildirib.
“Şübhə yoxdur ki, belə şeylər əvvəlcədən planlaşdırılıb... Belə şeylərin planlaşdırıldığı aydındır və buna təəccüblənmək lazım deyil. Amma mən açıq şəkildə bildirmək istəyirəm ki, hadisəyə qiymət veriləcək, araşdırma aparılacaq və ümid edirəm ki, cavabdehlər tapılacaq. Mən Putinə yalnız bir şeyi deyə bilərəm: burada heç kim sizdən qorxmur”, - Nauseda Fransaya səfəri zamanı deyib.
Volkova hücumu Litva polisinin “Aras” antiterror bölməsi araşdırır. Baş polis komissarının müavini Saulius Tamuleviçyus bildirib ki, istintaq baş verənlərlə bağlı bir neçə versiyanı nəzərdən keçirir.