NAXÇIVAN HAKİMİYYƏTİNDƏ ŞOK İSTEFA - Muxtar Respublikanın rəhbərliyində dəyişiklik baş verdi

05/10/2023 - 12:03

Azər Zeynalov Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini vəzifəsindən istefa verib.

Bu barədə "Report"un yerli bürosu məlumat verib.

Qeyd edək ki, A.Zeynalov 1970-ci ildə Naxçıvanda anadan olub. O, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin III, IV, V və VI çağırış deputatıdır.

Xatırladaq ki, Vasif Talıbovun MR Ali Məclisinin sədri vəzifəsindən istefa verməsindən sonra MR Konstitusiyasına uyğun olaraq, onun bütün səlahiyyətləri birinci müavin kimi Azər Zeynalova keçmişdi. Başqa sözlə, A.Zeynalov MR-in faktiki rəhbəri idi. 

 

V.Talıbovun ən yaxın, sadiq adamlarından biri kimi, A.Zeynalovun da istefaya göndəriləcəyi və hətta məsuliyyətə cəlb olunacağı barədə gözləntilər aylardır özünü doğrultmurdu. Hətta artıq belə fikir formalaşmışdı ki, növbəti və ya növbədənkənar seçkilərədək Azər Zeynalov bu postda qalacaq. Bu baxımdan A.Zeynalovun bu gün istefa verməsi bir qədər gözlənilməz gedişatdır. 

Bu istefa 2 səbəblə izah oluna bilər. 

Birincisi, A.Zeynalov çox ciddi səhvə yol verib və vəzifədə qalmasını mümkünsüz edib. 

İkincisi, A.Zeynalovun yerinə gətirmək üçün hansısa namizədin üzərində yekun konsensus var. 

Onu da qeyd etmək yerinə düşər ki, son vaxtlar A.Zeynalovun Naxçıvan və Bakıdakı daşınar və daşınmaz əmlaklarının üzərinə həbs qoyulduğu barədə məlumatlar var idi. İstefasından az sonra isə onun artıq həbs olunduğu barədə məlumatlar yayılmağa başlayıb.

Xatırladaq ki, Ali Məclisin sədri və ya müavinləri yalnız Ali Məclis deputatlarının arasından seçilə bilər. Yeni birinci müavin seçilməyəcəyi təqdirdə Ali Məclis sədrinin səlahiyyətləri sədr müavini Anar İbrahimova keçəcək.